Əhməd Ələsgərov haqda keçmiş zamanda yazmaq çox ağırdı. Ona görə yox ki, yeniyetmə, gənc yaşında bu fani dünyadan köçdü. 1966 yadigarının banisi köçdü, ancaq 49 illik vaxt kəsiyində ümid qığılcımı hələ də yanmadan. Ələsgərovun 1966 uğurunu “təsadüf” adlandıranlar 1999-da yanıldıqlarını gördülər. Əksər həmkarlarından fərqli olaraq, onun “sehrli çubuğ”u heç vaxt tükənmədi. Nə yazıq ki, özüylə apardı həmin “çubuğ”u…
Hər şey ötən əsrin 56-sında başladı. Vitali Şevçenkonun atası – Viktor Şevçenkonun dəvəti ilə “ağ-qara” formanı geyən 21 yaşlı Əhməd tezliklə hərbi xidmətə çağırıldı. Lakin əsgərliyini Almaniyada keçirməsinə Respublikanın partiya rəhbərliyi imkan verməyib. O, elə Bakıda, “Neftçi”də oynaya-oynaya əsgərliyini çəkdi. Ələsgərovun etiraflarından: “Gənc yaşlarımdan məşqçiliyə böyük həvəsim var idi. Boris Arkadyev kimi mütəxəssis məşqçim olub. Onun təcrübəsindən çox faydalanmışam. Doğrudu, heç vaxt konspekt tutmazdım. Hafizəmə nə gəlib ki?”.
On ilə yaxın “Neftçi” formasını geyindikdən sonra Ələsgərovu gözlənilmədən baş məşqçi əvəzi təyin etdilər. Özü də nə vaxt?! Komanda turnir cədvəlinin zirzəmisində sürünürdü. Viktor Sokolovu vəzifəsindən kənarlaşdıran respublikanın rəhbərliyi komandanı 31 yaşlı mütəxəssisə həvalə edərkən, görəsən heç təsəvvürünə gətirə bilərdimi ki, Ələsgərov inqilabi nəticələrə imza atacaq? Rostov və Kutaisi səfərlərindən qələbəylə qayıtmağı bacaran “sehrbaz” evdə “Paxtakor”la “Kayrat”a da eyni aqibəti yaşatdı. Az öncə çiyin-çiyinə oynadığı, bir göz qırpımında isə baş məşqçiləri təyin olunan yetirmələrinə nə yedirtdiyini, nələrlə qidalandırdığını heç kim bilməyəcək. Ancaq Əhməd Ələsgərovun “əsər”i qələbələr seriyasını davam etdirdi. Xüsusilə, Kuybışevdə (hazırkı Samara) əldə olunan qələbə SSRİ-də böyük əks-səda doğurdu. İlk 14 turda qapısında cəmi 4 top görən kuybışevlilər doğma publika önündə Ələsgərovun “Neftçi”sindən 5 cavabsız “şapalaq” aldılar. Son nöqtə isə “Spartak”la oyunda qoyuldu. Özü də ruslara elə bir divan tutdu ki, şimallılar 40-50 il sonra da min bir bəhanə axtarırdılar həmin məğlubiyyətə. Axı “hansısa” bəstəboy qafqazlılının “sənət əsəri” qarşısında aciz qalmağı etiraf etmək üçün böyük ürəyə sahib olmalısan! 3:0! Bu nəticə Ələsgərovun “Neftçi”sinin benefisi oldu. Yüz minlərlə insana “bürünc” sevinci bəxş edən 50-60-70 yaşlı “yılların təcrübəsi”nə malik əcnəbi deyildi. Məşqçi üçün uşaq yaşı sayılan 31 yaşlı Əhməd Ələsgərov idi. Kim inanardı ki, bu, milyonların sevimli klubunun ilk və son medalı olacaq?! Elə həmin il Ələsgərova SSRİ-nin əməkdar məşqçisi adı verilməli idi. Lakin komandanın uğurlu nəticəsinə cavab olaraq, respublika rəhbərliyi “Neftçi”ni AFR-ə (Almaniya Federativ Respublikası) göndərdi. Vətənə döndükdən sonra isə məlum oldu ki, siyahı dəyişdirilib və Ələsgərovun adını Mosvadakı “ağalar” siliblər. Niyə? Yəqin az öncə yazdığım sətirlər diqqətinizdən qaçmayıb. Rusların “xalq komandası”nı kötəkləyən birisinin rusların əlindən əməkdar məşqçi adı almasını həzm edə bilməyən “ağalar” Ələsgərovun halalca adını vermədilər. Özü isə bu hadisəyə gülərək cavab verərdi: “Heç vaxt ad arxasınca qaçmamışam. Məni maraqlandıran və narahat edən yeganə amil turnir cədvəli olub. “Neftçi”yə üçüncülüyü qazandırdım, xalqımı sevindirdim, bunu heç bir ad əvəz edə bilməzdi!. Əhvalım zərrə qədər də pozulmadı”.
