Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Futbol Məkkəsi”, yoxsa lağ obyekti?: Gəncə 2017-ni gözləsin

Belə görünür ki, Azərbaycanda ən çoxsaylı futbol azarkeşi kütləsinə malik olan Gəncə əfsanəvi "Kəpəz"inin geri dönüşünü hələ bir neçə il də həsrətlə gözləmək məcburiyyətində qalacaq. Belə ki, nə qədər acınacaqlı fakt olsa da, ölkəmizin "Futbol Məkkəsi"ndə iddialı klubun formalaşdırılması üçün infrastruktur yoxdu. Və tez bir zamanda ortaya çıxması gözlənilmir.

Hazırda birinci divizionda baş girələyən, adı olub, əslində isə varlığı olmayan komandanın ev oyunlarını keçirdiyi 25 minlik şəhər stadionu qəzalı vəziyyətdədi. Bu dəhşətli mənzərədə futbol oynamaq və futbola baxmaq, nəinki təhlükəli, həm də utancvericidi.

Uzaq 1968-ci ildə, komanda SSRİ çempionatının yüksək liqasına vəsiqə qazananda istifadəyə verilmiş arenanın rekonstruksiyası sadəcə mümkün deyil. Söküb, yenisini inşa etmək daha sərfəlidi. Amma planda heç bu da yoxdu. Stadionu ilə vəziyyəti eyni olan "Kəpəz" xaraba qalmış məkanda can verir. Taleyin gərdişinə buraxılıb…

Yerli fanatlar "Karvan"ın uğurlarının memarlarından biri – Elmar Vəliyev 2011-ci ildə şəhərə mer təyin ediləndə bunu böyük sevinclə qarşılaşmışdılar. Böyük futbol həvəskarı icra başçısının təşəbbüsüylə dövlətin nəhayət, kluba gün ağlayacağını güman edirdilər. Amma "Kəpəz" Vəliyevin təyinatından sonra nəinki ölkə futbolunda lider mövqeyini bərpa etdi, hətta elitadakı yerini də itirib, lap miskin hala düşdü.

Onun AFFA və SOCAR-ın şəhərdə hava limanı yaxınlığında 30 minlik yeni stadion tikəcəyi haqda sözləri isə elə söz olaraq qaldı. Üstündən illər keçməsinə rəğmən, heç nə dəyişməyib. Vəliyevin gəlişiylə Nizami yurdunda müstəqillik dövründən bəri ən böyük quruculuq işləri aparılsa da, bu abadlıq-tikinti prosesi Gəncə idmanından, xüsusilə də futboldan tam yan ötüb.

Yuxarıda da vurğuladığımız kimi, bir neçə il əvvəl "Kəpəz"sevərlər daha layiqli himayəçi arzusunda idi. Pis-yaxşı, milli Premyer Liqada təmsil olunurdular. Ciddi uğurların yoxluğuna rəğmən, yenə azarkeş rekordları vururdular. İndi isə heç bu da yoxdu. Klub AFFA-dan aldığı qəpik-quruşa möhtac qalıb. Aşağı liqanın autsayderinə ayda cəmi 20 min manat ayrıldığı deyilir.

Dövlət Gəncənin və həmçinin ölkənin avtomobil sənayesinə rəhbərlik edən Xanlar Fətiyevin əliylə klubu maliyyələşdirməkdən çoxdan imtina edib. Fətiyevin və ətrafının (o cümlədən "Kəpəz"ə prezident qoyduğu bağça müdiri Elmir Əliyev) bu sahədə yararsız fəaliyyətindən sonra çarəni həmin maliyyəni yaxınlaşmaqda olan Avropa oyunları ərəfəsində Bakıdakı müvafiq infrastruktur layihələrinə yönəltmək daha məqsədəuyğun bilindi. Onun rəhbər təyin edildiyi üzgüçülük federasiyasında da işi "Kəpəz"dəki kimi səmərəsiz olsa da, çox güman, əvvəllər Gəncə futboluna ayrılan maliyyənin hesabına Bakıda qarşıdakı mötəbər yarışın keçiriləcəyi müasir üzgüçülük kompleksi tikildi.

"Kəpəz"in üzünə gün doğması isə ən yaxşı halda 2017-ci ilə qaldı. Ümid prezident İlham Əliyevin 2014-ci ilin yanvarında təməlini qoyduğu Gəncə Olimpiya Parkının istismara verilməsinədi. Yeni şəhər stadionu da Olimpiya parkı ərazisində inşa ediləcək. Düzü, kağız üzərində olan proyektə görə, bu arena heç də gəncəli futbol pərəstişkarlarının tələbatına tam cavab vermir.

Birincisi, sırf futbol arenası deyil. Qaçış zolağı tribunalarla meydan arasında geniş məsafə yaradır. İkincisi, tutumu azdı. Təxminən 8 minlik tamaşaçı qəbuluna malikdi. "Yoxa lənət", "buna da min şükür" deyərdik. Təəssüf ki, neftin kəskin ucuzlaşması ilə bağlı dövlət büdcəsindəki kəsirləri nəzərə alsaq, 2017-ci ildə də bu stadionun istifadəyə verilməsi şübhə doğurur. Layihə müəllifi olan Türkiyənin "Başak Proje Design" şirkəti kompleksdə tikinti işlərinin getdiyini təsdiqləmir…

Azərbaycan reallığında hansısa oliqarxın kənardan gəlib kluba yiyə durması inandırıcı gəlmədiyindən, yalnız dövlət qayğısına bel bağlamaq mümkündü. Odu ki, Gəncədə yeni müasir stadion istifadəyə verilməyincə, "Kəpəz"in dirçəlişindən danışmaq gülməlidi. İlk növbədə uyğun arena olmalıdı ki, orda iddialı klubun yaradılması gündəmə gəlsin.

AFFA-nın Gəncə futboluna kurator, kluba prezident gətirdiyi Mehman Allahverdiyevin fəaliyyəti və nəticələriylə diqqət çəkəsi adam olmadığı isə gün kimi ortadadı. Vaxtilə futbolçu və baş məşqçi qismində doğma komandasında qazandığı hörməti aktiv şəkildə sağa-sola xərcləyib, tükədib. Ona, ətrafına və xüsusilə, ikiəlli yapışdığı baş məşqçisi Vidadi Rzayevə heç bir inam qalmayıb. Maliyyəsi lap pis gündə olan küçə komandalarına belə, uduzurlar. Klub o, "sükan arxasına" keçəndən əzəmətini qaytarmaq yerinə, tam gülünc hədəfinə çevrilib. Gah Armavirdən gətirdiyi erməni mənşəli legionerləriylə, gah futbolçularının yeməyindən siçan ölüsü çıxmaqla mediada lağ obyekti olur.

"Kəpəz" yeni arenanın, yeni nəfəsin və tam yeni simaların sorağındadı. Azərbaycan futbolu da həmçinin. Çünki Gəncəsiz futbolumuzun yüksəlişə keçəcəyini zənn etmək, bir qanadı olmayan quşdan uçmasını gözləmək qədər sadəlövhlük olardı.

Məmməd MİRZƏ

Fikirlərini bizimlə bölüş!