Bizi kim qarğıdı, kim caduladı? Kim yaş əskini sidikləyib stadionlarımıza basdırdı? Hələ qara daşları demirəm. O gün avtobusda bir xanımın söhbətinə qulaq yoldaşı oldum. Deyir ki, ziyarətə getmişdik, bir qara daş tapıb nəzir kimi divara yapışdıra bilmədik, yoxdu. Ta utandım deyəm ki, ay xanım, sən dediyin daşları futbol “hocalarımız” daşıyıb stadionlara…
Hələ də şokdayam. Həmişə oturub-durub bununla fəxr edərdik ki, bizim bu iş üzrə analoqumuz yoxdu, futbolumuz “lipa”sızdır. Amma… Ağlımıza gəlməyən başımıza gəldi. Futbol təsərrüfatımızda belə şey yaşanmamışdı. Ta bineyi-qədimdən olmayan bir şey olub futbolumuzda – “Mil-Muğan”da “lipa” tapılıb. Ağır dərddi, çətindi. Çünki bizim futbolumuzu heç vaxt belə “donquli virus” öz ağuşuna almamışdı. Hardan gəlib tapdı bizi? Ürəyə salıb, bu dərdi çəkən olsa, uzağı bir həftə yaşayar. Qəti kimsə bunu düşünməyə, ürəyinə salmağa çalışsın, hamının ailəsi-uşağı var. Ailələrinizi başsız qoymayın.
“Lipa” söhbətinin üstünü “Turan-T”-nin “ağsaqqal”ı Namiq Məstanov açıb. Qəti olaraq bildirirəm ki, bu adam futbolumuza düşmən kəsilib. Çox gördün bu millətə sevinməyi? AÇ-2020-nin dörd oyununa ev sahibliyi etmək sevincimizi gözümüzdə qoydun, içimizdə boğdun bu fərəhli anları, ay nainsaf adam, ay naşükür klub rəhbəri. Klubun uduzub, get stadionunda basdırılan caduları tap, stadionun həyətində illərdi göz dağı olan, məğlubiyyətlərin açarı sayılan o quru ağacı çıxart. Ta sənin nə işin var ki, bunun adı əvvəl Orxan Məhərrəmli idi, indi olub Fərid İbrahimli?
Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız. Artıq düzəldi, saqqal darağımız da düzəldi. Şükür yaradana, artıq futbolumuzda “lipa” da var. Bu “lipa” məsələsi ortaya çıxanda iş yoldaşımın hər dəfə bizi “axmaq” yerinə qoyub dəfələrlə danışdığı “Moskviç” haqq-hesabı yadıma düşdü. İndi “Moskviç”in intizarındasız, hə?
İlk dəfə xanımla görüşən oğlan qızı süzüb, ona xoş gəlmək üçün deyir:
– Canım, mən bundan sonra sənə Həvva deyəcəm.
– Niyə?
– Çünki sən mənim ilkimsən.
– Onda mən də sənə “Moskviç”im deyəcəm.
Oğlan qaşlarını düyünləyir.
– Niyə?
– Çünki sən də mənim 412-ci oğlanımsan.
Birdən yuxarıda yazdıqlarımı ciddiyə alıb, həqiqətən elə bilərsiz ki, indiyədək futbolumuzda “lipa” olmayıb ha. İki-üç ilin söhbətidi, AFFA-nın baş katibi demişdi ki, 68 futbolçumuz “lipa”dı. Hələ 2009-cu ilin dekabrında AFFA-nın rəsmi saytında gedən bu yazını demirəm: “Məlum olduğu kimi, AFFA tərəfindən futbolçuların süni yaş azaltmasına (“lipalaşdırma”) qarşı ciddi mübarizə aparılır və bu kimi hallar baş verdiyi zaman müvafiq qərarlar qəbul olunur, sanksiyalar tətbiq edilir. AFFA-nın apardığı növbəti araşdırma zamanı müəyyən olunub ki, 19 yaşadək qızlardan ibarət yığma komandanın heyətində doğum tarixi yanlış göstərilən futbolçular çıxış edib. Təəssüf ki, həmin futbolçular yığmamızın heyətində Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak ediblər və məlum olduğu kimi, U-19 (qızlar) AÇ-nin elit-raunduna vəsiqə qazanıb. 19 yaşadək qızlardan ibarət yığma komandamızın AÇ-nin elit-raunduna vəsiqə qazanmasına baxmayaraq, AFFA “Fair-Play” (ədalətli oyun) qaydalarına və rəqiblərə hörmətlə yanaşaraq, komandanın heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün U-19-un (qızlar) elit-raundda iştirakdan imtinası ilə bağlı UEFA-ya məktub ünvanlayıb. Məsələ ilə bağlı AFFA-nın daxili araşdırması davam edir və müvafiq qərar qəbul olunacaq. Futbolçuların adları araşdırma davam etdiyi üçün açıqlanmır”.
İndi sizdən təvəqqem budu ki, Məstanovun “lipa” olduğunu aşkarladığı futbolçunu futbolumuzun “Moskviç”i kimi qəbul edək. Amma axarıncı yox, axırıncı olsun. Yoxsa bir-iki ildən sonra futbolumuzu “Mercedes-600”lər basacaq.




Fikirlərini bizimlə bölüş!