Gənc olmasına baxmayaraq Azərbaycan futbolunda analitik məşqçi kimi bacarığına görə öndə gedən mütəxəssislərdən olan Rakif Əliyev işsiz qalıb. Son mövsümü “Kəpəz”də keçirən 43 yaşlı çalışdırıcının peşəsindən uzaq düşməsinin səbəbi olduqca maraqlıdır. Məlumata görə, Əliyev üçün vəziyyətin belə alınmasında günahkar klubun İdarə Heyətinin üzvü Fərman Əlizadə olub.
Belə ki, Fərman bəy Azər Bağırovun məşqçilər korpusuna daxil olan mütəxəssislə yaxınlıq edərək “saqqızını oğurlayb”. Aralarındakı münasibətləri önə çəkərək onu növbəti mövsüm komandada saxlayacağına inandırıb. Kimin kluba baş məşqçi gəlişindən asılı olmayaraq Rakif bəyə mütləq “Kəpəz”də çalışacağını vəd edib. Amma yeni baş məşqçi Azər Məmmədova hökm edə bilməyib. İdarəçilikdən kənarlaşdırılan Əlizadə analitik məşqçinin yanında pis vəziyyətə düşüb. İtirən isə təbii ki, Rakif bəy olub.
Çünki Azər Bağırov inandığı simalardan olan Rakif Əliyevi özü ilə “Şamaxı”ya aparmaq istəsə də, sonuncu Fərman Əlizadə ilə razılaşdığından dəvətdən imtina edib. Rakif bəyin seçimdə “Kəpəz”ə üstünlük verməsi Əlizadənin ona təklif etdiyi aylıq 4000 manatlıq məvacib olub. Bağırov isə “Şamaxı”da bu məbləğin yarısını təklif edib. Son nəticədə Əliyev necə deyərlər, həm Əli, həm də Vəli aşından olub.
Bu yaxınlarda AFFA tərəfindən təşkil olunan A kateqoriyalı məşqçi kursunu uğurla başa vuraraq müvafiq lisenziyaya yiyələnən Rakif Əliyev hər klubun ehtiyac duyduğu mütəxəssislərdəndir.


Fikirlərini bizimlə bölüş!