Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Əsgər Abdullayevi tapın

Serbiyaya 1:4 hesablı məğlubiyyətdən sonra uca millətimiz xeyli pəjmürdə və pərişandı.

Bu qansız serbləri uzun illər əvvəl Bakıda 2:1 hesabıyla udmuşuq deyə, ondan sonra həyasız paytaxt ağcaqanadları kimi əl çəkmirlər, qanımızı sorurlar. Bir dəfə elə gözəl Bakımızda bizi 6:1 hesabıyla darmadağın etdilər, dedik sakitləşərlər. “Okazıvaetsa” sakitləşməyiblər, uzaq Avstriyada da qapımıza dörd qol vurdular, dedilər “di hı, gedin dincəlin”.

İşin pis tərəfi bundadı ki, serblərlə oyundan az sonra – iyunun 12-də Norveçlə oyunumuz var. Özü də elə-belə oyun yox, Avropa çempionatının seçmə mərhələ oyunu. İndi gəl bu sınmış, osmanlı türkləri demiş, yıpranmış, yıpradılmış futbolçuları Avropa çempionatının oyunu üçün avropalıların qarşısına çıxar. Öyünü Allah tiksin, Robert Prosineçki, nağayrassan?

Serblərlə oyundan sonra mütləqdi ki, Prosineçki də bu futbolçuların uzaqbaşı Bakıda Maltanı-multanı udmaq gücündə olduğunu dərk etsin. Bəs onda nə olacaq? Qabaqdan da bütün dünyanı bizə qibtə etdirən, paxıllığımızı çəkməyə məcbur edən Avropa oyunları gəlir. Heç bir sahədə və heç bir halda uduzmamalıyıq! Avropa oyunları ərəfəsində, oyunların gedişində uduzmaq azərbaycanlılara yaraşmaz, dövlətimizin imicinə zərbə vurar. Bütün bunlar bir yana, Azərbaycanın sənət kraliçası, adını dünyanın musiqi tarixinə qızıl hərflərlə yazdıran, gözəlliyinə Rihannanın da qibtə etdiyi, səsinə quşların da həsəd apardığı el anası, ağbirçəyimiz (hərçənd özü ağbirçək olduğunu boynuna almır) İlhamə Quliyeva məşəllə uduzanları yandırar.

Bəs nə etmək lazımdı ki, bu sarıbaş norveçlilərlə oyunda üzümüzü güldürən nəticə qazanaq?

Təcili Əsgər Abdullayevi tapmaq lazımdı! Bəli, bəli, Əsgər Abdullayevi. Təkcə o, hələ ötən əsrdə başa düşmüşdü ki, azərbaycanlı futbolçulara necə məşq keçsən də, bahalı otellərdə dincəltsən də, quş südündən olan hovuzlarda çimdirsən də, böyük məbləğdə mükafatlar vəd etsən də, bunlardan futbolçu çıxmaz. Ona görə də bu kölgədə qalan qəhrəman Əsgər futbol üçün qeyri-ənənəvi üsullardan yararlanmaq qərarına gəmişdi. Məsələn, yaşıl meydana ayaq basarkən komandanın futbolçuları “optavoy” şəkildə sol ayağını qazona qoymalıdı. Ya da oyundan əvvəlki son yeməkdə bütün futbolçular qara toyuğun yumurtladığı yumurtalardan yeməlidi. Məhz Əsgər bəy oyun günü qabağına qara pişik çıxmış futbolçunu ehtiyatda oturtmaqla dünya futboluna öz damğasını vurmuşdur.

İş-işdən keçib. Serblərlə oyun göstərdi ki, Prosineçki bu komandayla bir zad edən deyil. Qabaqda isə Norveçlə oyun və Bakıda keçiriləcək Avropa oyunları var.

Əsgər Abdullayevi tapın!

Fikirlərini bizimlə bölüş!