Gəncənin səbət bazarında şıdırğı alver gedir. Hər dəfə Novruz bayramı ərəfəsində məmurlar daha “yuxarı”ların yanında hörmət-izzət qazanmaq üçün növbəyə düzülür, “Gəncə səbəti” sifariş verirlər. Bu səbətlərə dünyanın o qədər naz-neməti qoyulur ki, yesə, ölü də dirilər. Qiyməti də belindədir. 700-dən başlayan qiymətlər 1300-1500-ə qədər qalxır.
Səbət dedim, yadıma Əlizadə Fərman düşdü. Daha doğrusu, onun başında durduğu klubun adından barışmaz rəqibə göndərdiyi “Gəncə səbəti”. AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun “Qaquliklər” klubunun “Farik” ləqəbli üzvü klubun büdcəsindən 2 səbət üçün 2360 manat pul ödəyib. “Neftçi” rəsmisi Cenk Sümərə ölkəmizdə məmur "adət-ənənə"sinin necə nizamlandığını göstərmək istəyib. Amma səbətlə bir növ əzəmətli “Kəpəz”ı ən prinsipial rəqibinin ayağına atıb. Səbət yəqin ki, Cenk bəyin xoşuna gəlib. O cür paydan kimin xoşu gəlməz ki?
“Neftçi” rəhbərliyində yer alan dostu Kamil Məmmədovun məsləhəti ilə göndərilən sovqat yəqin ki, Gəncə-Bakı istiqamətində sonuncu olmayıb. Yeri gəlmişkən, pay göndərmək üçün Novruz bayramı tam zamanıdı, yoldaş Əlizadə! Onsuzda “Neftçi” ilə oyunlarda 3 xalı rəqibə peşkəş eləmisiz. Klubunuz DTX tərəfindən ölkəmizə qarşı iqtisadi cinayətdə ittiham olunan Adnan Əhmədzadənin biznes şəriki Adil Vəliyevin əlinə keçəndən “Neftçi”dən xal almaq istəmir. Niyə? Səbəti bildik, yoxsa, bunun da buyruğu Kamildən gəlib?
Əlizadə Fərman deyə bilər ki, səbəti klubun büdcəsindən yox, öz pulundan göndərib. O daha pis. Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununa əsasən, vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı hədiyyənin (dəyərindən asılı olmayaraq) verilməsi korrupsiya şəraiti yaradan hal sayılır, xüsusilə də bu, qərəzsizliyə təsir etdikdə. Statusdan və səlahiyyətlərdən şəxsi maraqlar üçün istifadə isə birbaşa korrupsiya hüquqpozmasıdır. Bu cür hallar aşkar edildikdə, həmin şəxslər intizam, mülki, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Di gəl…
Rakif Alizadə




Fikirlərini bizimlə bölüş!