Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Futbola səngərdən gələn adam: …Ona qarşı cinayət işi açılmalı, lisenziyası alınmalıdı

AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşən "Uşaq futbolunda problemlər və onların həlli yolları – Müqayisəli təhlil, mütəxəssis rəyləri" layihəsinin icrasını davam etdiririk. Bu yazıda uşaq futbolundakı durumu bu sahədə saç ağartmış İslam Kərimovun dilindən eşidəcəksiz. Uzun illərdi uşaq məşqçisi kimi çalışan Kərimov artıq 24 ildi "Neftçi"nin üzvüdü.

Səngərdən futbola

"1992-ci ildən bəri ancaq bir klubda – "Neftçi"də çalışmışam. Həmin ilin yanvarın 13-də məni bu komandaya Əhməd Ələsgərov gətirdi. Ondan əvvəl Uşaq Gənclər İdman Məktəbində çalışırdım. Ancaq "Neftçi"də çalışmaq mənə qismət olmadı. Həmin dövrdə ölkədə vəziyyət ağır idi. Xocalı faciəsindən sonra cəbhəyə yollandım. Ağdamda – Allahverdi Bağırovun 845 saylı batalyonunda döyüşməyə başladım. Düz bir il üç ay 120-dək döyüşdə iştirak etdim. O vaxtkı prezident Əbülfəz Elçibəy tərəfindən medalla təltif edilmişdim. Sonradan ölkədə futbol federasiyası yaradıldı. AFFA-nın o dövrdəki prezidenti Fuad Musayev məni yenidən futbola dəvət etdi. Hətta Musayev özü Ağdama gələrək, mənimlə danışdı. Musayev gələndə mən postdaydım. Məni postdan çağırdılar. Fuad Musayevlə görüşdə cəbhədə qalmaq istədiyimi dedim. Amma Musayev dedi ki, "sən bizə orda daha çox lazımsan". Beləcə, yenidən futbola qayıtdım. Qayıdan kimi də "Neftçi"də işləməyə başladım. Bu 24 il ərzində 10 dəfə Bakı çempionu, 10 dəfə Azərbaycan çempionu, 4 dəfə "Sabahın ulduzları" turnirinin qalibi olmuşam. Bundan əlavə, Almaniya, İtaliya, Bolqarıstanda, Danimarkada və digər ölkələrdə beynəlxalq turnirlərdə iştirak etmişəm. 1999-cu ildə "Neftçi"nin U-15 komandası ilə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən turnirdə 41 komanda arasında 2-ci olmuşam. Finalda "Barselona"ya 0:1 hesabıyla uduzmuşduq. Dəfələrlə Gürcüstandakı turnirlərdə qalib gəlmişik".

"Uşaqlar stadiondakı "şlanq"la çimirdilər"

"2002-ci ildə U-17 millimizin "sükanı arxasında" ölkə futbolu tarixində ilk dəfə qrup mərhələsini adladıq. Həmin seçmə mərhələdə rəqiblərimiz Türkiyə, Şotlandiya və Ukrayna kimi komandalar idi. Cəmi 50 manat maaş alırdım. Biz futbolla pula görə məşğul olmurduq. "Şəfa"nın süni örtüklü ikinci meydançasında məşq edirdik. Su yox idi, uşaqlar stadiondakı "şlanq"la çimirdilər. Həmin millidə Kamran Ağayev, Namiq Yusifov, Elnur Abdullayev, Asif Məmmədov, Əhməd Qurbanov, Vasif Əliyev, Ruslan Abuşov, Vüqar Nadirov, Aqşin Həşimov kimi oyunçular çıxış edirdi. O vaxtlar yeni oyunçular tapmaq üçün rayon-rayon gəzirdim. Kamran Ağayevi Dəvəçidən, Vüqar Nadirovu Sumqayıtdan tapıb gətirmişdim. Həmin seçmə mərhələdə Türkiyəyə 1:0 qalib gəlib, Ukrayna ilə 3:3 hesablı heç-heçə etmişdik.

Məncə, müstəqllik dövründə ən güclü qapıçımız Kamran Ağayev olub. Öz yetirməm olduğuna görə demirəm, doğrudan istedadlı uşaq idi. Təəssüf ki, həmin dövrdə ölkə xaricinə çıxmalı olduğu halda, "Turan"da oynadı".

"Maddi vəziyyət düzəldi, ancaq…"

"Həmin dövrdə heç bir şərait olmasa da, müəyyən nəticələr qazanılmışdı. O vaxtlar maddi vəsait ayrılacağı halda, daha böyük uğurlar qazana biləcəyimizə dair inam var idi. Maddi vəziyyət düzəldi, ancaq ciddi uğur olmadı…

