Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Fransa ilə oyunun nəticəsindən asılı olmayaraq…

Bu gün Fransa ilə oynayacağıq. Gözləntilərinizin nə olduğunu bilmirəm. Öz fikrimi deyim. Böyük hesablı məğlubiyyət olmayacaq. Son üç oyunun fonunda nəticə çıxarmaq olar ki, samballı, məzmunlu oyun da olmayacaq. Ayxan Abbasovun "avtobus"u yenə dayanacaq cərimə meydançamızın qabağında. Gələcəklər-gələcəklər… 100 hücumdan biri, ya da ikisi, ya da üçü qol olacaq. Bəlkə də, zəlzələdən-vəlvələdən bir qol da biz vura bildik… Bugünkü oyunun spoylerini verdim sizə.

Beləliklə milli futbolumuzun təməldə gerilədiyi növbəti tsikli geridə qoyacıq. Növbəti il, milli komanda ətrafında illərin yarıtmaz siyasətinin sonluğu, Avropa futbolunun son eşalonunda başlayacağımız Millətlər Liqası var.
Bizi buralara qədər düşürmüş futbol idarəçiləri papaqlarını qabaqlarına qoyub yaxşı fikirləşməlidilər. Fransa ilə oyunda məzmun və nəticə nə olur olsun, yerli məşqçi xəttindən qətiyyən vaz keçmək olmaz!

Bəli, razıyam, milli komandanın normal futbol oynamasını çətin qılan digər amillər çoxdur.
Yerli oyunçuların oynamaması, seçim məhdudiyyəti və.s. Bunlar geniş bir strateji planlama ilə aradan qaldırılası problemlərdir. Belçikalıların yazdığını demirəm. Ondan ölkə futbolu fayda görməyəcək.

Əvvəlcə bu faydasızlıqdan doğan nəticələrdən dərs çıxarıb ağıllanmağımız üçün vaxt tələb olunacaq. İndi mənim buradan yazdıqlarımla, əlbəttə, filan qədər qonarar bahasına başa gəlmiş, törənlə təqdim olunmuş strategiyanı zibilə atmayacaqlar. O strategiya özü zibil olsa da, eşələnəcəklər içində. 2 il, 3 il. Sonra aydın olacaq ki, bundan xeyir yoxdu. Ümid edirəm, inanıram ki, 3 il çəkər. Lakin geridə qalan illər bizə, ümid edərkən də ehtiyatlı danışmağı öyrədib. Bəlkə də gec…

Sual oluna bilər ki, onda bu məşqçi məsələsinin yerlisi ilə xaricisinin nə fərqi olur?
Fərqi o olur ki, futbolu idarə edənlərin reallıqları idrak etməyə xərclədikləri illər ərzində yığma uğur qazana bilməsə belə, biz bir yerli məşqçimizə, öz azərbaycanlımıza beynəlxalq təcrübə qazandıra bilərik. Onu məşqçi kimi yetişdirə, futbolu idarə edənlərin ağıllanacağı vaxta hazırlayarıq.

Ona görə də, Fransa ilə oyunun nəticəsindən asılı olmayaraq, il sonu keçiriləcək AFFA İcraiyyə Komitəsinin toplantısında yerli məşqçilərdən biri ilə anlaşılması şərtdir. Öyrənən, inkişaf edən biri ilə…

İşi sırf yığma komandanın inkişafı olacaq biri ilə… Klubundakı maaşdan yapışan adam yox. O adamın inkişaf üçün vaxtı ola bilməz. Milli komandanın baş məşqçisi kimi klubda işləməyi özünə rəva görənin heç inkişaf perspektivi də yoxdu.

Ötən dəfə də qeyd etdiyim kimi, bu məşqçinin müqavilə müddəti ərzində nəzərdə tutulan iş planı ictimaiyyətə açıqlansa lap əla olar. Vaxt vermək və bütün yığma komandalar üçün vahid oyun modeli üzərində ciddi iş aparılması üçün dəstəkləmək lazımdır.

Yığma komandanın nəticə verməsi isə gələcəyin, həllini gözləyən bir çox digər məsələlərin həllindən asılı olacaq. Fransa ilə oyunun nəticəsi nə olur-olsun…

Fikirlərini bizimlə bölüş!