Konstantin Abramenkonu təkcə ona doğma olan Gəncədə yox, bütövlükdə Azərbaycanda yaxşı tanıyırlar. “Kəpəz”in uzun müddət ölkə çempionatıda at oynatmasında, Gəncənin futbolumuza neçə-neçə istedad bəxş etməsində o kişinin böyük zəhməti olub. İndi də futbolumuzun problemləri müzakirə olunanda, “niyə futbolçu yetişdirə bilmirik” sualına cavab axtaranda Abramenko yada düşür. Onu hörmətlə xatırlayır, ruhuna sayğımızı ifadə edirik. Əlimizdən başqa heç nə gəlmir. Gəncəlilərinin Kostya dayı dediyi Azərbaycanın əməkdar idman xadimi və əməkdar məşqçisi Konstantin Abramenko 2005-in oktyabrında dünyasını dəyişib. Məzarı də Gəncənin Fəxri Xiyabanındadı. O dünyasını dəyişəndən sonra Gəncədən düz-əməlli bircə futbolçu da yetişməyib. Kim yetişdirəcək ki?!
İllərdi Gəncə futbolu “Kəpəz”lə birlikdə AFFA-nın nəzarətinə keçib. Yazırlar-pozurlar, ciblər dolur-boşalır. “Kəpəz”in adını dəyişib “Gəncə” qoyurlar, sonra yenidən köhnə ada qayıdırlar. Gah stadionun ot örtüyünə əl gəzdirirlər, gah da həyətindəki uçuq-sökük tikililərə əhəng sürtürlər. Mehman Allahverdiyevə etimad göstərirlər, sonra da “Kəpəz”dən uzaqlaşdırırlar. Mikayıl Nərimanoğlu söz sahibi olur, sonra da yeyintiyə görə onu aradan götürürlər. İslam Abbasov gəlir, səssiz-səmirsiz “yoxa çıxır”. Bütün bu yerdəyişmələr, kosmetik işlər hər il milyonlarla pulun yeyilməsinə vasitəçidi. Amma havaya sovrulan, ordan da ciblərə axıdılan milyonların qarşılığında ortaya futbolçu çıxmır. Azərbaycana Vəli Qasımov, Maşallah Əhmədov, Mahmud Qurbanov, Mehman və Füzuli Allahverdiyev, Yadigar və İmamyar Süleymanov qardaşlarını, Vidadi Rzayevi, Xaliq Mərdanovu, Faiq Cabbarovu bəxş edən Gəncə futbolu indi acınacaqlı vəziyyətdədi. Mən hələ Gəncənin bizə bəxş etdiyi futbolçuların tam siyahısını yazmadım.
Səbəbi məlumdu – Gəncənin Konstantin Abramenkosu yoxdu. AFFA-nın Bernard Lipperti var, Milan Obradoviçi var, Frits Stuxliki var, Miloş Velebiti var. Hər birinin də müqaviləsi manatla yox, avro ilədi. Hər ay bizim hesabımıza 10 minlərlə avronu bank hesablarına ötürürlər, özlərinə gün-güzəran qurublar. Lippert, ümumiyyətlə, illərdi Azərbaycanın hesabına yaşayır. İndi vətəni Almaniyada belə onu xatırlayan qalmayıb. Adam burdakı həyatından o qədər razıdı ki, öləndə də Bakıda dəfn olunmaq üçün vəsiyyətnamə yazacaq. Di gəl ki, bu qədər əcnəbinin Azərbaycan futbolunu Konstantin Abramenko qədər faydası dəyməyib. Onun qədər demirəm, heç bir qara qəpiklik…
…Gəncəli futbol mütəxəssisi Etibar İbrahimov Amerikada taksi sürür. Mən onun məşqçi kimi hansı keyfiyyətlərə malik olduğunu bilmirəm, yalandan hansısa iddia irəli sürməyəcəm. Amma adamın qabında nəsə olub ki, illərlə Nikolay Adam onu yanında saxlayıb. Burdan ta Hindistana qədər aparıb, Almaniyaya da dəvət edib. Ən nəhayət, AFFA-nın özü də “Kəpəz”i bir müddət ona tapşırmışdı. İş o yerə gəlib çatıb ki, İbrahimov balalarını ac qoymamaq üçün Amerikada taksi sürməyə belə razıdı. Taksi sürənin qazancı nə olacaq? Gündəlik çörək pulu. Biz gənc mütəxəssisə bu pulu Gəncədə verib, 5-10 uşağa futbolun sirlərini öyrətməyi tapşıra bilmərikmi?
Lippertin, Stuxlikin maaşının 1/10 hissəsiylə Etibar İbrahimovla Arzu Mirzəyevə güzəran qurmaq, məvacib vermək mümkündü. Gəncədəki meydançaların da birinin yan-yörəsini düzəldirsən, adını qoyursan futbol akademiyası. Qoy Mehman Allahverdiyev də bu akademiyanın nəzarətçisi olsun. Əmin olun ki, 2-3 ildən sonra Azərbaycan millisinə futbolçu axtarmaq üçün Riad Rəfiyevi Dağıstana, Almaniyaya göndərməyə ehtiyac qalmayacaq. Onların üçünün xərci heç Mikayıl Nərimanoğlunun təkbaşına xərcinə də çatmayacaq. Əvəzində Azərbaycan futbolu üçün faydalı iş görmüş olacaqsız.
Eşidirsizmi, cənab Elxan Məmmədov? Hər şey bu qədər sadədi. Bu gün ümidləri tükənən təkcə Etibar İbrahimov deyil, belələri onlarla, yüzlərlədi. Qaytarın bu adamları, ümidləri ölməyə qoymayın. Heç olmasa, ömrünüzdə bir dəfə Azərbaycan futbolu üçün doğru olan nəsə edin!
Amal ABUŞOV
Etibarın tükənən ümidləri




Fikirlərini bizimlə bölüş!