Həmişə demişəm, indi də deyirəm, bizim menecerlər çox zəif işlədilər. Futbolçu püxtələşən kimi ölkədən çıxmalıdı. Məsələn, Kamran Ağayev vaxtında ölkədən getməli idi. Həmin dövrdə ölkəyə legioner axını oldu. Elə komanda var idi ki, heyətində 22 əcnəbi futbolçu çıxış edirdi. Mən o vaxt demişdim ki, çempionatda hər klubun qarşısına şərt qoyulmalıdı ki, ev oyununda əsas heyətdə 2 nəfər 17 yaşlı futbolçu çıxış etsin. Belə olacağı halda, o klublar həmin futbolçuları əvəz etmək üçün məcburən əsas komandada ən azı 4 nəfər 17 yaşadək futbolçu saxlamalı olacaqdı. Sonra limit qoyuldu. Bundan sonra da oyunçular süni şəkildə qiymətlərini qaldırdılar. O vaxtdan ölkədəki uşaqları xarici akademiyalara yollamaq lazım idi. Bir müddət öncə "Bakı" klubunun prezidenti Hafiz Məmmədov bunu etdi. Təəssüf ki, sona çatdıra bilmədi. Amma bunun nəticəsini Mahir Mədətovun timsalında görürük. İndi futbolun inkişafı üçün hər cür şərait var. Bir görün, son vaxtlar nə qədər stadion tikilib. Bundan əlavə, AFFA sağ olsun, Bakıdakı məktəblərin bir çoxunda meydançalar saldırıb. Federasiya 9 yaş qrupu üzrə liqalar keçirir. Ancaq mən istəyirəm ki, orta məktəblərdə 10 yaşdan aşağı uşaqlar arasında da yarışlar keçirilsin. Məhəllə futbolu, "Dəri top" turniri bərpa edilməlidi. Məsələn, Nizami rayonunda 22 məktəb var. Bu məktəblərdə çempionatlar keçirilsə, hərəsindən bir dənə də olsun futbolçu çıxar. Məktəblərdə futbol dərs kimi tədris olunmalıdı. İdman dərsləri də 1-ci sinifdən tədris olunmağa başlanmalıdı. Belə olacağı halda, daha çox istedadlı futbolçu qazana bilərik".

"Pullu futbol məktəbləri olmamalıdı"

"Hər zaman gəzirəm, axtarıram. Məşqçi həm də, seleksiyaçı olmalıdı. Daim gəzib, axtarmalıdı. Məhəllələri, məktəbləri gəzirəm. İdman müəllimləriylə əlaqədə oluram. Onlara deyirəm ki, harda azca da olsa istedadlı uşaq görsəz, mənə məlumat verin. Nizami rayonundakı məktəblərin idman müəllimlərinin və məktəb direktorlarının demək olar, hamısını tanıyıram. Pullu futbol məktəbləri olmamalıdı. Uşaqlar məşq keçdiyi üçün pul ödəməməlidi. Bunun qəti əleyhinəyəm. Hansı məşqçi ki uşaqlardan pul alır, ona qarşı cinayət işi açılmalı, lisenziyası alınmalıdı. Həmin məşqçilər o uşaqları məhv edirlər. O, uşaqların beyninə pul yeridirlər. Heç vaxt özəl məktəblərdə çalışmaram. Elə uşaq var ki, onların ailəsi aztəminatlıdı, məşqə gəlməyə pul tapmır. Onlardan nəinki pul alınmamalı, hətta onlara yardım edilməlidi. Klublar onlara daim kömək olmalıdı. Elə uşaqlar var ki, atası yoxdu. Bu cür uşaqlara klublar sahib çıxmalıdı. Dünyanın ən məşhur futbolçularının bir çoxu aztəminatlı ailələrdən çıxıb. Futbol kasıb oyunudu".

"Araz Abdullayevi Ramin Musayev kəşf edib"

"Kopenhagen"in, "Qalatasaray"ın, "Qrasshoppers"in, "Fənərbaxça"nın, "Zenit"in, "Spartak"ın akademiyalarında təcrübə keçmişəm. Hollandiyanı 1988-ci ildə Avropa çempionu edən Rinus Mixelsdən, Şotlandiyanın sabiq baş məşqçisi Endi Roksburqdan dərs almışam. Fatih Terimdən, Mustafa Dənizlidən, Ruslan Abdullayevdən, Ağasəlim Mircavadovdan, Kazbek Tuayevdən öyrənmişəm. 2007-ci ildə A kateqoriyası almışam. Bundan əlavə, 2010-cu ildə əməkdar məşçi adına layiq görülmüşəm. Ancaq indi də öz üzərimdə işləyirəm. Oxumaq üçün heç vaxt gec deyil. Daim oxumalısan. Məşqçilər öz üzərlərində daim işləməlidilər. Futbolda olan yenilikləri təqib etməlisən. Futbol günü-gündən dəyişir. Artıq futbol biznes deməkdi. Hər klub öz akademiyasını yaradır. Çünki burda qazanc da var. Bu gün "Barselona"nın heyətinin böyük hissəsi öz yetirmələridi.

