Mark Zukerberq əjdahadır. Bəlkə indilərdə biz onun yaratdığı “feysbuk” sosial şəbəkəsinin qədrini bilmirik, amma illər keçəcək, adamın nə böyüklüyündə iş gördüyünü dərk edə biləcəyik. İndi bir millətin düşüncə tərzini, baş verən gündəlik önəmli hadisələrə və hətta baş verməyən, verə biləcək olaylara cəmiyyətin yanaşma tərzini görmək, anlamaq, proqnoz vermək üçün xüsusi institutlar yaratmağa gərək yoxdur. “Feysbuk” güzgüdür və dostluğunda cəmiyyətin müxtəlif təbəqələrini, peşələrini əhatə edən insanlar varsa, hər şey çox gözəl görünür.
Azərbaycan Premyer Liqasının son turunda keçirilən “Neftçi" – "Zirə" oyunundan sonra “feysbuk”un Azərbaycan seqmentində toy-bayram idi. Mediada olan bəzi dostlar düşünürdü ki, "Qayıdış" başlığı ilə marş yazılmalı, bəzi yoldaşlar isə iddia irəli sürürdülər ki, "bir matçda 4 qol vurulubsa, bu, çempionatımızın İngiltərə Premyer Liqasından geri qalmadığının sübutudur". Samir Abasovun bərabərlik qolu zamanı sevincdən göyə tullanmasına yanaşmalar isə ümümiyyətlə, möhtəşəm idi. "Uçan holland" ifadəsinin əslində saxta olduğu, orijinal sahibinin Abasov olduğu haqda mülahizələr vardı. Bəzi dostlar Abasov havaya sıçrayarkən onun ayaqqabısının dabanı ilə qazon arasındakı məsafənin ölçülməsi üçün BDU-nun fizika-riyaziyyat kafedrasından mütəxəssislər cəlb olunmasının vacibliyini vurğulayırdı. Ən maraqlı isə futbol üzrə tanınmış ekspertlərdən ikisinin yanaşması idi. Biri deyirdi ki, "bu oyunu izləməyən dünya üzrə milyardlarla futbol azarkeşi var. Əslində, itirən onlar deyil, bizik. Bizik ki, belə bir çempionatımızın olduğu barədə haqq səsimizi duyura bilmirik".
Bir oyun haqqında bu qədər ciddi yanaşma, mülahizə, epizodların müzakirəsindən artıq yorulmuşdum. Fasilə verməyə ehtiyac yaranmışdı və tam telefonun ekranını söndürərkən "Nə oldu?" sualı ilə böyük başlıqlı titr gözümə sataşdı. Elə bildim dostumuz, vaxtı ilə köşəsi ilə bizi güldürən Emin Tarverdiyev işlətdiyi mağazanın yenə də borc yiyələrinə səslənir. Amma Emin deyildi. Sonra düşündüm, bəlkə, şəhid ailələrinin "qanpulu aksiyası"nı görməzdən gəlib, Londona – Zamirə Hacıyevanın şəklini çəkməyə fotoqraf göndərən baş redaktorun əməkdaşına şəkil gəlmədiyi üçün verdiyi sualdır. Amma yox! Diqqətlə baxdım, yuxarıda dediyim kimi, iki futbol mütəxəssisindən ikincisi bu səpkidə sual verib: “Nə oldu?” Bir az hamını intizarda qoyub, ikinci statusunu yarım saat sonra yarırus, yarıingilis, yarıazəri dilində yazıb ki, "deyirdiniz çempionatımız ölüb, maraqlı deyil, tribunalar boşdur. Nə oldu? Bu da oyun! 4 qol, uçan baş məşqçi. Hələ liderlə autsayderin görüşüdür eeee!"
Əzizim, qardaşım, dostum, həmkarım, "Neftçi" – "Zirə" matçı məni niyə həyəcanlandırsın ki? Tribunada üst-üstə 2000 azarkeş yox idi və mən məşqində 4000-ə yaxın azarkeşi olan "Xəzər Lənkəran" görmüş adamam. Siz hələ Bakının baş məbədinin Tofiq Bəhramov adına arena, yaxud BOS olduğuna tam qərar verməmişkən deyim ki, Bəhramovda keçirilən "boyuk oyun" a bir dəfə o qədər azarkeş gəlmişdi ki, matçdan sonra arenanın sağ tərəfindəki ağaclıqda "daş döyüşü" gedirdi. Həmin kadrlar bu gün də internet qaynaqlarında var və Bakının bəlkə də 1000-ə yaxın polisi bir-birinin üzərinə növbə ilə hücuma keçən azarkeşləri havaya atəş açmaqla güclə sakitləşdirdi. İndi o boş tribunalar önündə keçirilən oyun məni heç qıdıqlamır axı…
Üstəlik, "Neftçi" – "Zirə" görüşünün keçirildiyi arenaya çox yox, cəmi bir həftə əvvəl "Zirə" ev sahibi kimi çıxmışdı. Sən öl, adamı şit gülmək tutur. Əfəndilər, yapmayın! Ev sahibi, qonaq komanda kimi vacib amilin olmadığı çempionatın bir oyunu sizi doğrudanmı həyəcanlandırır? Samir Abasov ötən çempionat əlində olan Avropaya gediş biletini 5 oyun hərləyib-fırlayıb sonda "Neftçi"yə peşkəş edən adamdır. İndi istəyir uçsun, istəyir salto vursun, axı bu məni həyəcanlandıra bilməz.
1992-ci ildə 26 komanda, 20 fərqli şəhər-rayondan ibarət çempionat görən futbol azarkeşini 8 komanda, 6-sı paytaxt, 2-si fərqli şəhərdən ibarət çempionatla üz-üzə qoyublar və ildə bir dəfə "Neftçi" – "Zirə" matçı ilə həzz alması üçün az qala lazım olan “şey”in Əfqanıstandan, yaxud Kolumbiyadan gətirilmə vacibliyi adamı düşündürür. Çempionu məlum olması üçün tam neytral şəhərə 25.000 azarkeş toplayan bir ölkənin indi kubokunun qalibini izləməyə 1000 azarkeş gəlmir və bəzən şərhlərdə deyirlər "rejissorumuz rəqib azarkeşləri yaxından sizə təqdim etsə idi…" Qardaş, yoldaş, istəmirəm. 23 nəfər məktəbli azarkeşin dərs oxuması əvəzinə tribunada olması, hələ guya yaxşı edibmiş kimi lüt soyunması mənə zövq vermir axı. Ona görə, zaman keçdikcə bir daha dərk edirəm ki, Zukerberq qədər Elxan Məmmədov da dahidir. Elə bir sistem, elə bir işlək mexanizm qurub ki, getdikcə zombiləşir(ik)siz. Kara-Mircavadov, Rednik-Böyükağa Hacıyev qarşıdurmalarını görənlər indi Sənan Qurbanovun baxışlarına mədhiyyə deyir. Vaxt var idi Kaxaber Tsaxadzenin bir sözünə görə Yunis Hüseynov gürcünü divara sıxıb, yumruq atırdı. İndi isə Samir Abasovun gödəkçəsini çıxarıb maykada qalması bizə həyəcan verir. Mən hələ göyə sıçramasını demirəm.
Hə, bizi eynən məşhur "Evləri köndələn yar"da qəni-qəni rəhmətlik Səməndər Rzayev demiş, "dütdülü" ilə təbrik edib, ürək-dirək verirlər!




Fikirlərini bizimlə bölüş!