Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Əlvida, Fransa, hazırlaş, Bakı…

Avropa çempionatına final gecəsi baxanlara sözün həqiqi mənasında yalnız qibtə edirəm. Gözəl bir oyun izlədilər, Ronaldoya görə üzüldülər, Fransanı qınadılar və gecə oyun bitəndə də rahat yatdılar.

Amma bir aydır gecə-gündüz futbolla yatıb-duran adam kimi ekran qarşısında Fransa millisinin oyunçuları kimi donmuşdum, dodağımın altında “Portuqaliya çempion oldu” deyə, mızıldanırdım. Fransanın əleyhinə sloqanlar da dedim: “Bu cür tarixi şansı əldən verdi”, “kənd müəlliminə oxşayan Santuşun hiyləgər oyun taktikasına aldandı və uduzdu”. Və sair…

Allah Rusiya televiziyalarının şərhçilərindən razı olsun, bizimkilərə bu bir ayda baxmadıq, amma deyirlər, arada biabırçılıqlar ediblər. Məsələn, Xorvatiya Türkiyənin qapısına qol vuranda şərhçi uzun-uzadı “qoooollll” qışqırıb…

Hə, rus şərhçilər oyun boyu Portuqaliyanın çempion olacağı ssenarisinə də tamaşaçını hazırlamışdılar. Tez-tez “Portuqaliya anti-futbol oynayır, amma bir top hər şeyi həll edir” deyərək…

Portuqaliyaya antipatiyanı yaradan səbəbi heç özüm də bilmirəm, komandanı da, liderini də sevmirəm və etiraf edim ki, çempion olmasına etiraz olaraq televizoru söndürdüm də. Bir ay yaz, izlə, gözlə, amma sonluğa baxma! Bir aylıq zəhmətimizin qonorarını aldıq e, amma… çempion ki, Portuqaliya oldu, çempionatın dadı qaçdı. İslandiya çempion olsaydı da, eyni düşüncədə olardım, Albaniya da, hətta İsveçrə də… 2004-cü ildə Ronaldo finalda Yunanıstanın anti-futbol komandasına 1:0 qurban gedib ağlayanda da, bu çempionluğu çoxları kimi qəbul edə bilməmişdim.

Yazmışdım: “Portuqaliyanı durdurmasalar, bu bəxtlə çempion da olacaq”. Son dəqiqədə dirəkdən dönən top bəxt deyildi, bəs nə idi?

Komandanın seçmə mərhələdə də bəxti gətirmişdi… Rəqiblər xeyli zəifləmiş Danimarka, eləcə də Serbiya və “ölü” Ermənistan idi. Komanda yalnız seçmə mərhələnin ilk oyununda Albaniya millisinə 1:0 uduzdu. Sonra Santuş gəldi, komanda qəddini düzəldib qrupda birinci yeri tutdu. Fransa çempionatında da ən zəif hesab olunan qrupa düşmüşdü. Amma özü o qədər zəif oynadı ki, İslandiya, Macarıstan və Avstriya qrupundan üç heç-heçə edərək zora çıxdı. Fəqət yenə bəxti gətirdi, üç xalla qrupdan çıxan yeganə komanda oldu! Üç xalla kimlər evə döndü, bilirsiz…

***

Biz yenilikçi nəsil deyilik, bir az köhnə futbolu sevdik, “kişi kimi oynayan” və qalib gələnləri…

Özümüz də uşaq vaxtı çox top qovduq, uduzanda göz yaşı tökdük, qalib gələndə sevindik. Amma ədalətsiz oyuna etiraz da edərdik: topu cırardıq, qaçırdardıq, qapıları uçurdardıq, meydanı yarımçıq tərk edərdik… Biz ədaləti və ədalətsizliyi sovet uşaqları kimi meydanda görə bilirdik, ədalətsizliyə də orada etiraz edirdik.

