CIES-in 2026-cı il statistikasına görə, Gürcüstanda yetişərək xarici klublarda çıxış edən futbolçuların sayı 108, Azərbaycanda isə cəmi 7-dir. Postsovet məkanındakı müqayisə də futbolçu yetişdirilməsi və ixracı sahəsində geridə qaldığımızı göstərir.
Azərbaycan futbolunun ən ağrılı problemlərindən biri futbolçu ixracıdır. Yerli çempionatda futbolçularımıza kifayət qədər şans verilməməsi ilə yanaşı, yetişdirdiyimiz oyunçuların xarici bazarda təmsilçiliyi də olduqca aşağıdır.
CIES-in futbolçu miqrasiyası atlasına əsaslanan 2026-cı il statistikasına görə, Gürcüstanda yetişərək xarici klublarda çıxış edən futbolçuların sayı 108, Azərbaycanda isə cəmi 7-dir.
Ermənistan üzrə bu göstərici 6-7, Moldova üzrə 39, Belarusda 57, Latviyada 26, Qazaxıstanda isə 17-dir.
Burada söhbət həmin ölkələrin vətəndaşlığını daşıyan bütün futbolçulardan getmir. CIES-in araşdırması başqa futbol assosiasiyasında yetişərək sonradan xarici klublara keçmiş oyunçuları əhatə edir. Bu baxımdan statistika ölkələrin futbolçu yetişdirmək və beynəlxalq bazara çıxarmaq imkanlarını qiymətləndirmək üçün mühüm göstəricidir.
Gürcüstanın 108, Azərbaycanın isə 7 futbolçusu… Aradakı fərq təsadüfi görünmür. Gürcüstan yetişdirdiyi oyunçuları Avropanın müxtəlif çempionatlarına çıxara bildiyi halda, Azərbaycan hələ də yerli futbolçuların öz çempionatında əsas heyətə düşməsi problemini həll etməyə çalışır.
Gürcüstan millisinin üzvləri İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa kimi ölkələrin çempionatlarında çıxış edirlər. Giorgi Mamardaşvili “Liverpul”da, Giorgi Mikautadze “Vilyarreal”da, Zuriko Davitaşvili “Sent-Etyen”də, Luka Loçoşvili isə “Köln”də oynayır.
Əlbəttə, futbol bazarları, iqtisadi imkanlar və çempionatların səviyyəsi fərqlidir. Ancaq bu amillər Azərbaycanla Gürcüstan arasındakı fərqin bu qədər böyük olmasını izah etməyə kifayət etmir.
Postsovet məkanında da geridəyik
Milli komandaların noyabr toplanışı üçün açıqlanmış heyətlərinin müqayisəsi də ürəkaçan mənzərə ortaya qoymur.
ölkə/ heyət /xarici klublarda %
Gürcüstan 26 23 88,5%
Moldova 26 16 61,5%
Ermənistan 28 13 46,4%
Latviya 25 10 40%
Özbəkistan 30 9 30%
Azərbaycan 27 5 18,5%
Qazaxıstan 27 5 18,5%
Göründüyü kimi, Gürcüstan millisinin 26 futbolçusundan 23-ü, Moldovanın 26 oyunçusundan 16-sı, Ermənistanın 28 üzvündən 13-ü xarici klublarda çıxış edir. Azərbaycan və Qazaxıstan isə cəmi 18,5 faizlik göstərici ilə müqayisə olunan ölkələr arasında sonuncu yerlərdədir.
Təbii ki, xarici klubda oynamaq avtomatik olaraq daha yüksək futbol keyfiyyəti demək deyil. Ancaq bu rəqəmlər futbolçuların beynəlxalq bazara çıxış imkanları baxımından ölkələr arasında ciddi fərq olduğunu göstərir.
Kiçik futbol ölkələri öz yetirmələrini xaricdə daha geniş təmsil etdirə bildiyi halda, Azərbaycanda bu prosesin nəticələri olduqca məhduddur.
Akademiyalar var, bəs nəticə haradadır?
