Dözümsüzlər

Mediada gedən məlumata görə, Azərbaycan milli futbol komandasının oyunçuları yeni italyan məşqçi Canni de Byazinin məşqlərinin ağır olmasından şikayətləniblər. Onlar dözə bilmədiklərini deyiblər. Bəli, illərlə niyə Azərbaycan futbolçusunun Avropada oynaya bilməməsi üzərində baş sındırırsınız. Bu da səbəbi. Bizim futbolda uşaq yaşlarından başlayaraq ta ki peşəkar komandalara qədər heç birində məşq sistemi düzgün qurulmayıb. Futbolçuların fiziki “naqruzkası”, dözümlülük məşqləri çox zəif olur. Yadımdadır, 16 yaşlılardan ibarət Ehtiyat Əmək Qüvvələrinin komandasında oynayanda bir gün məşqçiyə yaxınlaşıb fiziki məşqlərin az olduğunu, topla həddən çox məşq elədiyimizdən şikayət etdim. Məşqçi isə “əəə, taxtabaş, get futbolunu oyna” deyib məni geri qaytardı. Bax ona görə də bizdə topla oyun çıxaran nə qədər futbolçu desən tapmaq olar, amma xaricdə oynayacaq və ya xaricilərlə başabaş oynayacaq futbolçu tapmaq çətindir.

Dennis Berqkamp öz xatirələrində yazır ki, “Arsenal”a gələndə artıq ulduz idi və burada lider olacağını düşünürdü: Amma “Arsenal”da ilk məşqdən sonra öz avtomobilimə güclə çatdım. Məşqin ağırlığından az qala ayaqlarım tutulmuşdu”. Sürünə-sürünə avtomobilinə çatan Berqkamp o zaman məşqin ağırlığından şikayət etmədi. Bunun əksini düşündü, anladı ki, gərgin və ağır məşqlər olmasa o, geri qayıdacaq və Hollandiyanın ortabab klublarında baş girələyəcək.

Əfsanəvi Marko Van Basten də Berqkamp kimi “Ayaks”da parlamışdı və “Milan”a ulduz kimi gəlmişdi. Xatirələrində yazır: “Milan”da ilk məşqə çox özgüvənlə çıxırdım, Çünki, “Ayaks” və Hollandiya millisində əla mövsüm keçirmişdim. Lakin birinci məşqdə meydana ayaq basmışdım ki, Ariqo Sakki mənə yaxınlaşıb dedi ki, sən bu vəziyyətdə oynaya bilməzsən, fiziki cəhətdən artırmasan tezliklə səni evə göndərəcəklər. Bundan sonra Van Basten uzun müddət trenajor zalında və meydanda fiziki yükləmələri işləyər. Gerisi isə sizə məlumdur. Atəş SULTANOV

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.