…və orda Azərbaycan da var
Bu gün-sabah futbol azarkeşliyimin 30 ili tamam olacaq. AÇ-88 alatoran yadımdadı, DÇ-90 isə indiki kimi… “Barselona” 1994-cü ildə ÇL-in finalında “Milan”a 0:4 uduzan gecə ağlayırdım; uşaq ağlımla inanırdım ki, oyun ləğv olunacaq və “Barsa” çempion olacaq. DÇ-94-də atamın işlədiyi yerdə bığıburma kişilərlə qrup mərhələsi oyunları üçün mərc turnirinə qatıldım və pulu 25 nəfər arasında tək götürdüm.
Amma milli futbolumuz olan gündən, ürəyim həmişə ÖZ KOMANDALARIMIZla döyünüb. Hətta, dost-tanışdan Azərbaycan futboluna qəti marağı olmayanlar üçün lağlağı materialı olub bu həmişə. Hər tsikldə 1 qələbəni qənimət bilən yığma, avrokuboklarda 1 mərhələ keçməyi uğur sayılan klublar. İntertoto kimi heç kimə lazım olmayan turnirdə “Qarabağ”ın “Makkabi”ni keçməsi ilə fəxr edirdik. “Neftçi” “Lokomotiv”i Bakıda 2:1 udanda necə sevinirdik…
Futbola olan uşaq həvəsi öləndən sonra isə (azı 15 ildi) mənim üçün, ümumiyətlə, əcnəbi futbolu, sadəcə, qladiator döyüşüdü. Şoudu. Kimin udmasının prinsipial əhəmiyəti olmayan oyundu. Bu müddətdə uzağı qardaş Türkiyənin komandalarının uğurlarına sevinmişəm. “Fənər”in “Sevilya”nı, “Cim-Bom”un “Şalke”ni keçib ÇL-də 1/4 finala yüksəlməsi, təbii ki, xoş idi. Vəya Türkiyə yığmasını Avropa çempionatında yarımfinala qədər izləmək…
Bir futbol azarkeşi kimi xəyalımı süsləyən iki uğur olub həmişə: yığmamızı AÇ və ya DÇ-nin əsas turnirində görmək və ÇL. Bu gün “Qarabağ” 20 illik sadiq milli futbol azarkeşinin xəyallarını gerçəkləşdirdi. Özümü 15-16 il əvvəl “Boavişta” çempion olanda göz yaşlarını saxlaya bilməyən yaşlı fanat kimi hiss edirəm. Kamranın sabiq, Eminin indiki komandasının Portuqaliyadakı yeri elə təxminən bizim dünya futbolundakı yerimiz kimi bir şeydir. 3 nəhəngi geridə qoyub çempion olmaq isə “Kopenhagen”i adlamaqdan belə çətin idi. Və baş vermişdi…
23 avqust milli futbolumuz üçün tarixi gündü. Beləsi olmayıb. Bundan sonra bizi ancaq yığmamızın AÇ-yə və ya DÇ-yə vəsiqəni əldə etdiyi gün belə sevindirə bilər.
Vaxtilə bir zarafat var idi: futbol da bir dünyadı və o dünyada Azərbaycana yer yoxdu. Artıq o dünyada bizim də imzamız və yerimiz var…
Vüsal AYDIN
P.S. Bəli, “Çelsi”, “Atletiko”, “Roma”nın Azərbaycana gəlməsi xoşdu. Amma mən yenə də turnir uğurumuzun davamını və zəif rəqiblər arzulayıram.




Fikirlərini bizimlə bölüş!