Azərbaycan futbolunda uşaq futbolu, akademiyalar, infrastruktur və inkişaf proqramları barədə illərdir danışılır. Bu istiqamətlərə vəsait ayrılır, layihələr həyata keçirilir, müxtəlif strategiyalar hazırlanır.
Bəs bütün bunların real nəticəsi haradadır? Əgər akademiyalar fəaliyyət göstərirsə, niyə onların yetirmələri Premyer Liqanın əsas komandalarında kifayət qədər təmsil olunmur? Klublar gənc futbolçuların inkişafına vəsait ayırırsa, niyə həmin oyunçulara müntəzəm şans verilmir? İnkişaf proqramları hazırlanırsa, niyə yetişdirdiyimiz futbolçuların xarici klublara transferi bu qədər məhduddur?
Bu sualların ünvanı həm klublar, həm də AFFA-dır. Federasiyanın fəaliyyəti yalnız milli komandaların nəticələri, turnirlərin təşkili və həyata keçirilən layihələrlə qiymətləndirilməməlidir. Əsas göstəricilərdən biri də ölkədə yetişən futbolçuların neçə nəfərinin peşəkar səviyyəyə yüksəlməsi, Premyer Liqada əsas heyətə düşməsi və xarici bazara çıxmasıdır.
Klublar da akademiyalara ayrılan vəsaitin nəticəsini göstərməlidir. Gənc futbolçunun adının oyun protokolunda olması inkişaf göstəricisi sayıla bilməz. Əsas məsələ onun meydanda qazandığı real dəqiqələr, rəqabət səviyyəsi və karyerasında əldə etdiyi irəliləyişdir.
Təbii ki, klubların nəticə qazanmaq istəyi başadüşüləndir. Keyfiyyətli legionerlərin transferi də futbolun normal hissəsidir. Ancaq qısamüddətli uğur naminə yerli futbolçuların inkişaf perspektivini arxa plana keçirmək uzunmüddətli strategiya sayıla bilməz.
Digər tərəfdən, süni legioner məhdudiyyətləri də problemi həll etməyəcək. Yerli futbolçuya sadəcə pasportuna görə forma vermək onun keyfiyyətini artırmır. Əsas məsələ onu rəqabətə hazırlamaq, düzgün məşq sistemi qurmaq və inkişafı üçün şərait yaratmaqdır.
Lixtenşteynə qalib gəlmək futbolumuzu xilas etməyəcək!
Qarşıdakı oyunda millimizə uğurlar arzulayırıq. Qrup birinciliyini təmin etmək, azarkeşləri sevindirmək vacibdir. Ancaq bu nəticəni ölkə futbolunun sağlam inkişaf sisteminə malik olmasının sübutu kimi qəbul etmək olmaz.
Rəqəmlər göstərir ki, problem təkcə klubların legioner siyasətində deyil. Daha fundamental məsələ yerli futbolçuların yetişdirilməsi, onların əsas komandalaradək yüksəlməsi və beynəlxalq bazara çıxarılmasıdır.
Bu gün millinin əsasını təşkil edən futbolçuların yerini sabah kimlər tutacaq? Yeni nəsil haradan gələcək? Onları kim yetişdirəcək və hansı klublar həmin oyunçulara güvənəcək?
Uşaq futboluna ayrılan pullar, akademiyalar, məşqçilər, seleksiya və infrastruktur öz bəhrəsini verməlidir. Əks halda, görülən işlərin effektivliyini sorğulamaq tamamilə haqlıdır.
Azərbaycan futbolunun əsas problemi legionerlərin çoxluğu deyil, onların yerini tuta biləcək səviyyədə yerli futbolçuların yetişdirilməməsi və yetişənlərə lazımi etimadın göstərilməməsidir.
Lixtenşteyn üzərində qələbə qrup birinciliyini gətirə bilər. Ancaq Azərbaycan futbolunun gələcəyini xilas etmək üçün AFFA-nın və klubların daha böyük qələbəyə ehtiyacı var.
O qələbənin adı yerli futbolçunun yetişdirilməsi, ona güvənilməsi və beynəlxalq səviyyəyə çıxarılmasıdır.




Fikirlərini bizimlə bölüş!