Azərbaycan futbolu

Xəbərlər və təhlillər

‘Enfild’də möcüzə baş verə bilərmi?

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 8-ci turunda rəqibi olan “Liverpul” “qara zolaq”dadır.

Komanda İngiltərə Premyer Liqasında dörd ardıcıl heç-heçədən sonra dünən “Bornmut”la matçda da ağır zərbə alıb: səfər oyununda 90+5-ci dəqiqədə buraxdığı qolla 2:3 hesabı ilə uduzub.

Beləliklə, onlar düz 5 oyundur Premyer Liqada qələbə qazana bilmirlər.

Bəs, bu, bizdə arxayınlıq yaratmalıdırmı? Əlbəttə, xeyr. Əgər biz “Liverpul”un məğlubiyyətindən danışırıqsa, dünən “Qarabağ”ın yerli çempionatda “Kəpəz”ə uduzmasını da yaddan çıxarmamalıyıq. Ümumiyyətlə, yaxşı olardı ki, “Qarabağ”ın “Kəpəz”lə matçı təxirə salınardı və komanda “Liverpul”la matç öncəsi bir az istirahət edə bilərdi. Çünki “Liverpul”a məğlubiyyət olarsa, yorğunluq faktı az rol oynamayacaq. Amma səlahiyyətli qurumların qərarını da anlayışla qarşılayıram. Çünki bir təxirəsallnma sonra daxili çempionatın təqvimini pozur, boş oyun günü tapmaq çətinləşir.

Bəli, “Liverpul”in Premyer Liqada ardıcıl xal itkiləri bizdə eyforiyaya səbəb olmamalıdır. Onsuz da komanda üzərində olan azarkeşlərin və medianın təzyiqi dünəndən daha da artıb. Hər şeydən öncə isə “Liverpul” “Qarabağ”a qalib gəlməlidir ki, Çempionlar Liqasında ilk 8-likdə yerini təmin etsin və 1/8 finala birbaşa vəsiqə qazansın. Əks halda həmin oyunla eyni vaxtda başqa 17 matç da keçiriləcək və orda qeydə allnacaq nəticələr mersisaydlıları 8-likdən kənarda qoya bilər. Lakin hər şeydən əvvəl “Liverpul”un adını, heyətindəki futbolçuların səviyyəsini də unutmamalıyıq. Bir də dünyanın birnömrəli liqasının təmsilçisi olmasını və evdə möhtəşəm azarkeşləri qarşısında oynayacağını.

Amma… “Qarabağ” da, necə deyərlər, futbol dünyasının bığıburma igidi olub. Elə ona görə də Bakıda İngiltərənin başqa bir təmsilçisi “Çelsi”dən xal ala bilmişdi. Niyə bu hal “Liverpul”la oyunda da təkrarlanmasın və futbol tariximizdə bir möcüzəyə nail olub ÇL-də “pley-off”a vəsiqə qazanmayaq?

Düzdür, o şans nəzəri baxımdan uduzsaq belə var. Amma ona arxayın olmamalıyıq…

Fikirlərini bizimlə bölüş!