Elxan Məmmədova qurban verilən futbol: UEFA-nın bəyanatı sıradan olay deyil

Elxan Məmmədova qurban verilən futbol: UEFA-nın bəyanatı sıradan olay deyil — illüstrasiya

Elxan Məmmədov AFFA-nın baş katibi, daha sonra icraçı vitse-prezidenti kimi Azərbaycan futbolunu məhv etmək üçün əlindən gələni etdi. Onun dövründə dövlətin top oyununa misilsiz qayğısından faydalanaq bu idman növünü ən yüksək səviyyəyə gətirmək əvəzinə, özünə xidmət edəcək kadrlar yetişdirdi, şirkətlər yaratdı, talamaq üçün mümkün olan hər şey etdi. İndi özü milyonçudur, əlaltıları da bu bulaqdan su içməyə davam edir.

Məmmədov ifşa olunaraq AFFA-dan uzaqlaşdırılmaq üzrə olduğu bir zamanda himayədarları onu Azərbaycandan qaçırtdı. SOCAR-ın məlum reklam müqavilələri və sair əməliyyatlar hesabına dostlar tapdığı FIFA-da ona qucaq açdılar. Elxan indi də Parisdə oturub və Azərbaycan futbolundan əlini çəkmir, bütün qalmaqalların, gözdənsalma olaylarının altından o çıxır. Pult yenə Məmmədovun əlindədir, buradakı əlaltıları lazım olanda xaos yaradır, lazım olanda özünü müxalifətçi kimi aparır.

Vəziyyət o qədər pisdir ki, yeni AFFA rəhbərliyi iki ildir Məmmədovun kadrlarını təmizləyib qurtara, nizam yarada bilmir, vaxtını daha çox buna sərf edir. Həlledici qərarlar veriləndə isə ortaya Elşad Nəsirov çıxır, klanın gücünü göstərir. U-20 bu səbəbdən Azərbaycan futbolunda muxtar respublika kimidir. Və beynəlxalq əhəmiyyətli bütün qərarları Məmmədovun ssenarisi ilə Nəsirov verir.

Bu cütlük, deyəsən, dövlət rəhbərliyini də növbəti dəfə aldatmağı bacarıb. Məmmədovun şəxsi maraqlarına görə bu gün AFFA ofsaydda qalmaq təhlükəsi ilə üz-üzədir. Canni İnfantinonun zədələnmiş imicinə mala vurq üçün Məmmədov bütün təcrübəsini səfərbər edib və bunun üçün hətta Azərbaycanı UEFA-da hədəfə gətirməkdən çəkinməyib. FIFA prezdentinin Azərbaycana son səfəri, keçirdiyi görüşlər də bu təbliğat kampaniyasının tərkib hissəsi imiş.

İndi bəlli olur ki, 15 yaşlılar arasında bu ay keçiriləcək dünya çempionatı və festivalı Azərbaycana hörmətin, sevginin nəticəsində verilməyib. Bu, sadəcə, İnfantinonun imicini düzəltməyə, bu yarışa gələcək ölkələrə maliyyə yardımı ayıraraq onların saqqızını oğurlamağa hesablanıb. Məmmədov Nəsirovun sayəsində yuxarıları hazırkı FIFA prezidentinə dəstək olmağa inandırıb. Və dünya futbol ailəsinin istefasını istədiyi İnfantinoya əsas dəstək verənlərdən biri bizik. Məmmədovun şəxsi maraqları naminə…

Dünən AFFA-nın da üzv olduğu UEFA-nın yaydığı bəyanat bundan xəbər verir. Belə ki…

…Azərbaycan Futbol Federasiyaları Assosiasiyası FİFA rəhbərliyində islahat aparılması ilə bağlı çağırışı dəstəkləməyən yeganə UEFA üzvü olub. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, UEFA və milli federasiyalar FİFA rəhbərliyində islahatların aparılması ilə bağlı ümumi mövqeyə gəliblər. AFFA isə bu təşəbbüsü dəstəkləməyən yeganə assosiasiya olub. Milli assosiasiyalar beynəlxalq qurumun hazırkı rəhbərliyinə etimadın itdiyini bir daha vurğulayıblar.

UEFA-nın açıqlamasında yalnız institusional islahatların kifayət etməyəcəyi qeyd olunub. Təşkilat FIFA-ya futbol dünyasında etimad qazanan, müxtəlif regionları birləşdirə bilən, strateji baxışa və idarəçilik təcrübəsinə malik yeni rəhbərliyin lazım olduğunu bildirib.

İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti seçilib və daha sonra iki dəfə alternativsiz şəkildə postunu qoruyub. Onun dünya çempionatları ilə bağlı son təşəbbüsündən sonra vəziyyət dəyişib. İndi əksər dünya ölkələri 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılan növbəti seçkilərdə onun əvəzlənməsi üçün səy göstərir. Yeni namizədlər var və İnfantinoya etimad bitib.

Xatırladaq ki, iyul ayında İnfantino dünya çempionatının yayım və digər kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını təklif edib. FIFA bu layihənin üzv assosiasiyaların gəlirlərini artıracağını və dünya futbolunun inkişafına töhfə verəcəyini açıqlasa da, təşəbbüs federasiyalar və futbol funksionerləri tərəfindən ciddi tənqidlə qarşılanıb. O, bundan sonra geri addım atıb, “FIFA Forward Enterprise” layihəsindən imtina edib. Lakin UEFA FIFA rəhbərliyinə olan etimadın bərpa olunmadığını açıqlayıb.

Artıq UEFA prezidenti Aleksander Çeferin 2027-ci ildən sonra təşkilata rəhbərliyini davam etdirmək üçün növbəti müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb. Çeferin bu qərarı UEFA-nın 55 milli assosiasiyasının rəhbərlərinin onun əvvəlki qərarını dəyişməsi ilə bağlı çağırışlarından sonra qəbul edib. O, namizədliyini 22 aprel 2027-ci ildə Astanada keçiriləcək UEFA Konqresində təqdim edəcək.

Berlində keçirilən görüşdə UEFA-nın gələcək idarəçiliyi ilə yanaşı, FIFA-da islahat məsələləri də müzakirə olunub. UEFA-nın məlumatına görə, Avropanın milli futbol assosiasiyaları FIFA-da fundamental dəyişikliklərin aparılması ilə bağlı vahid mövqe formalaşdırıb. Məlumatda bildirilir ki, bu mövqeni dəstəkləməyən yeganə assosiasiya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasıdır. Yəni yalnız AFFA digər Avropa ölkələrinin federasiyaları kimi FIFA ilə mübarizədə UEFA-nın yanında deyil. UEFA bunu rəsmi bəyanatı ilə açıqlayaraq konkret AFFA-nın adını çəkib!

Məmmədov İnfantinonun komandasının üzvüdür, onun qələbəsi üçün çalışması başadüşüləndir. Amma bu maraqlar üçün AFFA-nı qurban verməsi qəbuledilməzdir. Nəsirovun sayəsində ən yüksək səviyyədə “xüsusi əməliyyatlar” aparması, assosiasiya rəhbərliyini UEFA-ya qarşı çıxmaq məcburiyyətində qoyması ciddi fəsadlarla müşaiyət olunacaq. Qitə futbol qurumunun bəyanatında Azərbaycanı xüsusi vurğulaması sıradan olay deyil.

Vüsal MAHMUDOV

Elxan Məmmədova qurban verilən futbol: UEFA-nın bəyanatı sıradan olay deyil — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!