Bəli, “Neftçi”yə, Bakıya, Azərbaycana bu anı o yaşatdı. Heç vaxt ağlından belə keçirə bilməzdi ki, həmin gün öz adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə həkk etdirdi. Vur-tut 31 yaşında…
Çoxdurmu sinəsinə döyüb, 3 ölkənin əməkdar məşqçisi olduğunu iddia edə biləcək insan? “Lətifoviç” isə hətta 4 ölkədə bu ada layiq görülə bilərdi. Lakin Azərbaycan, Ukrayna və Tacikistandan fərqli olaraq, Moldovada bu addan imtina etdi.
1971-ci ildə Voroşilovqrad (hazırkı Luqansk) “Zarya”sı SSRİ çempionluğuna namizəd idi. Məşqçilik sahəsində boşluq yaranmışdı və namizədlər sırasında ilk ad Əhməd Ələsgərov idi. Əvvəlcə dilə tutmağa çalışdılar, lakin bu üsulun xeyir vermədiyini görüb, hədələməyə başladılar. Həmin vaxt xəstəxanada olan Əhməd müəllim məcburiyyətdən təbabət ocağından qaçmalı olub. Təzyiqlər elə bir həddə çatıb ki, o, 2 ay gizlənməli olub. Hətta müəyyən müddətdə Polşada da gizlənib. Yalnız Tacikistana – “Pamir”in “sükanı arxası”na keçməsindən sonra “Zarya” rəhbərliyi Ələsgərovdan əl çəkir. “Pamir”i elitaya daşımaqla daha bir respublikanın əməkdar məşqçisi adına layiq görülən Ələsgərov növbəti dəfə “sehrli çubuğu”nu Odessada işə saldı. Ancaq Ukraynaya “səyahət” də hədə-qorxu nəticəsində baş tutur. Respublikanın rəhbər şəxslərinin əlaltıları Əhməd müəllimi hətta ölümlə hədələməkdən belə çəkinmir: “Sonuncu dəfədi sənə təklif edirik. Bu dəfə də qəbul etməsən, tüpürüb gedəcəyik. Özü də tüpürən tək biz yox, bütün Ukrayna olacaq. Bax, onda bu tüpürcəklərin içində boğulacaqsan”… 1-ci dəstədə 14-cü pillədə gedən komandanı qəbul edən Ələsgərovun qarşısına mövsümün sonunadək adaptasiya olunmaq, bir il sonra isə Güclülər dəstəsinə çıxmaq vəzifəsi qoyulur. Ancaq azərbaycanlı “qrossmeyster” belə şeyləri sevmirdi. “Nəyə görə elə ilk mövsümdəcə məsələni həll etməyək?”, düşüncəsi addım-addım komandasını uğura aparmağa vadar edirdi. Əvvəlcə, Nalçik, ardınca isə Orcenekidzedə (indiki Vladiqafqaz) qələbələr seriyasına start verən Ələsgərovun növbəti “əsər”inin qarşısını almaq artıq mümküncüz idi. Ələsgərovun xatirələrindən: “Komandanın əsas çatışmazlığı intizamsızlıq idi. Odessada ilk oyunumda Kutaisi “Torpedo”sunu 4:0 məğlub etdim. Klubun avtobusuna minəndə dəhşətə gəldim. İçəridə 60-dan çox insan var idi. Mənə lazım olanlardan başqa, avtobusda futbolçuların arvad-uşaqları da əyləşmişdilər. Odessalılara tərbiyə vermək lazım idi. Hamısını avtobusdan qovdum, futbolçuları isə cəzalandırdım! Həmin günü onları evə buraxmadım. Gecəni bazada keçirdik”. Gənc ukraynalı futbolçuların ən böyük probleminin psixologiya ilə bağlı olduğunu görən “Lətifoviç” tezliklə onların ayaqlarını gecə gəzintiləri, içkidən kəsdi. “Futbolçunun işi futbol oynamaqdı”, deyən Ələsgərov komandasını Güclülər dəstəsinə çıxaranda da təəccüblənmədi. O, yetirmələrini inandıra bilmişdi. İnandıra bilmişdi ki, onlar hamıdan yaxşıdırlar. Bu inam hesabına da 1-ci dəstədə çempionluq gəldi. Bundan artığını kim tələb edə bilərdi? Odessa şəhərinin rəhbərliyi toy-bayram etdiyi bir vaxtda, Əhməd müəllim yetirmlərinə qalib psixologiyasını aşılamaqda davam edirdi. Artıq elitada “bürünc” qoxusu gəlməyə başlayanda SSRİ Futbol Federeasiyası da çaşqınlıq içərisində idi: “Axı bu, necə olur”? Hətta elmi qrup göndərərək, Ələsgərovun iş prinsiplərini öyrənməyə də cəhdlər olundu.
