Azərbaycan yığmasının baş məşqçi vəzifəsi ciddi problemə çevrilib. Sən demə, heç Berti Foqtsun gedişi də çıxış yolu deyilmiş. İndi biz daha böyük çətinliklərlə üzləşmişik. Yeni baş məşqçinin təyinatı ilə bağlı ciddi müzakirələr, namizədlər arasında seçim aparılır. İndi hamı böyük səbirsizliklə yeni baş məşqçinin kim olacağını gözləyir.
Artıq Robert Prosineçkini yığmamıza təyin ediblər. Bəli, Xorvatiya mətbuatı artıq müqavilə bağlanılacağını da iddia edir. Bu xəbər ortaya çıxan kimi mətbuatda müzakirələr baş qaldırıb. Görəsən, bu təyinat düzgün seçimdi, ya yox?
Yığmanın baş məşqçisinin kim olmasının fərqi yoxdu. Yaxşı yadımdadı, Berti Foqtsun təyinatı zamanı da AFFA geniş siyahı olduğunu demişdi. Sonra siyahıdakı adları səkkizə endirdilər, ardınca üçə. Nəticədə “torba”dan Berti Foqts çıxdı.
Federasiyada oturanlar yenə də bu istiqamətdə ciddi-cəhdlə çalışırlar. Orda o qədər gərgin müzakirələr gedir ki, namizədlər mətbuatdan gizli saxlanılır. Guya millimiz dünya və ya Avropa çempionatının bir addımlığındadı, yeni baş məşqçinin kimliyi böyük uğurlarımıza sarsıdıcı zərbə vura bilər. Problem məhz burdan qaynaqlanır. Axı Foqts təyin olunanda kimlə məsləhətləşmişdilər? Sonrası nə oldu? İndi nəinki mətbuat, hətta bütün mütəxəssislər Foqtsun yanlış seçim olduğunu iddia edirlər.
Yeni baş məşqçi də eyni üsulla təyin olunur. İdman ictimaiyyətindən gizlin… Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov və ətrafındakıların müzakirəsiylə. Əmin olun ki, kim təyin olunsa, Azərbaycan futbolu heç bir xeyir görməyəcək. Çünki Foqtsu da eyni üsulla təyin etmişdilər. Nəyəsə və ya kimlərəsə inanıb, özünüzü aldadıb, ümidlənməyin!
Kamal RZA
P.S. Təklif edirəm ki, yeni baş məşqçinin adı dilimizə uyğun olsun. Sonra “yuxarıdakılar” onun adını konfranslarda təlləfüz edə bilməyəndə mətbuatın gülüş hədəfinə çevrilməsinlər.




Fikirlərini bizimlə bölüş!