İndi hər şey, istədiyin futbolçu belə, kompüter oyunlarında var, istərsən sənə qoşulub səhərədək qol vurar. Biznesmen əmilər uşaqların həyətdə top oynamağa yerlərin də alıb ev tikib. Daha meydanda gördüyü ədalətsizliyə etiraz edən uşaqlar da azalıb. Portuqaliyanın çempionluğu bizim indiyədək həyatda üzləşdiyimiz ədalətsizliyin bəlkə də ən ziyansızıdır, amma yenə də adama təsir edir…

Bu çempionatda favorit olmadı, hamı aşağı-yuxarı eyni gücdə idi. Elə Portuqaliya da, Fransa da. Amma müqayisəyə gələndə üstünlüyü Fransaya vermək olardı. İndi bicəltək oyunçularla bərabər kələkbaz məşqçilər də meydana çıxıb. Didye Deşam Almaniyanın baş məşqçisini “yedi”, Santuş finalda onu.

***

Final üçün müxtəlif variantlar vardı: Almaniya-İtaliya, Belçika-Fransa, Almaniya-Portuqaliya və sair… Bu çempionatda heç proqnoz vermədim, çünki bunun nə dərəcədə boş və mənasız iş olduğunu bilirdim, indi də hamı bildi…

Fransa favorit deyildi, amma üstünlüyü… kimi torpağında oynamasını hamı deyirdi. Fransa da daxil hamı bizə deyir ki, torpaqdan erməniyə pay verin, hər yer torpaqdır, hamı yaşamalıdır, Yer hamımızındır. Amma belə həssas məsələlər ortaya çıxanda özləri doğma torpaq faktını önə çəkirlər. Fransa öz torpağında uduzduğu üçün daha çox üzüldü, Portuqaliya da yad torpaqda, ev sahibinə qalib gəldiyi üçün daha da qürurlandı. Fransa evində uduzmasının nə olduğunu bir daha gördü, bizi Qarabağ adlanan evimizdə məğlub duruma salan siyasi hoqqabazlar üçün bir dərs olsun gərək. Final gecəsinin qarışıq əhval-ruhiyyəsindən doğan bir nəticə də bu idi, ürəyimdə qalmasın deyə yazdım…

***

Fransa "Avro-2016"nı yaxşı təşkil etmişdi, bunun oradakı atmosferdən də duymaq olardı. Təcrübə öz sözünü deyir. Bizimkilər bir aydır "Formula-1" yarışmasının beton piltələrini, tribunalarını söküb qurtara bilmir. Bunu niyə yada salıram? Çünki 2020-ci ildə Avropa çempionatının final oyunlarının keçiriləcəyi 13 şəhər sırasında Bakı da var.

2014-cü ilin sentyabrında verilən qərara görə, 16-cı Avropa çempionatı Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək.

Bunlardan 4-ü – Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə pley-offun 1/8 final qarşılaşmaları baş tutacaq. Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Final qarşılaşması “Uembli” stadionunda keçiriləcək.

AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad olmayacaq.

***
Azərbaycanın bu cür mötəbər turnirdə ev sahiblərindən biri olması yola saldığımız Avropa çempionatının sonunda çox xoş hislər yaradır. Nəhayət, böyük futbol bayramı Azərbaycana da gələcək. Azərbaycan tədricən təcrübə toplayır, bundan sonra da yarışlar var. Amma yanlış nədir? Bundan doğru istifadə etməmək. Azərbaycan bu çempionatda İslandiya ilə çox müqayisə olundu, futbolumuzun səviyyəsi tənqid edildi. Klub səviyyəsində hansısa uğurlar var. Amma ölkənin yaxşı futbol oynamağı bacaran milli komandasının olması hər şeydən – milyonlarla xərc tələb edən yarışlardan, reklam roliklərindən daha təsirlidir. İslandiya və Uels milliləri bunu sübut etdi.

***
Çox da pessimist olmayaq. Vaxtilə bizim üçün ulduz futbolçular əlçatmaz idi. İndi onlardan daha qiymətlilərini Bakı stadionlarında görürük.

İki il sonra Rusiyada dünya çempionatıdır, daha 2 il keçəcək Avropa çempionatının həyəcanı Bakıya da gələcək. Bəlkə bizim milli komanda elə yarımfinalda öz torpağında oynayacaq. Portuqaliyanın çempionluğundan sonra bu mənə möcüzə kimi gəlmir…
Rusiyada və Bakıda görüşənədək…

Fikirlərini bizimlə bölüş!