Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Liderə salam dur!

Dəqiq tarixini xatırlamıram, amma “böyük oyun"un lənkəranlılar demiş, "bura-bura" vaxtları idi və bu dəfə "Neftçi"ni “ağ-yaşıllar” evində qəbul edirdi. Tarixi unuda bilərəm, amma dəqiq yadımdadır ki, onda heç "Qarabağ"ın ilk hərfinin adını tutan yox idi. Sadıq Sadıqovun, Hafiz Məmmədovun, Mübariz Mənsimovun, Cahangir Hacıyevin xərclədikləri pulun qarşısında “Qarabağ” rəhbərliyi geniş imkanlar yaratmamış, komandaları isə indiki qədər iddialı və güclü deyildi. Heç "Qəbələ" yada belə düşmürdü.

Hər nə isə, mövzudan uzaqlaşmayıb “böyük oyun"a qayıdım. Matçdan bir gün öncə "Neftçi" "fırtınalar meydanı"nda oyunöncəsi son məşqinə çıxmışdı. Sadıq Sadıqovun “dədə” kəlməsinin "Neftçi" düşərgəsində çox məşhur olduğu dönəm idi. İki süpürgəçi qadını maşınının təkəri altında qoyan, ölümə səbəb olub, bir saat belə, həbsxana üzü görməyən Araz Abdullayev heyətdə var idi, yox idi, xatırlamıram. Amma yadımdadır ki, klubun bir “İkarus” avtobusuna sığan mühafizə xidməti iş başında idi və "Bakı"nın futbolçusu Elvin Əliyevi yenicə qanına qəltan etmişdilər.

Həə, oyunöncəsi son məşq üçün qonaq komandanın prezidenti əda ilə ehtiyat oyunçular skamyasında tərəf irəlilədi və oturub komandasının məşqini izləyərkən, mənim onlarla ara məsafəm 3-5 addım olardı, ya olmazdı. Bu zaman klub prezidentinin yanında oturanlardan biri ayağa qalxdı, gödəkçəsini xüsusi hərəkətlə qolu ilə yana verib, belindəki tapançanı boş tribunalara göstərərək” “Dədə, deyirsınız sabah buralar dolu olacaq hıı? Hə, noolsun?" deyərək, yenidən qalxdığı oturacağa əyləşdi. Bu sözü, sualı niyə verdi, bilmirəm, amma sabahı, yəni oyun günü bir dava düşdü, bir haray oldu, lənkəranlı azarkeşlər əzəli rəqibinin futbolçularını “Xəzər Lənkəran”ın paltardəyişmə otagına kimi qovdu, gecə saat 3-ə kimi qonaqlar Lənkərandan çıxa bilmədi, bütün bu hadisələrin mərkəzində oldum, amma həmin beli tapançalı adamı görə bilmədim.

Bu əhvalatı niyə xatırladım? İndi “Neftçi”nin prezidenti postunu Kamran Quliyev tutur və aydın məsələdir ki, onun yanında heç vaxt silahlı adam görmək mümkün deyil. Özündən əvvəlki rəhbərlərin çoxunun gücünün, hikkəsinin heç 10 faizi Quliyevdə yoxdur, amma mən inanmıram ən azı Quliyevin aldığı tərbiyə, təhsili imkan versin ki, iki süpürgəçini əzib keçən futbolçusunu xilas etməyə çalışsın. Mən buna inanmıram! Başa düşürəm ki, bir gecədə bir neçə il prezidenti olduğu klubu “Neftçi”yə dəyişən Kamran Quliyev nə qədər çalışsa da, müstəqil prezident, güclü şəxsiyyət obrazında görünə bilməyəcək, amma bacarıqlı kadr imicini hamı qəbul edəcək. Amma əmin olun, Quliyevin hakimlərin otağını təpiklə açacağına, rəqib komandanın futbolçusunu mühafizəçilərə döydürdüyünə şahidlik etməyəcəyik. Mən buna inanmıram. İnanmıram ki, "Neftçi" çempion olanda matçlarda ədaləti qoruyan hakimlər Quliyevi öpmək üçün növbəyə duracaq. Bu mənada, indiki “Neftçi”nin uğuru illərdir onun əzəli rəqibinin düşərgəsində çalışan biri kimi məni sevindirir. Bunu əsla gizlətmirəm. Düzdür, 8 komandalı çempionatda 5 klub bir cibdən, bir əldən idarə olunur. “İstəsələr "Neftçi"nin çempionluğu üçün pərdəarxası oyunlara gedərlər" kimi iddiaları qəbul etmək olar. Di gəl ki, "Neftçi" əsas rəqibi "Qarabağ"ı asanlıqla məğlub etməyi bacarırsa, az qala həftənin tək günləri bir, cüt günləri başqa çalışdırıcı ilə meydana çıxan "Keşlə"ni niyə də ədalətli oyun prinsipi ilə məğlub edə bilməsin? Hər aşığın bir dövranı var… Nəhayət, son 3-4 ildə lider dəyişib deyə, "Neftçi"ni bu qədər əzməyə, lağ etməyə, uğuruna kölgə salmağa dəyməz. Türklər demiş – liderə salam dur!

Fikirlərini bizimlə bölüş!