Deyəsən, “Qarabağ” nağılı sona çatmaq üzrədi
“Roma” – “Qarabağ” matçından sonra jurnalistlərin əhatəsinə düşən “köhlən atlar”ın prezidenti Tahir Gözəl klubun gələcək hədəfləri ilə bağlı sualı cavablayarkən, gözlənilməz açıqlamalarla yadda qaldı. Deyəsən, daim uğurları ilə bizi sevindirən, Çempionlar Liqasının qrupuna düşməklə milyonlarla azərbaycanlını sevinc göz yaşına boğan “Qarabağ” nağılı sona çatmaq üzrədi. Klub prezidentinin açıqlmasından belə qənaətə gəlmək olar ki, son illərin dəyişməz çempionu, avrokubokların daimi iştirakçısı olan klub növbəti mövsümdən əsaslı dəyişikliklərə məruz qalacaq. Rəhbəlik yola gənc, yüksəködənişli olmayan futbolçularla davam etdmək fikrindədi. Niyə, nəyə görə? “Qarabağ” rəhbərliyini bu addımı atmağa vadar edən səbəb və ya səbəblər nədi? Bu yazıda ehtimalları ortaya qoyacağıq.
Klub prezidenti nə istəyir?
Tahir Gözəl Romada verdiyi açıqlamada məhdud büdcəyə sahib olduqlarını qabartmaqla yanaşı, əsas yükün sponsorun, yəni Gözəl ailəsinə məxsus olan “Azərsun Holdinq”in üzərinə düşdüyünü xüsusi vurğulayıb və bu səbəbdən 20-25 nəfər yüksəködənişli futbolçu saxlamaq imkanlarının olmadığını bildirib. İlk baxışdan bir iş adamı üçün normal görünəcək açıqlamadı. Son illər dünyanın dörd bir yanında neçə-neçə məşhur klubların prezidentləri bizneslərində yaşanan axsamalara görə kluba ya əlavə sponsor cəlb edib, ya da satışa çıxarıb. Ancaq bildiyimiz qədər Gözəl ailəsinə məxsus holdinq son vaxtlar hansısa problemlə üzləşməyib. Əksinə, Qafqazın ən böyük şirkətlərindən biri olan “Azərsun”un ildən-ilə fəaliyyət sahəsini genişləndirdiyinə, yeni-yeni istehsal sahələrinə baş vurduğuna şahidlik edirik. Belə olan halda isə heç şübhəsiz, holdinqin gəlirləri də artır. Bu yerdə ortaya sual çıxır: Tahir bəy niyə məhz Çempionlar Liqasının qrup mərhələsinin oyunları başa çatandan sonra bu haqda açıqlama verir? Olmaya iş adamı “Qarabağ”ın ölkə daxilində artan nüfuzundan istifadə edib, hakimiyyət dairələrindən yeni güzəştlər umur?
Heç kimə sirr deyil ki, Ağdam təmsilçisi cari Çempionlar Liqasında özü barədə xoş iz qoymağı bacardı. Tək “Atletiko” ilə iki oyunu yada salmaq kifayətdi. Avropanın aparıcı telekanalları, məşhur mətbu orqanları “köhlən atlar” barədə geniş reportajlar hazırladılar. Tahir bəyin prezidenti olduğu klub həm yaşıl meydanlarda oynadı, həm də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda vasitəçi oldu. Ola bilsin, bütün bunların fonunda klub rəhbəri diqqəti özünə cəlb etmək, yuxarıda qeyd etdiyimiz kimi, əlavə biznes sahələri əldə etmək üçün siyasəti dəyişəcəklərini dilə gətirdi. Təbii ki, Avropadakı layiqli təmsilçimizin zəifləməsi yuxarı instansiyaları da narahat etməyə bilməz. Böyük ehtimalla, “Qarabağ”ın zəifləməsi ölkə rəhbərliyinin diqqətindən kənarda qalmayacaq. Və belədə ya iş adamına biznesini inkişaf etdirmək üçün şərait yaradıla, ya da kluba əlavə sponsor cəlb oluna bilər ki, hər iki variant Gözəl ailəsinə divident gətirəcək. Yoxsa nədən fəaliyyətinin zirvə nöqtəsinə çatmış, Çempionlar Liqası kimi mötəbət turnirin qrupunda çıxış etmiş klub birdən-birə kursunu dəyişsin, ortabab statusu ilə razılaşsın.
Düşünülmüş planın tərkib hissəsi və ya Qurbanov amili
Heç şübhəsiz, klub prezidenti gələcək siyasətlərini ictimaiyyətə açıqlamamış “Qarabağ”ın uğurlarının əsas memarı olan baş məşqçi Qurban Qurbanovla məsləhətləşib. Noyabrın əvvəlində əsas millinin “sükanı arxasına” keçən, müxtəlif yaş qrupları üzrə yığmalara nəzarəti əlinə alan Qurban bəy gəncləşdirmə siyasətinə razıdı. Klubda çalışdığı dönəmdə adını ölkənin futbol tarixinə qızıl hərflərlə yazdırmağı bacaran 45 yaşlı mütəxəssis bundan sonra millini də eynu uğura daşımalı, ölkənin əsas komandasını hansısa mötəbər turnirin final mərhələsinə çıxarmalıdı. Bunun üçün isə yığmada yeni qana ehtiyac var. Təsadüfi deyil ki, o milliyə baş məşqçi təyin olunan gün AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın yığmanın baza klubu olacağını bildirmişdi. Belə çıxır ki, növbəti mövsümdən Azərbaycanın ən istedadlı, yığmada oynamaq perspektivi olan gəncləri “köhlən atlar”ın düşərgəsinə cəlb olunacaq. Ola bilsin, Tahir bəy də məhz bu məqamı nəzərə alıb, yola gənclərlə davam edəcəklərini açıqlayıb.
Təbii ki, yuxarıda qeyd etdiklərimiz bizim ehtimallarımızdı. Yəqin ki, yaxın vaxtda nəyin necə olacağını görəcəyik. Necə deyərlər, zaman həm hakimdi, həm də həkim.
Rəşad QASIMOV
Gözəlin şok açıqlamasının pərdəarxası




Fikirlərini bizimlə bölüş!