Gənclər Liqası biabırçılığı

Gənclər Liqası biabırçılığı — illüstrasiya

AFFA-dakılar hara baxır?

Dünən AFFA Gənclər Liqasının (U-19) oyununa getmişdim. Gördüklərimdən sonra bir daha əmin oldum ki, uşaq futbolundan yalandan danışırlar, strategiyanın önəmliliyindən filan boş söhbətlərdir. UEFA Gənclər Liqasında iştirak edəcək “Qarabağ”ın (U-19) və bu mövsüm əsas komandası avrokuboklarda iştirak etmiş “Zirə”nin 19 yaşlılardan ibarət heyətlərinin oyunu idi (2:2). Matç Sərhədçi İdman Kompleksinin stadionunda keçirilirdi. Hansı ki, bu stadionun ot örtüyü heç bir il deyil, “Qarabağ” tərəfindən dəyişdirilib. Necə dəyişdirilib, niyə bu günə düşüb qısa müddətdə, əməlli-başlı mövzudur. Kim nəzarət etmişdi buna, nəyə görə heç 9 aya dözmədi ot örtüyü?

Onu da deyim ki, “Qarabağ” buranı icarəyə götürüb, aşağı yaş qrupları filan, hamısı burada məşq edir. Avrokuboklarda qruplara düşməməsi “Qarabağ”a necə təsir edibsə, akademiya uşaqlarının bu cür bərbad stadionda oynamasına fikir verməyiblər. Əsas komanda əsas komandadır, ora üçün daha yüksək şərait qurulur, aydın məsələdir. Amma avrokubokları özü üçün sadə yola çevirmiş “Qarabağ”ın akademiyası da bu cür stadionda məşq etməməli, oynamamalıdır da.

Stadionun ot örtüyünün durumunun bərbad olduğunu deməyə adamın dili varmır, tam təhlükədir! Ümumiyyətlə, bu cür stadionda nəyə görə oynamağa icazə verilir ki? Futbolçu sürət anında, lap yerində durduğu vaxtda ani hərəkətlə dizini, ayağını, əlini, belini qıra bilər. Ot örtüyü yerindən çıxıb, hərəkət etməyə imkan vermir.

Oynanılan top? Çempionlar Liqası loqolu topdur. Hardasa, bəlkə 5-6 ildir o toplarla oynayırlar. Top can verir: “vurun uzağa, düşüm stadiondan o tərəfə, itim də, əl çəkin məndən”, deyə yalvarır.

Nəyə görə hər liqa üçün xüsusi toplar hazırlanılmır, toplar verilmir ki, AFFA? Top yoxdur, ya pul yoxdur? Bu da bahalıdır? Belçikalılara 5 milyonluq strategiya yazdırmaq olur, çempionatı normal topla, normal şəraitdə keçirmək olmur? Bizə əsas lazım olan futbolun keçirildiyi, nəticənin göründüyü, futbolçunun yetişə biləcəyi stadionun ot örtüyüdür, şəraitdir ki, o da bərbaddır.

Həmin stadion həm oyunun tempinə, həm də oyunun keyfiyyətinə birbaşa təsir edir. O başqa sualdır ki, bu “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında “Dinamo”nun (Zaqreb) U-19 komandası qarşısında nə edəcək? Heç nə. Ancaq Allahdan uğur arzulamaq qalır bizə. Nəsə gözləmək də olmur.

Hələ daha da dəhşətli və insan sağlamlığına ziyan vuracaq, birbaşa insanı şikəst edəcək məsələlər də var. Təsəvvür edin, sağ cinahla irəliləyirsə, rəqib futbolçu birəbir mübarizə zamanı lap istəmədən, qarşını almaq üçün kobudluqla səni möhkəm itələyərsə, meydançadan çölə düşəcəksən. Özü də təxminən metryarım məsafədən yerə düşəcəksən. Bu detallara fikir verən yoxdur. Hər işimiz Allaha qalıb: “Kimdir e, oradan düşən? Özləri yoluna qoyarlar da, bir-birilərini stadiondan çölə atası deyil ki futbolçular, elə şey olmaz”, düşüncəsi ilə çempionat keçirirlər. Amma bu təhlükəni görənlər ya orada oyun keçirməzlər, ya da dərdinə çarə taparlar.

AFFA-nın gətirdiyi xaricilər var indi — Edmond Klaus, Ruio Jorje… Niyə xarici məşqçiləri deyirəm? Yerlilər onsuz da durumu bilir. Bəlkə də nə vaxtsa bu durumu deyiblər, amma nə çarə? Heç olmasa, bu xaricilər getsin-görsün. Axı bu adamlar yüksək maaşa gətirilib, bizə kömək olmaq üçün, hər şeyin yaxşısını bilən kimi gətirilib. Heç olmasa, onlar gəlib bu mənzərəni görməlidirlər, azca dəhşətə gəlməlidirlər, heç nə deməsələr belə…

AFFA necə razı olur ki, Gənclər Liqası Çempionlar Liqasının bərbad gününə düşmüş, qapqara olmuş topla oynanılsın? Hər halda, çempionat AFFA-nın bayrağı altında keçirilirdi, bu uşaqlara normal top verin də. Yoxsa AFFA klublara “bu topla oynayın, Gənclər Liqasına siz də gedin” düşüncəsi ilə motivasiya vermək üçün ÇL topları ilə oynadır uşaqları? Heç olmasa, bu tip xırda məsələləri həll edin.

Gənclər Liqası biabırçılığı — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!