Dostuma məktub
Salam, əziz dostum! Nəhayət, uzun ayrılıqdan sonra məktublara start verdik. Əslində arada keçən illəri boşa vermədiyimizə sevinirəm. Mən iş yerimi dəyişdiyim zamandan sənin də qardaş ölkə Türkiyədə hərbi təhsil almağına sevindim. Məktubunu gündüz poçtalyon gətirəndə gözlərim yaşardı. Poçtalyon Yusif məni bu halda görüb nə desə yaxşıdı?: “Müəllim, son zamanlar camaatı sevincdən gözləri yaşlı gördüyüm üçün Allaha şükürlər edirəm. Fransada keçirilən Avropa çempionatında SOCAR ın reklamını görən elə ev, elə insan yoxdu ki, sevincdən ağlamasın”. Yusifə anlatdım ki, məktub hərbi xidmətdə olan dostumdan gəlib və bu göz yaşı o göz yaşından deyil.
Dostum, sənin futbola olan sevginə bir daha heyran qaldım. Qardaş, 4 il Türkiyədə yaşadın, hədsiz gərgin keçən derbilər izlədin, amma Azərbaycan futbolunu unuda bilməmisən. Məktubunda elə hey bizim futboldan suallar verirsən. Futbolumuzda dəyişən bir şey yoxdu, Artur Rəsizadənin hələ də baş nazir olduğunu bilməmiş olmazsan. Eynən Ramin Musayev də PFL-in prezidentidi.
Əslində son seckilər gərgin keçdi. Namizədlərin çoxluğundan dolayı MSK sədri Məzahir Pənahov PFL prezidenti seçkilərinə dəvət olundu. Məhz, bir peşəkar kimi Pənahovun nəzarəti altında qutudan Musayev çıxdı.
Ömrünü Azərbaycan futbolunun hakimlik sənətinə qurban verən Xaqani Məmmədov da evlənməyib. Binəva xoşbəxt yarını necə tapsın? Heç 2011-ci ildə Mirça Rednikin Azərbaycan hakimliyinin başından götürüb yerə çırpdığı papağı hələ tapa bilməyib.
Ümumiyyətlə isə AFFA-da işlər pis getmir. Baş katib vəzifəsinə təyin olunanda medianın nitqinə rişxənd etdiyi Elxan Məmmədov indi mediaya əlifba dərsi keçir. Dostum, Məmmədov gecə-gündüz futbolumuzun inkişafına çalışır. “Maşallah” deyək, göz dəyməsin.
Elxan müəllimin Almaniyada açdığı futbol məktəbindən bu illər ərzində futbolçu çıxmasa da, porno ulduz çıxdı. Yenə əsas odu ki, çəkilən xərclər boşa getmədi.
Hə, qardaş, Füzuli Cavadova təqaüd ayrılması xəbəri düzdü. Yazıq iki aydı ət yemirdi, marşruta minməkdən beli əyilmişdi.
AFFA-da yeni yaranan komitələr barədə sualına isə ətraflı cavab verə bilməyəcəm. Mənə çatan son informasiya AFFA yanında klubların avtobus sürücüləri komitəsi barədədi. Son iclasda AZAL-ın sürücüsunün verdiyi lahiyə bəyənilib. Belə ki, komandalar rayonlara gedərkən cənub istiqamətində Salyan, qərb istiqamətində isə Kürdəmir rayonu dayanacaq kimi seçilib. Deyirəm qardaş, noolsun avtobus sürücüsüdü, gör bu fikir necə ağlına gəlib…
Bax belə, qardaşım. Futbolumuz barədə yaddaşımı təzələyib nə informasiya varsa, yazıram.
Hə, lap unutmuşdum… Rövnəq Abdullayev 22-ci əsrin komandası “Neftçala”ya yenə də Premyer Liqaya çıxmağa imkan vermədi. Abdullayev deyib ki, “neft heç vaxt çala ola bilməz! Neft Monteneqrodu, neft Bodrumdu, 40 mərtəbə binadı. O komanda çala adı ilə neftin imicinə ləkə gətirir”. Yazıq neftçalalılar nə qədər üzülsələr də, bizim üzüntümüzə çatmaz. Necə də olsa, onlar Kamal Quliyevin 22-ci əsrin komandasını görə bildilər. Bizə qismət olmadı amma…
Dostum, tribunalarda azarkeşlərin döyülməsi xəbəri sənə yanlış çatdırılıb. Ramin müəllim keçmiş polis işçisi kimi deyib ki, “bu halı döyülmə kimi görənlər təxribatçıdı. Mən polis işləyəndə camaatı bundan pis döyürdük. Bizim arenalarda yaşanan hallar polis-azarkeş mehribanlığının təcəssümüdü. Polis olmasa, azarkeşlər bir-birini döyəcək. Ondansa qoy polis döysün”.
Ona görə də, əziz dostum, hər deyilənə inanma. Odu ey, Böyükağa Hacıyevə inanan nə qədər bukmeker kontorları iflas oldu. Hacıyevin efirdə “Almaniya! Almaniya! Almaniya!” dediyinə inanıb, pullarını Almaniyanın Avropa çempionluğuna qoyub, indi dizlərinə döyürlər.
Həə, qardaşım… Məktubunu cavablandırıb bir neçə il öncəyə qayıtdım. Deyirəm bu məktubların yerini sosial şəbəkələr verə bilməz. Yaxşı ki, mətin ordumuzda sosial şəbəkələr qadağan olunub. Yoxsa, biz də bu formada məktublaşa bilməzdik.
Daha nə yazım? Nə qədər ki, yaydı, Murovdağın sərin havasını ciyərlərinə çək. Vətəni möhkəm qoruyun. “Dığalar”ın apreldən bəri səngərdən çıxa bilməməsi xəbərinə elə sevindim ki…
Nə isə, di, salamat qal. Gələn məktubumda klublardan ətraflı yazacam. Məktubumu cavabsız qoyma.




Fikirlərini bizimlə bölüş!