Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Futbolçuya oyunun gedişində kabab yedizdirdilər!

1996/97 mövsümündə “Turan” Azərbaycan Kubokunun 1/8 final mərhələsində Dəvəçinin (indiki Şabran) “Bərəkət” komandası ilə qarşılaşırdı. Maraq üçün qeyd edək ki, “Bərəkət” Dəvəçi rayon prokuroru tərəfindən maliyyələşirdi və komandanın heyətində 42 yaşlı Əbdülqəni Nurməmmədov da çıxış edirdi. Dəvəçi stadionu sadəcə açıq sahədən ibarət idi. Heç bir tribuna yox idi. Meydançanın kənarlarında yarmarka, çayxana, yeməkxana və s. də var idi. Oyunun fasiləsi zamanı meydan sahiblərinin futbolçularından biri yaman acır və beş addımlıqdakı kababxanada lüləkabab sifariş edir. Lakin hakimin fiti ona nahar eləməyə imkan vermir və məcbur olub meydana çıxır. İkinci hissə başlayar-başlamaz hamını gülmək tutur – həm futbolçuları, həm də kənardan oyunu izləyənləri. Kababçı malı batmasın deyə, əlində bir şiş kabab yan xətt boyunca o yan, bu yana qaçaraq, həmin futbolçunu sifariş verdiyi kababa yiyə durmasını istəyirdi. Axırda təngə gələn futbolçu yan xəttə yaxınlaşıb lüləkababı ağzına qoymaqla, kababçıdan canını qurtarmış olur, özünün də.

Əgər komandanı meydandan çıxarmasaydı…
Yəqin ki, 2004-cü ildə Tovuzda keçirilən qalmaqallı “Turan”-“Bakı” oyunu hamının yadındadır. Oyun 1:0 olarkən, “Bakı” komandası hakimə etiraz əlaməti olaraq, meydanı yarımçıq tərk etmişdi. Amma, heç kim bilmədi ki, komandalar cəmi bir neçə saniyə də meydanda qalsaydılar, sonda texniki qələbə “Turan”a deyil, “Bakı”ya veriləcəkdi. Belə ki, adi diqqətsizlik üzündən adı oyunun protokoluna yazılmayan Camal Məmmədov meydana çıxmaq üçün yan hakimə yaxınlaşır. Hakim oyun dayanan andaca əvəzetməni həyata keçirəcək və Camalı meydana daxil olacaqdı. Amma bakılılar top meydanı tərk etməmiş meydandan çıxdı və özləri də bilmədən bu qələbəni “Turan”a bağışladı.

Cabbarov kor olmadı ayıbına…
1992-ci ildə “Turan” Bakının “İnşaatçı” komandasını qəbul edirdi. Oyunun gedişində qonaqların hücumçusu qapıçı Hüseyn Məhəmmədovla təkbətək çıxdı və topu qapıya vurdu. Hüseyn bir qədər irəli çıxdığından qola mane ola bilmədi və top arxada qapı torunu saxlamaq üçün nəzərdə tutulmuş qarmağa dəyərək, geri döndü. Zərbə qüvvətli olduğundan bu sanki bir göz qırpımında baş verdi. Hüseyn dirəkdən dönən top kimi zənn edərək, atılaraq tutdu və onu komanda yoldaşlarına ötürdü. Beləcə oyun davam etdirildi. Bir tərəfdə qol sevinci yaşayan qonaqlar, digər tərəfdə oyunu davam etdirən meydan sahibləri… Hadisənin qəribəliyi o idi ki, baş hakim Əhmədağa Cabbarov da topun dirəkdən döndüyünü zənn etdi. Üstəlik, həmin tərəfdə köməkçi hakim qismində olan Asim Xudiyev də qapıçının dayanmadığını, əksinə, topu tutaraq, oyunu davam etdirdiyini görərək çaş-baş qaldı. Yeri gəlmişkən, sonda oyun 1:0 hesabı ilə “Turan”ın xeyrinə başa çatdı.

Qarı necə tapdalamaq olar…
Bu hadisədə isə “Turan”ın qələbə qazanmasına hakimlər deyil, azarkeşlər kömək etmişdi. 1993-cü ildə “Turan” evdə Bərdənin “Pambıqçı” komandası ilə qarşılaşırdı. Oyunöncəsi Tovuza güclü qar yağdığından qarşılaşma təxirə salına bilərdi. Amma hakim oyunu baş tutacağını bildirdi. Komandalar 40 sm-dək qar örtüyü altında qalan meydana daxil oldular. Səviyyə və oyun fərqi çox fərqlənməsinə baxmayaraq, “Turan” ilk hissədə istəyinə çata bilmədi. Komanda 45 dəqiqə ardıcıl hücumda olsada da, fərqlənə bilmirdi ki, bilmirdi. Üstəlik, oyunçuları təmizlənməmiş qar yaman əldən salmışdı. 2-ci hissədə qonaqlar üstünlük əldə edəcəkdilər. Axı, 1-ci hissədə “Turan” daim hücumda olduğundan, oyun onlara aid hissədə keçmişdi ki, bu da həmin hissədəki qarın tapdanmasına gətirib çıxarmışdı. Bu 2-ci hissədə “Pambıqçı”nın işinə yarayacaqdı. Bunu görən azarkeşlər fasilədə meydançaya daxil olaraq stadionun digər yarısındakı qar örtüyünü də tapdalamağa başladılar. Onların özfəaliyyəti işə yaradı. “Turan” 2-ci yarıda 3 qol vurdu və qələbəsini qazandı.

Helikopter, yaralı əsgər və…
Müharibə dövründə Tovuz şəhər stadionu həm də yaralıları daşımaq üçün helikopterlər üçün düşərgə rolunu oynayırdı. Baş redaktorumuz İlqar Tağıyev ötən ilin mayında qələmə aldığı “Turan”ın çempionluğunun 19 yaşı” başlıqlı məqalədə də bu hadisə ilə bağlı xatirələrini bölüşmüşdü. Bu dəfə həmin olayı Rasim müəllimdən eşidək. Beləliklə, bir dəfə stadionda oyun gedən zaman döyüşdə yaralanmış bir əsgər üçün Bakıdan helikopter dəvət olunur. Rayonda demək olar ki, stadiondan başqa helikopterlərin düşməsi üçün uyğun yer olmadığından, helikopter məcburiyyət qarşısında stadiona eniş etməli olur. Buradaqeyri-adi heç nə olmamalıdı, ancaq həmin vaxt meydanda oyun gedirmiş. Buna görə stadionun gözətçisi Çovdar kişi helikopterə stadiona enməsin deyə nə qədər papağını çıxarıb yelləsə də, xeyri olmur. Ən maraqlısı bilirsiniz nədir? Helikopter oyun gedə-gedə stadiona enir. Həmin vaxt “Turan” hücumda olduğundan qarşılaşma meydanın rəqibə aid hissəsində gedirdi. “Turan”a aid hissənin boş olduğunu görən pilot də məhz ora eniş edir. Ən maraqlısı isə bu zaman hakimin oyunu saxlamaması idi. Oyun heç nə olmamış kimi davam etdirildi. Amma pilotun da qabiliyyətini qeyd etmək lazımdır. O, oyuna mane olmasın deyə, 2 dəfə cəhd edərək, helikopteri qonduğu yerdən arxaya yerini dəyişdirməklə, sonda künc xəttindən arxada saxlaya bildi.

(sabiq “Turan” rəsmisi)

Fikirlərini bizimlə bölüş!