Yes! Və budu, Azərbaycan futbolu xilas oldu! Bütün dərdlər-bəlalar Berti Foqtsla getdi. Suyun üstündən hoppanın, tonqal qalayın, qonşularınıza hədiyyə alın, şən musiqi dinləyin, uşaqlara noğuldan-zaddan alıb paylayın. Evdən fitrə çıxarmağı unutmayın.
Yes e, yes! Foqts getdi. Gəl-gəl, ay yaz günləri…
Yox, doğrudanmı getdi Foqts? Evdə dolabın içinə-zadına baxın, birdən orda gizlənər ha!
Düzünü deyin, indi AFFA-nın baş katibi Elxan Məmmədovun təbəssümü sizə daha şık, şirin görünür, hə?
AFFA-nın vitse-prezidenti Elşad Nəsirovu qucaqlayıb, marça-murçla öpmək istəmirsiz ki?
Bəs AFFA-nın prezidenti Rövnəq Abdullayev sizə dünyadakı ən ağıllı federasiya rəhbəri kimi görünmür?
Necə yəni, bu adamlar əlbirliyi ilə futbolumuzu alman işğalından xilas ediblər! Sevin onları, hörmət edin. Onlar futbolumuzun xilaskarları, cəngavərləridi. Doqquz milyonluq xalqı barmağına sarıyan Foqtsla ağır, gərgin keçən mübarizədən qalib ayrılaraq, onu Xəzər dənizinin sahillərindən uzaq Almaniyaya kimi qova biliblər.
İndi Foqtsun xarabazarlığa çevirdiyi millini yenidən ayağa qaldırmaq, güllü-gülüstana çevirmək üçün sinəsini qabağa verməyə hazır olan o qədər qəhrəman Azərbaycan oğlu, azərbaycanlı məşqçi var ki. Qəhərdən adamın lap dili, gözləri tutulur. Eşq olsun sizə, ey igid Azərbaycan məşqçiləri!
…Cəmi bir ildən sonra – Azərbaycan millisinin yeni baş məşqçisi kim olacaqsa olsun, mətbuat, azarkeşlər onun yeddi arxadan dönəninin “axtarışına çıxacaq”. Əvvəllər yeddi arxadan dönənləri mətbuat və azarkeşlər tərəfindən “axtarışa verilmiş” məşqçilərin milliyə təkrar tamah salması bir başqa cür maraqlıdı.
AFFA isə qucağını açıb, “gəl, quzum, gəl yanıma, gəl, mən ölüm, gəl yanıma” oxuyur. Foqtsun əvəzləyicisinin kim olacağı, “çadra”nın altından kimin çıxacağı isə elə də vacib deyil. Nə olur-olsun, beş aydan, bir ildən, iki ildən sonra qurban o olacaq. Hə, hətta bu, Qurbanov Qurban olsa da.
Kürşad




Fikirlərini bizimlə bölüş!