Sonra isə UEFA Kubokunda “Latsio” ilə iki görüşün nəticəsinə görə qələbə cibdə olduğu bir vaxtda, hakim azərbaycanlı Maestronun komandasını məhv edən penalti təyin edir. Lakin məğlub olmalarına rəğmən, İtaliya nəhəngi Ələsgərovu komandasına gətirməyi qərara alır. Roma təmsilçisinin ovaxtlı prezidenti Roberto Lavattiyə Ələsgərovla ancaq SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının iştirakı ilə danışıq aparmaq icazəsi verilir. Təbii ki, danışıqlar heç ikinci mərhələyə keçmir.
Müstəqillik dönəmində millimizin ilk oyununda komandamızı baş məşqçi kimi Gürcüstanla oyuna çıxaramaq şərəfi də Əhməd Ələsgərova nəsib olub. 1999-cu ildə UEFA Kubokunda keçmiş Yuqoslaviyanın ünlü “Srvena Zvezda”sı ilə “Neftçi”nin oyunu isə hələ də yaddaşlardan silinməyib. Bəli, Ələsgərovun növbəti sənət əsəri yekunda məğlub oldu. Ancaq hesabın 2:0-dan 2:3-ə dəyişməsində onun səhvi yox idi. “Neftçi”nin sərgilədiyi futbol, oyunçularımızın boyundan hündürə tullanması isə məhz baş məşqçilərinin onlara özünəinam hissini aşılamasından qaynaqlanırdı. Avqustda baş tutan bu görüşdən cəmi 1 ay sonra millinin “sükanı arxası”nda Portuqaliyaya qan uddurmağı bacardı, “Lətifoviç”. Həmin qarşılaşma 3 hissədən də çox davam etdi. İlk yarı başa çatdıqdan sonra projektorlar söndü və oyunu ertəsi gün yenidən keçirmək qərara alındı. Tərəzinin bir gözündə hamı tərəfindən əzilən Azərbaycan yığması, digər gözündə isə Luiş Fiqu və dostları ilə dünyaya səs salan Portuqaliya. Fiziki durumun olduqca aşağı olduğu bir komanda Portuqaliya yığması ilə ardıcıl 2 gün hansı keyfiyyətlər hesabına mübarizə apara bilərdi? Kim inana bilərdi bu yığmaya? Yalnız O! Həm inandı, həm də inandırdı! Zaur Tağızadənin Vitor Bayanın ayaqları arasından vurduğu qola cavab yalnız 94-cü dəqiqədə gəldi. Əlsəgərov isə öz yumuşaq gülümsəməsiylə ənənəsinə sadiq idi. Onun üçün bu, sıradan bir nəticə idi. Sadəcə, qocaman məşqçi öz bacardığı kitabın daha bir səhifəsini yazdı…
Dünən alınan xəbər AFFA tərəfindən adekvat addımlar tələb edirdi. Təəssüf ki, Əhməd Ələsgərovun cənazəsini Bakıya gətirmək yolunda heç bir addım atılmadı. Nədənsə yadıma Müslüm Maqomayev düşdü. Maqomayevi Bakıya gətirmək, Fəxri Xiyabanda dəfn etmək mümkün oldu. İncəsənətdə Maqomayevin əldə etdiyi uğurlara kölgə salmaq istəmirəm. Ancaq futbolda bir Əhmədimiz olub. O Əhməd ki, ən çətin anlarda “Neftçi”mizin, millimizin, ölkəmizin yükünü çiyinlərində daşıyıb… O, bunu dəfələrlə etdi. Biz isə bir – özü də sonuncu dəfə onu çiynimizdə son mənzilə daşımadıq. Hərçənd Fəxri Xiyabanda dəfn olunmağa layiq idi. Onu son mənzilə yola salmaq üçün Oqtay Abdullayev və Rüstəm Rəhimov yollandılar. “Neftçi”yə, demək olar ki, heç bir aidiyyatı olmayan insanlar. Bu da AFFA-nın futbolumuz üçün canlarını fəda etmiş insanlarımıza verdiyi dəyər.
Allah rəhmət eləsin!




Fikirlərini bizimlə bölüş!