Yenə Nəriman Axundzadə linç edilir. Ən pisi də odur ki, onun start heyətində çıxmasına görə “Qarabağ”ın “Atletik”ə uduzduğunu (1:3) iddia edənlər çoxdur.
Azarkeş (müştəri kimi) həmişə haqlıdır. Amma bu şablonu bir az zorlamışıq.
Nəriman tipik hücum futbolçusudur. Yəni əsl 9 nömrə. Hücumun sivri ucu və s. Onun futbolçu konfiqurasiyası haqda təhlil aparanda özlüyümdə verdiyim qərardır bu, lakin bu subyektivimi detallı izah etmişəm və həmişə də buna hazıram.
Bu tip oyunçular topla çox olmurlar. Onlar “vauu” effekti verən topsaxlama ilə fərqlənmirlər. O formatlı futbolçular daha çox düzgün mövqe seçimi, meydanın dərinliklərinə (ehtiyac və ya göstəriş olarsa) enib topu hücum fazasına gətirmək və ən əsası bitiricilik kimi funksiyalarla önə çıxırlar.
Nərimanda bunlardan hansı var, yaxud yoxdur – biz bunu təhlil etməliyik. Edə bilmiriksə, onda Qurban Qurbanov kimi baş məşqçinin seçiminə hörmətlə yanaşıb onun məntiqinin izinə düşməliyik. Bəlkə beynimizdəki suallara məzmunlu cavablar tapa bildik.
“Qarabağ”ın oyun fəlsəfəsində hücumun sivri ucu heç vaxt ən cazibəli nahiyə olmayıb. Tipik “9”lar bu komandada gah hücumun cinahlarına transformasiya olunublar, gah yarımmüdafiənin “dirijoru” rolunda və s. Qurbanovun komandası topu hücuma çatdırıb “9” və sağ-solu ilə xoşbəxtlik axtaranlardan deyil, topla rəqibin cərimə meydançasınadək nüfuz edib hamılıqla “hadisə törətmək” janrına üstünlük verənlərdəndir. Belə oyun üslubunda tipik yox, nominal hücumçular olur…
Belə halda biz “no name” hücumçu olan Nərimandan “qıçından hoqqa qayır” kimi tələbə cavab verməyini istəyirik.
İspaniyada Nərimanda yaxşı alınmadı, bu reallıqdır. Ancaq “Qarabağ”ın məğlubiyyətinin baiskarı o deyil, qələbəsi də bəlkə ən az ondan asılı idi.
“Atletik” adınalayiq şəkildə “atlılar” üzərində üstünlük qazandı. Çapılan, çapan, fərq…
Xüsusən, ikinci hissədəki əvəzetmələr mərkəz xətdəki üstünlüyün rəqibdə olması faktına dopinq verdi. Valverde köhnə qurddur, topu “Qarabağ”ın dayaq yarımmüdafiəsi zonasına daşıyıb orada məskunlaşmağı və həmlələrin “həmin düşərgədən” gerçəkləşdirilməsinə yönəlik əvəzetmələr, rotasiyalar və göstərişlərlə oyunu götürdü. Qurbanov gedişata əks həmlə etmədimi? – Leandro kimi oyunun ən fəalını çıxarıb yarızədəli Yankoviçi meydana buraxmaq sərrast həmlə idi, sadəcə “Atletik”ə qarşı çox tab gətirmək potensialı lazımi qədər deyildi. Son nəfəsədək döyüşə görə “atlılar”a rəğbət bəsləmək lazım, lakin bunadək bizimkiləri ən yaxşı oxuyan məhz Valverde oldu…
Gələk digər çox qınanan ada. Deyirlər, Toral həminki deyil. Bu, düzdür. İki il əvvəlki fiziki hazırlığı yüksək, topla rəftarı daha səhmanlı o Toral daha üstün idi. Lakin…
O, “Qarabağ”ın, elə millinin də ən istedadlı futbolçusudur. Bu, subyektiv fikirdir, ancaq datalara əsaslanan iddiadır. Toral atletik və texniki imkanlarına görə Avropa səviyyəli futbolçudur. Onun fiziki forması pikdə olsa, ən sürətli reydlər, ən dəqiq standart vəziyyətlər məhz onun aktivində olar. Toral qədər cinahlardan hücum fazasını topla “qidalandıran” yox idi…
O, öz üzərində daha çox çalışmalı, məsuliyyətini artırmalıdır. Bir sözlə, Elvin Cəfərquliyevdəki əzmkarlıqdan Torala arzulayaq…
Toral və Nəriman bircə dərk etsələr ki, hardadırlar, nə boyda imkanların səhnəsində olduqlarına hiss etsələr… Bu iki istedada sadəcə özünətəkan lazımdır.
Nəriman da, Toral da meydanda döyüşməyi işinin kredosu hesab etsə, hərəsinin hazırda gördüyümüz 2-3 qatını görə bilərik.
Biz Azərbaycan futbolunun pozitiv NONSENSİ olan “Qarabağ”ın iki çox böyük potensialı, pöhrəsindən danışdıq.
Bir az da güvənək, əzməyək. Güvənin ruha verdiyi güc bəzən əzilmişi, sıxılmışı belə hamıdan, hər şeydən çox böyüdür!




Fikirlərini bizimlə bölüş!