Heç Buxenvald düşərgəsinin nəzarətçiləri bu istidə futbol matçının saat 17.00-da başlanmasına icazə verməzdilər…Nə yaxşı ki, bazar günü Gəncədəki "Kəpəz" – AZAL qarşılaşmasında heç bir bədbəxt hadisə baş verməyib. Nəsə olsaydı kim cavab verəcəkdi? Həmişəki kimi heç kim! AFFA məsuliyyəti atardı Ramin Musayevə, o – yenə AFFA-ya (oxu – M.Nərimanoğluya), o da özünə xas olan tərzdə kimisə tapıb günahkar çıxardardı.
Əslində, burada klubların da üzərində məsuliyyət var. Məgər ən azından Şahin Diniyevlə Tərlan Əhmədov bilmirlər ki, bu havada saat 17.00-da oyun keçirmək olmaz? Bilirlər. Onu da bilirlər ki, onların rəhbərləri heç vaxt AFFA-ya qarşı getməzlər. Sabah əmr verilsə ki oyunlar 13.00-da başlanacaq, "yes sir" deyib futbolçuların sağlamlığını risk altına qoyacaqlar.
Təəssüflər olsun ki, müasir Azərbaycan futbolunda cəmi 3 müstəqil klub qaldı – "Qarabağ", "Qəbələ" və "Zirə". Və təsadüf deyil ki, məhz bu klublar ötən mövsüm medallara yiyələniblər.
"Bakı" ilə "Xəzər"i futbol xəritəsindən sildilər (klub rəhbərlərinin səriştəsizliyi da şübhəsizdi). Elə etdilər ki, futbola yad adam gəlməsin, fikirlərin müxtəlifliyi olmasın, klub rəhbərlərin hamısı elə öz adamları olsun. Futbol yaddan çıxdı! Baxın, durum nə yerə çatdı ki hətta birinci diviziona "Şuşa-Qarabağ" adlı klubu buraxmırlar. Nə var nə var, klubun sahibi hüqüqşunasdı, AFFA və PFL üçün "problemli adamdı". Məşqçilərinin da AFFA-PFL-də kimləsə problemi var…
Bəli, siyasəti lap əla bilirlər. İntriqalardan, pərdəarxası oyunlarından istənilən adama dərş keçərlər. Nə olursa futbola olur. Nə olursa, futbol adamlarına, futbolçulara olur. "Kəpəz"ə öz mətbuat katiblərini, "Neftçi"yə yazıçını, "İntər"ə alman bankirini sırıyıblar. Futbol yaddan çıxdı, əsas – siyasətdi, intriqalardı. Əsas odu ki, futbolu bilən adamlar rəhbər vəzifələrində oturmasın. Əsad odu ki, dostları, silahdaşları əlavə gəlir yeri qazansınlar. Axı əl əli yuyar, əl də üzü.
Əhalisi 9 milliyonu keçən Azərbaycanda da yüksək liqada 8 komanda çıxış edir, Latviyada (2 mln) da, Ermənistanda (3 mln) da. Hətta əhalisi 1 miliyondan çox olan Estoniyada premyer-liqada 10 komanda iştirak edir. Dediyim kimi, bizdə səkkiz klublardan cəmi üçü müstəqil formatda fəaliyyət göstərir, az-çox nəticə qazanır.
Bir yazıda hardan başlayıb hara gəlib çıxdıq…Təki futbolumuzun axırına çıxan olmasın!




Fikirlərini bizimlə bölüş!