Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Futbol+maniya”

İllər bir-birini əvəzləyir, zaman su kimi axır. Sanki dünən idi. Baxırsan artıq 20 il ötüb. Yadımdadı, “Futbol+”in ilk sayını Gəncənin Mərkəzi Univermağının yanındakı köşkdən almışdım. Gözlərimə işıq gəlmişdı, nəhayət, axtardığımı tapmışdım…

90-ci illər hər baxımdan çətin idi. Futbol azarkeşlərinin marağını təmin edəcək nəşrlər yox deyiləcək qədər az idi. Məktəbliydim, buna rəğmən, şəhərimizə gələn bütün idman qəzetlərini alib oxuyurdum. Yenə dünya futbolunda başverənləri rusların “Sport-Ekspress” və “Futbol” həftəliyi sayəsində izləyirdim. Ölkə futbolu, idmanı barədə isə kasadçılıq idi. “İdman”, “Səhər”, “Futbol-ekspress”, “AFFA-News” və başqaları tələbatı təmin edəcək səviyyədən uzaq idi. Və boşluğu “F+” doldurdu. Zaman göstərdi ki, bu, Azərbaycan idman mətbuatı tarixində ən böyük möhür, mübaliğəsiz inqilab idi. Daha milli çempionatda başverənləri, “Kəpəz”in hansı heyətlə meydana çıxdığını, yığmanın son matçından hərtəfərli icmalı bilirdim. Qəzetin səhifələrində xarici arenalarda yaşananlara da doğma dilimizdə səviyyəli şərh görmək olduqca xoş idi.

“Futbol+” qısa zaman kəsiyində tam fərqliliyi, Sovetdənqalma şablonlardan kənara çıxmaqla, öz üslubuyla, oxucuyla səmimiyyəti, hadisələrə prinsipial-obyektiv münasibətiylə, haqlı tənqidi, analitikası, vətənpərvərliyi ilə təkcə mənim yox, minlərlə insanın qəlbinə yol tapdı. Sadıq oxucu kütləsinə qovuşdu. Aranızda yəqin məni kimi hər sayını saxlayan, heç bir sayını qaçırmamağa çalışan, “Futbol+maniya” azarına tutulanlar yüzlərcədi…

Sonra paytaxtda tələbə həyatı yaşamağa başladım. İxtisasım tarix idi, ancaq idman jurnalistikasına marağım qəti azalmamışdı. 2001-ci ilin mayında “Futbol+” heyətini genişləndirmək üçün müsabiqə elan etdi. Tərəddüt etsəm də, özümü sınamaq qərarına gəldim. 19 yaşım vardı, jurnalist təcrübəm sıfır idi. Əvəzində sadiq oxucusu olduğum qəzetin üslubu, tərzi mənə tam doğma idi. Odu ki, sınaqdan uğurla keçdim və tezliklə uyğunlaşdım. Kolletkivin çox sadə, mehriban, təcrübəsini məmnuniyyətlə paylaşan insanlardan ibarət olması işimi gözlədiyimdən asan etdi.

İndi yadıma düşdü. Qəzetin iki “cəhbə”yə – xarici və daxili şöbələrə bölündüyünü bilmirdim. Hər ikisinə aid yazı hazırlamışdım. Vüsal da, Rövşən də məni şöbəsinə dəvət edirdi, seçim etmək məcburiyyətində qalmışdım (günü bu gün də, yenə varsa, qəzetin 8-9-cu səhifələri arasında “sərhəd xəttini” dəxlisiz yaradıcılıq məhdudiyyəti kimi görürəm). Əyani təhsil aldığımdan xarici şöbədə daha rahat olacağını düşündüm (fikirləşirəm ki gərək asana qaçmayaydım). Və hardasa 3 il burda çalışdım…

