Altı ildən artıq yığmanı çalışdıran, Azərbaycanda işlədiyi müddətdə ilə 1 milyon dollara yaxın məvacib alan Berti Foqtsun bir millət kimi bizi bəyənmədiyini, Almaniya mətbuatına verdiyi açıqlamalarda azərbaycanlıları futboldan anlayışı olmayan xalq kimi kimi təqdim etməsi yeni fakt deyil. Elxan Məmmədovun sayəsində (utanmadan Foqtsla bu gün də mesajlaşdığını mətbuata bəyan edir) Almaniyanın ən ödənişli təqaüdçüsü statusunu qazanan 68 yaşlı Foqtsun Azərbaycan və azərbaycanlılar haqda hansı fikirdə olduğunun şahidlərindən biri də “Xəzər Lənkəran”ın tərcüməçisi Elvar Quliyevdi.
Con Toşak cənubluların baş məşqçisi postunu tutarkən günlərin birində almanla işgüzar görüşü olub. Həmin randevuda Quliyev də iştirak edib. Görüşdə eşitdiklərini isə “feysbuk”dakı profilində bölüşüb. Cənubluların tərcüməçisinin şahidi olduğu faktı açıqlaması gələcək üçün AFFA rəhbərliyinə bir dərs olmalıdı. Onlar kimlərlə işbirliyinə getdiklərinin fərqində olmalıdılar. Ancaq nədənsə Quliyev xalqımızı təhqir edən Foqtsun bu fikirlərini çox gec bəyan edib. Yaxşı olardı ki, bir azərbaycanlı kimi şahidi olduğu söhbətin xülasəsini vaxtında mətbuata açıqlayaydı. Buna görə heç kim onu xalq düşməni elan etməyəcəkdi. Nə bilmək olar, bəlkə də kimlərsə AFFA ilə münasibətləri korlamamaq üçün Quliyevə söhbəti açıb-ağartmamağı tövsiyə edib. Azərbaycan reallığında nə desən, gözləmək olar.
“Gəmiçilər”in tərcüməçisinin Foqtsla bağlı xatirələri belədi:
“Toşakın “Xəzər Lənkəran”da işləyən vaxtları idi. Şıxovdakı “Ramada” otelində qalırdıq. Dedilər ki, Berti Foqts baş məşqçimizlə söhbətə gələcək. Və gəldi. Həmin an Toşakla otelin lobbisində indi xatırlamadığım bir məsələ haqda söhbət edirdik. Köhnə tanışlardı deyə, ayağa qalxıb, onları baş-başa buraxmaq istədim. Foqts məni Toşakın əcnəbi yardımçısı sanıb, getməyə qoymadı. Oturdum yanlarında. Başladı futbolumuz, insanlarımız haqda ağzına gələni danışmağa. Toşak da arada bir mənə baxır ki, bəs bu nə danışır. Onsuz da Foqtsu məşqçi kimi heç vaxt bəyənməmişəm. Necə şəxsiyyət olduğunu da gördüm. Sadəcə, adam millimizin neçə illər belə birisinə həvalə edilməsinə təəssüflənir. Bu cür də davam et, Prosineçki!”
Yazdığı statusla bağlı Elvar bəylə əlaqə saxladıq. Tərcüməçi ilə söhbətdə niyə vaxtında bu məsələni ictimailəşdirməməsinə də toxunduq:
“Əvvəlcə onu bildirim ki, Toşakla Foqtsun görüşü təxminən 3 il öncə olub. Mən də türklər demişkən, qulaq müsafiri olmuşam. Niyə vaxtında bu fikirləri bölüşməmişəm? Hər bildiyimi, Azərbaycan futbolunda gördüklərimi və şahidi olduqlarımı yazmalı olsam, gərək indiyə qədər 2-3 kitab çap etdirəydim. İnanıram ki, hamısı da bestseller olardı. Bu statusu da təsadüfən yazdım. Lənkəranda aşağı yaş qruplarının məşqçiləri ilə yığmanın Xorvatiya ilə oyununa baxırdıq. Matç başa çatandan sonra bir anlıq Foqtsla Toşakın görüşü yadıma düşdü. Və ona görə də sözügedən statusu yaz-dım. O ki qaldı “Ramada”dakı görüşdə səslənən fikirlərə, qeyd etdiyim kimi, artıq həmin hadisənin üstündən 3 il keçib. Bütün detallar yadımda deyil. Ancaq ümumi onu deyə bilərəm ki, Foqts elə danışırdı ki, sanki azərbaycanılılar çukçadı. Topu da ilk dəfə o Azərbaycana gələndən sonra görmüşük. Bizim mütəxəssislər ancaq həvəskarlar arasında işləyə bilərlər. Hətta Toşak bir neçə dəfə ona “burda iş bilən, futboldan anlayışı olan insanlar da var” desə də, Foqts ağız-burnunu əyib “bunlar nə bilir futbol nədi” söylədi. Prosineçkinin rəhbərliyi altında millinin son 3 qarşılaşmada normal futbol sərgiləməsi, sərfəli nəticə qazanması sübut etdi ki, biz futbol oynamağı bacarırıq. Sadəcə, yığmaya normal, işini düz-gün quran baş məşqçi lazımdı”.




Fikirlərini bizimlə bölüş!