“Neftçi”də “bıçaq sümüyə dirənib”. Emil Mpenzaya 1 milyonluq işi uduzan klub tələb olunan vəsaiti ödəyə bilmir. Belədə, sanksiya qaçılmaz olur.
Klubu 3 mərhələdən ibarət problemlər gözləyir. Əvvəlcə Belçika yığmasının sabiq hücumçusuna göstərilən vaxta qədər borcun ödənmədiyi üçün cərimə, 2-ci addımda hesabından 6 xal silinməsi və nəhayət, 1-ci diviziona göndərilməsi.
Artıq “ağ-qaralar”ın hazırkı rəhbərliyinin mövqeyi bəllidi. Onlar vəsaitin olmadığını bildirməklə yanaşı, faktiki olaraq, bütün sanksiyalara hazır olduqlarını nümayiş etdiriblər. Amma bir neçə gün öncə bu mövzuya həsr etdiyimiz yazıda “Neftçi”nin Azərbaycan futbolunun brendi olduğunu əbəs yerə xatırlatmamışdıq. Aydın məsələdi ki, “ağ-qaralar”a qarşı sanksiyaların hamısı eyni vaxtda tətbiq edilməyəcək. Bu da faktdı ki, 1 milyonluq borcu ödəyə bilməyən kluba qarşı əlavə maliyyə cəriməsi astronomik olmayacaq: təqribən 60 min avro civarında.
Bu cərimə tətbiq edildikdən sonra Mpenzaya olan borc yenidən gündəmi zəbt edəcək. Və təbii ki, borcun yaranmasının səbəbkarı Sadıq Sadıqov da haqlı olaraq, “unudulmayacaq”. Böyük ehtimalla “Neftçi”nin hazırkı rəhbərliyi ilk sanksiyanı göz önünə alıb, hətta həmin cəriməni ödəməyə də hazırdı. Bu da başadüşüləndi. Çünki tərəzinin gözündə 1 milyonla 50-60 min tən gələ bilməz. İlk cəzanın doğuracağı əks-səda böyük ehtimalla, həlledici olacaq. Çünki Sadıqov necə də müdafiə olunmağa çalışmasa, fakt budu ki, məhz onun səriştəsizliyi ucbatından “Neftçi” Mpenzaya təzminat ödəməlidi.
Çingiz Abdullayev hələ ki, açıq şəkildə bəyan etməsə də, maliyyə cəzasından sonra Sadıqovu mütləq xatırlayacaq. Ziyalı təbəqəsinə aid tanınmış yazıçının bəlağət bacarığına isə şübhə yoxdu: o, konkret ad çəkməyi də unutmayacaq. Ki, sabah heç kim hansı səbəblərə görə “Neftçi”nin zəifləməsini deməsin.
Bu gün “ağ-qaralar”ın oyunlarına az tamaşaçı gələ bilər. Amma sabah kluba qarşı ciddi sanksiya tətbiq edilsə, fanat ordusunun sayı xeyli artacaq. Əlbəttə ki, stadiona getmək üçün deyil, məsələnin səbəbkarları barədə müfəssəl məlumat aldıqdan sonra “qəhrəman”larından izahat tələb etmək üçün. Hər şey də buna doğru gedir. Fanatlar 50-60 minlik cəriməyə görə yox, növbəti cəzanın qarşısını almaq üçün ayağa qalxacaq. Axı, sevimli komandalarının hesabından 6 xal silinsə, faktiki olaraq, avrokuboklara vəsiqə uğrunda mübarizədən çəkilmiş olacaqlar. Hələ biz 1-ci diviziona yuvarlanmaq kimi, 3-cü addımdan danışmırıq…
Doğrudu, bütün sənədlərdə həmin dövrdə vitse-prezident işləmiş Tahir Süleymanovun imzası gedib. Ancaq gün kimi aydındı ki, sabiq FİFA referisi sənədə klub prezidenti Sadıq Sadıqovun tapşırığı əsasında qol çəkib. Göründüyü kimi, bütün yollar sabiq prezidentə aparır. İstəsə də, istəməsə də (əlbəttə ki, istəmir), borc onun boynundadı və “Neftçi”nin hazırkı rəhbərliyi addım-addım bu borcun ödənilməsi üçün nişangahda olan sabiq prezidenti buna məhkum edir. Klubun sponsorları ödəmək istəmirsə, vaxtilə büdcəni havaya sovuranlar cavab versin.
Ceyhun ƏLİYEV




Fikirlərini bizimlə bölüş!