Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ən asan iş

“Azərsun Holdinq”də marketinq departamentində işə başlayanda bütün şöbələrdə orientasiya keçirdik. İstehsaldan təchizata, Xaçmazdakı zavoddan tutmuş Qənd və Karton Zavoduna qədər. O 3-4 həftədə ölkədəki marketinq mütəxəssislərinin zənginliyindən ürəyim açılmışdı. Hər kəs çox ustalıqla şirkətin “ən zəif bəndi” olan Marketinq Departamentini tənqid edir, onların səhvlərini sıralayır, hələ arada mənə də gələcək işimdə o səhvləri buraxmamaq üçün tövsiyələr vermək kimi səxavətli addım atırdılar.

Bunları niyə deyirəm? “Qarabağ”ın “facebook” səhifəsindəki şərhləri oxusaz, orda Qurban Qurbanov və köməkçilərinə master-klass keçəcək “mütəxəssislər”lə tanış ola bilərsiz. Bəziləri o qədər təvazökardı ki, hətta adlarını belə yazmayıb, bu “dərslər”i təxəllüsə bənzər profil adları altında verirlər. Di gəl ki, Qurban bəy yaxşı tələbə deyil. Məsələn, onlara qulaq asıb, Mahir Mədətovun əvəzinə Tarik Əl-Yunussini əsas heyətdə meydana buraxmır. Və ya Anton Kanibolotskiyə qapıdakı layiq olduğu yeri vermir. Yoxsa, İbrahim Şehiç neynədi ki? Cəmi üç dəfə komandanı xilas etdi, bir də komanda 10 nəfərlə qaldıqda mərkəz müdafiəçilərinin işinə kömək edib, havadan ötürmələrə çıxışlar etdi. Götürək elə kapitan Rəşad Sadıqovu. Qocalıb! Oynaya bilmir! “Tapış”la “Qarabağ”ın əsas heyətinə düşdüyü kimi, ESPN-in versiyasına görə də həftənin rəmzi yığmasına düşdü. Hamısı xarizmasının sayəsində.
* * *
Marketinq kənardan baxıldıqda biznesdəki ən asan işdi. Nə var e, məşhurlarla dost olub, reklamdan-zaddan çəkib, sonra kofelərini qurtumlayırlar. İki dənə qəşəng cümlə yazmağı hamı bacarar və sair. Əslində isə biznesdən anlayışı olan hamı bilir ki, bu heç də belə deyil.

Eyni şeyi məşqçilik işində də görmək olar. Hamı oturub öz kefindən start heyəti çıxara bilər. Amma məşqdə kimin nələr etdiyini, kimin fiziki olaraq neçə dəqiqə oynamağa hazır olduğunu və bunun kimi saysız-hesabsız faktoru ancaq məşqçi nəzarətində saxlayır.

Dieqo Simeone “Qarabağ”la oyundan sonra çox maraqlı bir cümlə istifadə etdi. Dünyanın Top-10 məşqçilərindən biri dedi ki, mövsümün əvvəlindən müqaviləsini artırarkən əlindəki “material”ın fərqində olaraq bunu edib. Bir növ uğursuzluğun açıqlamasını verdi. Bir növ qəbul etdi ki, “Atletiko”nun heyəti zəifləyib. Simeone kimi adlı-sanlı məşqçi belə, bu səviyyədəki turnirdə “material”ın önəminə vurğu edirsə, Azərbaycanın 3-cü dərəcəli çempionatından çıxmış bir komandanın durumu təbii ki, aydındı.

Tənqid təbii ki, olmalıdı. Dozasında. “Mətbəx”dən xəbərdar olaraq. Resurs və uğur balansını quraraq. Və ən əsası, konstruktiv. Məşqçinin əvəzinə start heyətinin konstruksiyasından bəhs etmirəm. İmkan verin, “tələbəniz” Qurban Qurbanov artıq sərbəst işləsin…

Fikirlərini bizimlə bölüş!