“Futbol+” təkcə əlimizə qələm tutmağı öyrətmədi, şəxsən mənə çox şey verdi. İlk iş yeri, tələbəlik vaxtı aldığım qonorarın necə böyük önəm kəsb etdiyini qoyaq bir kənara. Məsələnin mənəvi tərəfləri daha əhəmiyyətliydi. Yaxşı dostlar tapdıq. Mahir müəllimin komandasında elə bir məktəb keçdik ki, şəxsiyyət kimi formalaşmamızda, dünyagörüşümüzün, vizyonumuzun yaranmasında, sonrakı həyatımızda, uğurlarımızda, karyeramızda birbaşa rol oynadı və oynayır. Hətta deyərdim siyasi baxışlarım da o redaksiyada qətiləşib. Məsələn, çox adam bilmir ki, qəzetə təzə gələndə Rusiya çempionatını mən yazırdım, çünki rus futboluyla türk futbolundan az maraqlanmırdım. Əsgərliyə gedəndə isə artıq inadkar millətçi-türkçü kimi ayrılmışdım. Özlüyümdə futbolun siyasətdən uzaq olmadığını yəqin etmişdim, Moskva “Spartak”ına münasibətim tam dəyişmişdi. Rövşən və Atəş qardaşları heç Tarix fakültəsinin professorlarından almadığım təsiri göstərmişdi.

“Mən “Futbol+”ə nə verdim” – deyə sormaq bir qədər yekə danışmaq, sadəlikdən uzaq olar. Ancaq düşünürəm ki, az da olsa, bu şorbada duzum var. Biz gəldik, qəzet həftədə 3 dəfəyə keçdi, gedəndə artıq gündəlik nəşr idi. Bu gün bazarla ayaqlaşmaq istəyən Azərbaycan idman nəşrlərinin hər birinin ayrıca Türkiyə futbolu səhifəsi varsa, bunun başlanğıcını ilk dəfə “Futbol+”də etdik. Həmin illər Türkiyə futbolunun qızıl çağlarıydı və ən oxunaqlı səhifələrdən birini yaratdıq…

Subyektiv mövqeyimdi ki, qəzetin də tarixində ən zəngin və güclü heyət onda idi. Biz – dünənki təcrübəsiz gənclər daha iddialıydıq. Böyüklərimizin yerini dar etməmək, ambisiyalarımızı gerçəkləşdirmək üçün ayrılmalıydıq. Axı övladlar böyüyəndə doğma ocaqda qalmır, əksəri evi tərk edir. Ayrica həyatını quraraq, özünü təsdiqləməyə çalışır. Təsadüfi deyilk ki, bu 20 il ərzində doğma qəzetə “Het-Trik” adı altında ən böyük rəqabəti də elə biz dünənki “Futbol+”çilər yaşatdıq. Mən o qəzetin daxili şöbəsinə rəhbərlik edəndə tirajı 8 minə (DÇ-2006-dan sonra) çatmışdı. Maraqlı illər idi, doğru qərar vermişdik. “Futbol+” ondakı sağlam rəqabət sayəsində formadan düşmədi, bir qədər də irəli getdi.

Həyat elə gətirib ki, 10 il yaxındı mən vətəndən kənarda yaşayıram, tam başqa bir sahədə çalışıram. İllərdi o redaksiyaya gəlmirəm. Amma hər şeyə rəğmən, “Futbol+”i özümə doğma ocaq, fəxr etdiyim bir dəyər bilirəm. Anar Şabanoğlu demişkən, sabiq “Futbol+”çilər olmur…

Zamanla hər şey dəyişir, “Futbol+”in yerində saymamasını, dəyişib, inkişaf etməsini arzulayıram. Zirvədə qalmaq üçün yeniliklərlə ayaqlaşmaq, novator layihələr lazımdı. Yeni internet nəslini də 90-cı – 2000-ci illərdəki futbol azarkeşləri kimi “Futbol+maniya” azarına yoluxdurmaq vacibdi. Çap nəşrləri tədricən tarixin yaddaşına qovuşur, internet erası hər şeyi öz aquşuna alır. Qəzetimizin elektron versiyasına güc verilməsini gözləyirəm. Ölkəmiz belə qalmayacaq, gec-tez sağlam reklam bazarı formalaşacaq. Vaxt itirmədən buna hazır olmaq lazımdı. Məsələn, “Futbol+”in internet-televiziyası böyük maraqla qarşılanar.

İdeyalar çoxdu, əsas məsələ odu ki, Mahir müəllimin komandasında bunları reallaşdırcaq enerji və potensial var. Ona görə də 20 yaş nədi hələ…

Fikirlərini bizimlə bölüş!