Əvvəllər, lap əvvəllər Azərbaycanda stadionlarının tribunaları dolardı. Bu dolu tribunalarda əyləşənlər peraşki yeyib, avtobusla məşqə gələn futbolçuların meydandakı gərgin mübarizəsinə tamaşa edər, ürəklərinin dərinliklərində sevgi bəslədikləri komandanın qələbəsi üçün azarkeşlik edərdilər. Həmin vaxtlar Azərbaycanda danışılmış oyunlar, sifarişli hakimlik olsaydı belə, insanlar ölkə futbolundan iyrənmək barədə düşünmürdülər.
Ovaxtlar bizim futbolda notarius təsdiqli müqavilə-zad da olmazdı, hər şey “kişi sözü”ylə həll olunar, klub rəsmiləri məşqçilərə, məşqçilər futbolçulara, futbolçular da azarkeşlərə inam bəsləyib, hörmət edərdilər. Onda bizim futbolda tərcüməsini də düz əməlli bilmədiyimiz “Fair Play” deyilən bir anlayış da vardı. Futbolçular meydanda “Fair Play”in qaydalarına uyğun hərəkət edəndə tribunalar da bunun cavabını alqışlarıyla verirdilər.
Bütün bunlar artıq keçmişdə qalıb. İndi dövran da dəyişib, futbolumuz da. Ölkə çempionatına bukmeker kontorlarının ayağı açılandan futbolumuzun olan-qalan dadı-duzu da qaçıb.
“Neftçi” – “Rəvan” qarşılaşmasının 70-ci dəqiqəsində qonaq futbolçulardan bizi zədələnərək yerdə qalmışdı. Bunu görən Hüseyn Axundov topu meydandan çıxardı. Oyun bərpa olunanda isə Mirhüseyn Seyidov aut atışıyla topu rəqibinə qaytardı. Futbolumuza haram qarışmayan vaxtlarda Seyidovun bu hərəkəti tribunaları ayağa qaldırardı. Amma bu qarşılaşmada Mirhüseynin hərəkətini vecinə alan olmadı. Hələ mən oyundan sonra Güloğlan Cabbarovla Pavel Doroşevin xərəkdə uzanan Kamal Bayramovu meydan çıxarmasını demirəm. Əminəm ki, həmin epizod FİFA-nın 2014-cü il üçün “Fair Play” mükafatına layiq görülə bilər. Bizim futbolumuzda heç də hər gün bu cür gözəl anlara şahidlik etmirik axı. Nə yazıq ki, baş verən xoşagəlməz hallar azarkeşləri tribunalardan qaçaq salıb, ölkə çempionatına marağı azaldıb.
İsmət Qayıbovun adını daşıyan stadionda qeyd etdiyim tarixi anlar yaşanırkən çempionluğunu cəmisi 5 gün əvvəl elan edən “Qarabağ” turnir cədvəlinin sonuncusu “Sumqayıt”a təslim olmuşdu. Bu həmin “Qarabağ”dı ki, mövsümü yüksək səviyyədə keçirib, önünə gələnin qapısına 3-4 top vurmadan sakitləşməyib. “Qarabağ”ın bir neçə gün bundan əvvəl darmadağın etdiyi “İnter”i “Sumqayıt”la müqayisə etmək belə mümkün deyil.
Bəs nə oldu birdən-birə? Azərbaycan futbolunu kim belə açıq bazara çevirib? Az qala hər tur Premyer Liqanın bir oyunu şübhəli sayılır, həmin qarşılaşmaya “Topaz” pul qoyuluşu qəbul etmir. 35–ci turda “Sumqayıt” – “Qarabağ”, bir tur əvvəl isə “Qəbələ” – “Bakı” oyunu siyahıdan çıxarılmışdı. Analoji hal hər dəfə “İnter”lə “Simurq” qarşılaşanda da müşahidə olunur. Olmaya “Topaz” özü sponsorluq etdiyi çempionatın təmizliyinə inanmır? İnanırsa, niyə oyunlardan şübhələnir? İnanmırsa, niyə sponsorluq edir? Sponsorun şəffaflığına inanmadığı çempionatda təmiz mübarizə getdiyinə sıravi azarkeş necə inansın? Bu suallara PFL və “Topaz” rəhbərliyindən cavab verə bilən tapılsa, mən də Azərbaycan Premyer Liqasının təmizliyinə, oyunların “Fair Play”in bütün prinsiplərə uyğun keçirildiynə ürəkdən inanaram.
Yadınızdadısa, AFFA “Xəzər Lənkəran” – “Rəvan” qarşılaşmasına xüsusi komissiya göndərmişdi. Guya, kişilər danışılmış oyun olacağından şübhələniblərmiş. Görəsən, həmin komissiya “Sumqayıt”ın “Qarabağ”la oyununda müşahidələr aparıbmı? Aparıbsa, “köhlən atlar”ın “Gənclik şəhəri”ndə büdrəyib, yerə sərilməsinə necə izah veriblər? Azərbaycanın analoqu olmayan ölkə olması haqda çox eşitmişik. Bu, doğrudan da belədi. Elə futbolumuz da ölkəmizə oxşardı. Dünyadan ikinci belə ölkə çempionatı yoxdu ki, bukmeker şirkəti həmin çempionatın sponsoru olsun və sponsorluq etdiyi yarışa əmsallar açıqlayıb, mərc qəbul etsin. Bu ölkədə “Fair Play”in anasını çoxdan ağlar qoyublar…




Fikirlərini bizimlə bölüş!