Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Əhməd kimi olun!

"Şərurspor” "Neftçi”nin qapısına iki dəfə qol vurmağı bacarıb. Birinci dvizionda ilk mövsümünü keçirən komanda üçün əla göstəricisidi. "Şərurspor”un gələcək planlarından xəbərdar deyiləm. Amma onu dəqiq bilirəm ki, "Neftçi”nin qarşısına böyük hədəflər qoyulub. Komanda bu il də olmasa, gələn il çempion olmalıdı. Bundan sonra da Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməklə Azərbaycan futbolunun tarixinə yeni səhifə yazmalıdı.

Mənim belə əmin-arxayın danışmağıma təəccüblənməyin. Əminliyi məndə "xalq komandası”nın Müşahidə Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev və klubun icraçı direktoru Elnur Məmmədov yaradıblar. Onlar "Neftçi”də hakimiyyəti ələ keçirdikləri ilk gündən bəri səsləndirdiyi iddialı və gurultulu açıqlamalarla bütün azarkeşləri ürəyində parlaq ümid işığı yaradıblar. Söz veriblər ki, gələn mövsüm "Neftçi” ölkə çempionatında fırtına kimi əsəcək, qızıl medalları heç kimə güzəştə getməyəcək. Daha sonra da uzun və incə Çempionlar Liqası yürüşü başlayacaq…

"Şərurspor”la oyunda meydana çıxan futbolçuların adlarına baxıram. "Qladiator” Erik Ramos, Aylton, Melli, Kau. Çatışmayan təkcə 34 yaşlı Miçal Peskoviçlə Rodrigesdi. Onlar da meydana çıxsaydı, Əsər Abdullayev əlinin altında olan bütün legionerlərdən "Şərurspor”a qarşı istifadə etmiş olacaqdı. Yaxşı yadımdadı, Bakıdakı mini-turnirin ilk günü baş tutan AZAL-la oyundan sonra komandanın idman direktoru Vəli Qasımov açıqlama vermişdi. Həmin açıqlamasında cənab Qasımov bildirmişdi ki, bu qarşılaşma mini-turnirdə "Neftçi”nin əsas heyət üzvləriylə meydana çıxdığı sonuncu oyun olacaq. Qalan görüşlərdə "ağ-qaralar” bütünlüklə gənclərdən qurulmuş heyətlə meydana çıxacaqlar. Verdikləri sözün arxasında dayana bilmədilər. Çünki aşağı dvizionun təmsilçilərinə uduzmaqdan, biabır olmaqdan çəkindilər. Əcnəbilərlə "zənginləşdirilmiş” heyət qalan 3 oyunda qapısından 4 top buraxdı, "Neftçala”yla oyunda qələbəyə həsrət qaldı. Bu komandanın gələn il çempion olacağını, Çempionlar Liqasında qrup mərhələsinə yüksələcəyi deyilir.

Əsgər Abdullayevin oyundan sonra verdiyi açıqlamaları oxuyuram. Qəliz cümlələrdən istifadə edir. Futbolçulara sadə oynamağı tapşırdığından, komandanı komplektləşdirməkdən, boşluqları tapmaq istəyindən söz açır. Birdəfəlik deyə bilmir ki, "Neftçi”nin legionerləri yararsızdı, oyunçu seçimi bərbaddı, bu futbolçularla böyük hədəflər uğrunda yarışmaq mümkünsüzdü. Bu heyətlə uzaqbaşı aşağı dvizion təmsilçilərinin qatıldığı turnirin qalibi olmaq, Premyer Liqada "Kəpəz”lə AZAL-ı qabaqlamaq üçün "savaşmaq” mümkündü. Niyə deyə bilmir?

Bir vaxtlar "Neftçi”yə Ukraynada Leonid Kalfa adlı hücumçu gəlmişdi. Meydana çıxanda dərhal digərlərindən fərqlənir, az qala hər oyunda qolları sıralayırdı. Həmin mövsüm çempionatda "at oynadan” "Kəpəz”in müdafiəçilərinin onu dayandırmaq üçün sillə-təpikdən belə istifadə etdiklərinə şahidəm. Amma rəhmətlik Əhməd Ələsgərov heç kimdən çəkinmədən "Kalfa Ukraynada zavod komandasında oynayırdı. Bu səviyyəli futbolçularla uzağa gedə bilmərik” demişdi. Hazırkı "Neftçi”nin legionerləri Kalfadan belə zəif görünür, komandaya onun qədər can yandırmırlar. Əsgər Abdullayev isə rəhmətlik Əhməd müəllim kimi ola bilmədiyinə görə həqiqəti deyə bilmir.

Qorxmayın, cənab Abdullayev. Tarixdə qəhrəmanlar qalır. Əhməd kimi olun!

Fikirlərini bizimlə bölüş!