Hafiz Məmmədovun son fotolarına baxanda, təbii ki, 6 günlük dustaq həyatının bir adamın xarici görünüşündə belə acınacaqlı izlər buraxa biləcəyinə inanmadım.
Yox-yox, bu illər öncə evində qonaq olduğum, Latviya səfərində tanımağa başladığım, Fransa səfərində haqqındakı təsəvvürlərimi bir qədər də dəqiqləşdirən adam deyildi. Çox güman, Hafiz bəy (yeri gəlmişkən, mən jurnalistikaya az qala dünən gələn istənilən həmkarımın onu ləqəbi ilə tanıtmasını, yazılarına “Hafka” belə gəldi”, “Hafka” elə getdi” tipli sərlövhələr seçməsini ikrahla qarşılayıram) hansısa ciddi xəstəlikdən əziyyət çəkir. Nə demək olar? Allah şəfa və güc versin ki, bir daha ayağa qalxa bilsin, onu bu vəziyyətə salanlarla hesablaşmaq imkanı olmasa belə, bədxahlarının adını açıqlasın. Ona görə açıqlasın ki, Azərbaycan vaxtilə milyonlar içində üzən, biznes sahələrinin sayı ilə öyünən bir adamın bu gün dövlətə borclu olduğu 865 min 200 manatı toplamaq üçün necə əsir-yesir qalmasının təfərrüatını öyrənsin.
Hafiz bəy bundan sonra mediaya hansı yöndə açıqlama verib-verməməyindən asılı olmayaraq, şəxsən mənim yaddaşımda yaxşı və …uduzmuş adam kimi qalacaq. Niyə yaxşı adam? Ona görə ki, vətənini sevməyən, onun xoş imicində maraqlı olmayan adam yenicə yüksəlişə başlayan “Atletiko”nun forması üzərinə “Land of fair Azerbaijan” yazdırmazdı, erməni məskəni Fransanın tanınan klublarından “Lans”ı almazdı, stadionunda üçrəngli bayrağımızı dalğalandırmazdı. Jurnalistlərə, futbol veteranlarına, ümumiyyətlə, istənilən azərbaycanlıya daim xoş münasibət göstərməsini, nəcibliyini faktlarla xatırlada bilərəm. Amma buna ehtiyac görmürəm; Hafiz bəyə məndən dəfələrlə yaxın olan, deməli, əməllərindən də xəbərdar adamlar, xüsusən də bu gün danışmağı lazım bilməyən, Məmmədovun milyonları hesabına mal-mülk, varidat yiyəsi olan futbolçular çoxdu.
Nə yazıq ki, Hafiz bəy bütün nəcib keyfiyyətləri, biznesmen bacarıqları ilə yanaşı, həm də uduzmuş adamdı. Və bu artıq onun sevimli “Bakı”sının, “Atletiko”sunun və ya “Lans”ının məğlubiyyətlərinə bənzəmir. Çünki elə yarış meydanında uduzursan ki, sənə məğlubiyyəti qələbəyə çevirməyə, turnir cədvəlində vəziyyəti düzəltməyə vaxt verilmir.
Mənə görə, Hafiz bəy ən böyük və ciddi səhvlərə kadr seçimində yol vermişdi. İstər futboldakı, istərsə biznesdəki idarəçiliyi bəzən elə adamlara tapşırırdı ki, bizim kənddə yaşlılar belələrinə heç qoyun sürüsünü etibar etməzdilər. Həqiqətin gözünə dik baxmaq lazımdı: “Bakı”nın bazasına toplaşan futbolçu-məşqçi heyəti, klub personalı zərrəcə düşünmədən onun pulunu göyə sovururdular, hər “transfer pəncərəsi”ndə onlarla yeni futbolçu gəlir və elə bir o qədəri də gedirdi, mənfi saldoda əksini tapan yüzmilyonlar Məmmədovun cibindən çıxırdı.
Təbii ki, belə yarıtmaz kadro şefinə doğru-düzgün məsləhət verə bilməzdi və Hafiz bəy şəriki-ortağı, nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərinin pozulmasına səbəb olan həlledici biznes qərarlarında tək və yanlış idi. Bir biznesmen ölkənin ən nüfuzlu (o vaxt üçün) və zəngin nazirlərindən biri ilə münaqişəyə, yolları ayırmağa qərar verirsə, əlindəki kartları dəfələrlə götür-qoy etməli, hara qədər gedə biləcəyini hesablamalıydı. Hafiz bəy iddiaları ilə imkanları arasındakı sərhədləri düzgün müəyyənləşdirə bilmədi, “delimitasiya” və “demarkasiya” prosesində çox tez-tez cizgiləri keçdi, bunun da məntiqi nəticəsi kimi nişangaha gəlməyə başladı.
Yanlış qərarlar təkcə biznesdə deyildi ki! Futbol, futbol, futbol… Azərbaycanda yalnız Prezidentin verə biləcəyi, istisnasız dar dairələrdə, qapalı məclislərdə dəqiqləşən qərarları ictimaiyyət önündə anons etmək, bu yöndə düşüncələrini həqiqət kimi qələmə vermək, hansısa mifik proqnozlar səsləndirmək, “AFFA-ya prezident gəlirəm” demək… Çox qısa müddətdə “Atletiko” və “Lans” ilə bağlı təşəbbüslər sayəsində ölkənin vitrininə çıxmış, diqqət mərkəzinə düşmüş bir adamın bütün bunlar nəyinə lazım idi? Ha fikirləşirəm, amma cavab tapa bilmirəm. Görünür, Hafiz bəy peşəkar, usta biznesmen olsa da, peşəkar siyasətçi deyilmiş. Azərbaycanda zirvə ilə zirzəmi arasında məsafənin gözlə görünəndən qısa olduğunu, hər qələbə simfoniyasının arxasınca çoxlu qəmli bayatıların səslənəcəyi ehtimalını da bilmirmiş…
Yaxşı və …uduzmuş, bu gün, təəssüf ki, həm də xəstə adam. Hafiz bəyin bu həyat sınağından üzüağ çıxmasını, qəddini dikəltməsini çox istərdim. Az-çox tanıdığım adam belə həzin sona layiq deyil. Bütün səhvlərinə və günahlarına baxmayaraq!




Fikirlərini bizimlə bölüş!