Bizdə 17-18 yaşlı uşaqlarla yüksək məbləğli müqavilələr bağlanır. Uşaqlar 17-18 yaşına kimi yaxşı oynasa da, bundan sonra eniş başlayır. Deməli, hardasa səhv edirik. Mənim fikrimcə, bunun üçün hər komandada 17 yaşadək futbolçu çıxış etməlidi. Bundan əlavə, vaxtilə Hafiz Məmmədovun etdiyi kimi, hər klub bir neçə oyunçusunu xarici akademiyalara təcrübəyə göndərməlidi. Hər klubun özünün akademiyası olmalıdı. Məsələn, "Neftçi"də bu yöndə işlər görülür. Son Avroliqa oyunlarında komandanın əsas heyətində klubun 4 yetirməsi var idi. Onlardan da 3-ü İslam Kərimovun yetirməsidi. Hər məşqçi əsas komandaya 3 futbolçu versə, problem qalmaz. Elə məşqçilər var ki, illərdi uşaq məqçisi işləyir, ancaq bir dənə də olsun futbolçu qazandırmayıb. Onlardan soruşulmalıdı: bu vaxta qədər kimləri yetişdirmisən?

Mən hazırda U-8 və U-9 komandasında çalışıram. Bunu mən özüm seçmişəm. Hazırda əsas komandada olan Fəhmin Muradbəyli, Aqşin Qurbanlı kimi oyunçuları 2007-ci ildən hazırlaşdırırdım. Araz Abdullayev də mənim yetirməmdi. Amma onu Ramin Musayev kəşf edib. Bir dəfə məhəllələrində sol ayaqla yaxşı oynayan bir uşaq olduğunu demişdi. Baxdım, gördüm doğrudan da istedadlı uşaqdı. Bundan sonra komandaya cəlb etdik".

"Məşqçilərimizi xarici akademiyalara təcrübəyə göndərməliyik"

"Uşaq futbolunda işləmək çox çətindi. Bu sahədə çalışan məşqçilərin də maaşı çox aşağıdı. Uşaq futbolundakı problemlərdən biri də uşaqların az oyun keçirməsidi. Bizdə "Sabahın ulduzları" yarışı bu cəhətdən yaxşıdı. AFFA-nın keçirdiyi yarışlar da fərqlənir. Amma yaxşı olardı ki, aşağı yaş qrupları beynəlxalq oyunlar da keçirsinlər. Bundan əlavə, 10 yaşdan aşağı uşaqlar arasında da yarışlar keçirilməlidi. Bununla bağlı AFFA-ya müraciət edəcəm. Təhsil Nazirliynin də son vaxtlar gördüyü işlər təqdirəlayiqdi. Ancaq daha çox iş görülməlidi. Məktəblararası yarışlar keçirilməlidi. İslandiyanın son Avropa çempionatındakı oyununu gördüz? Bu uğurun əsas səbəbi orda məktəblərdə futbolun təbliği idi. Bilirsiz, akademiyalarda ən savadlı məşqçilər işləməlidi. Bundan əlavə, özümüzəməxsus oyun sistemi tətbiq edilməlidi. Məsələn, almanlar gəlir, öz oyun sistemlərini tətbiq edirlər. Bizim isə oyunumuz fərqlidi. Biz daha çox texnikaya və qısa ötürmələrə üstünlük verməliyik. Çünki bizim oyunumuz budu. Bundan əlavə, sabiq futbolçular akademiyada çalışmalıdılar. Bu gün Gürcüstanda keçmiş futbolçuların bir çoxu az maaşla uşaq futbolunda çalışır. Xarici mütəxəssis dəvət etməməliyik. Burdan məşqçilərimizi xarici akademiyalara təcrübəyə göndərməliyik. Bundan əlavə, yaxşı şərait yaradılmalıdı. Bu gün "Neftçi"nin İsmət Qayıbovdakı yeni bazası bu cəhətdən yaxşıdı. "Qəbələ" də yaxşı akademiya tikib. Digər bir akademiyanı da "Bakı" tikmişdi ki, təəssüf ki, onu saxlaya bilmədilər".

"Skolari "Şəfa"ın meydançasına baxdı və futbolçuları geri qaytardı"

"Bizim futbolumuza ən böyük zərərlərdən biri məhz süni örtüklərdən gəldi. Uşaqların diz qapaqları zədələndi, zədələrin sayı həddindən artıq çox oldu. Son 10 ildə bu cür meydançaların sayı bir xeyli artdı. Ancaq çıxış yolu yoxdu. Çünki ot örtüyünə qulluq etmək çətin idi. Təbii ot örtüyünün yerini heç nə vermir. Fikir verin, Bakıda keçirilən Avropa çempinatından öncə UEFA-nın göstərişiylə "Dalğa Arena"nın ot örtüyü dəyişdirildi. Bir neçə il öncə Portuqaliya millisi Bakıya gələndə onlara məşq üçün "Şəfa" stadionunu ayırmışdılar. Mən onda bu stadionun ikinci meydançasında məşq keçirdim. İndiki kimi yadımdadı, Portuqaliya millisini gətirən avtobus stadiona çatan kimi komandanın o vaxtkı baş məşqçisi Felipe Skolari meydançaya baxdı və futbolçuları avtobusa geri qaytardı ki "burda məşq keçmək olmaz". Getdilər Sumqayıtda, Mehdi Hüseynzadə adına stadionda məşq etdilər".

Fikirlərini bizimlə bölüş!