Hədəf sapan təbrikbazlar…

Hədəf sapan təbrikbazlar…

Cahangir Fərəcullayev absurd fikirlərini səsləndirməklə ya azarkeşləri dolayır, ya da reallığı dərk etməyəcək qədər qeyri-futbol kadrıdı. Faktiki AFFA-nı və demək olar ki, bütün ölkə futbolunu kurasiya edən bu adamın söylədiyi nağıllar məntiqə sığmayan, heç bir tənqidə dözülməyəcək qədər yersizdi. Millətlər Liqasının yekunları ilə bağlı baş katibin sözlərini həmkarlarımız kifayət qədər şərh edib. Amma mövzuya nə qədər qayıtsaq, yenə az gələcək. Çünki bu, Azərbaycan futbolunda yaşananları bütün çılpaqlığı ilə gözlər önünə sərən ən aktual məsələdi.

Cahangir bəyin gerçəyi hədəfsizlik olan “hədəfə” çatmalarını böyük uğur kimi ictimaiyyətə sırımağa çalışması, bizə yerimizin “dibdə”, elə “cırtdanların” yanında olmasıyla barışmağı tövsiyə etməsi hamımıza qarşı hörmətsizlikdi. İlk növbədə, dövlətimizin idman siyasətinə ziddi. Yoxsa büdcədən bu qədər resurs nəyə israf olunur? Axı həmin D Liqasındakı bütün iştirakçıların əhali sayı, potensialı, idman xərclərinin cəmi bir tək Azərbaycanınkı qədər etmir! Əgər ciddi hədəf yoxdusa, bu futbolçulara, məşqçilərə və məlum funksionerlərə böyük məbləğlər niyə ödənilir?! Bu millinin üzvləri özlərini lixtenşteynli tələbə, andorralı poçtolyon qədər bilirlərsə, maksimumları budursa, niyə onların əməkhaqqı həvəskar həmkarlarından qat-qat yüksək olmalıdı?

Əminəm, əksəriyyət razılaşar: qoy bizim klublar elə Gürcüstan çempionatı səviyyəsində olsun, yetər ki, əsas maliyyə uşaq futboluna, məktəb və akademiyalarına, infrastruktura ayrılsın. Həmin uşaqlar 10–15 il sonra yetişib daha ciddi hədəflərə hazır olanda indiki maaşlar tətbiq edilsin. Hələlik isə Fərəcullayev və onun dediklərini həvəslə təsdiqləyən millinin baş məşqçisi Ayxan Abbasov lixtenşteynli həmkarlarından heç bir halda daha artıq qazanmamalıdır…

Vəziyyəti lap tragikomik hala salan isə o boyda AFFA-da Millətlər Liqasının reqlamentini heç kimin doğru-düzgün bilməməsidi. Bilsəydilər, qeyri-ciddi nailiyyətlərinə sevinmək, gözə soxmaq əvəzinə, tarixi fürsəti qaçırmalarına üzülərdilər. D Liqasında təkcə bir qrupda qalibiyyətin heç nə vermədiyini, onsuz da növbəti mövsüm buradakı komandaların hamısının C Liqasına yüksələcəyini, əsas məqsədin iki qrupun cəmində birincilik olduğunu dərk edərdilər. Cəmi bir top fərqi yetmədi ki, komandamız Millətlər Liqasının verdiyi unikal şansdan yararlana bilsin, Avropa çempionatının final mərhələsinə yüksəlmək üçün pley-off oynamaq fürsəti qazansın. D Liqasından bunu bacarmaq ən asan yol idi və tariximizdə indiyədək heç vaxt yaxın düşə bilmədiyimiz qədər əlçatan hədəf olacaqdı — əgər Fərəcullayev və ətrafının, Abbasov və yetirmələrinin dünya futbolundan anlayışı varıydısa…

Millinin üzvlərini təlimatlandırardılar ki, Lixtenşteynə bir qol vurmaq bizə yetmir, irəli atılmaq lazımdı. Mahir Əmrəli künc bayrağının yanında topu saxlamazdı, Emil Balayev vaxt uzatdığı üçün sarı vərəqə almazdı. Hələ orasını demirik ki, istənilən halda “cırtdanlar” qarşısında vaxt “öldürmək” özünə hörmət qoyan hər komanda üçün biabırçılıqdı.

Son müsahibəsində yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyev pley-off şanslarından xəbərsiz olduqlarını və bu üzdən irəli getmədiklərini etiraf etməklə sözlərimizi təsdiqləyir. Zatən Lixtenşteyn üzərində 1:0 hesablı qələbənin arxasınca atılıb-düşəndə futbolçularımızın necə şansı əldən verdiklərini bilmədikləri məlum idi. Baş məşqçinin onlara qoşulub təbrikbazlıq etməsi isə ayrı bir dərd idi.

Fərəcullayevin futboldan bixəbər adam olduğunu bildik, bəs ömrünü bu oyuna həsr etmiş Ayxan Abbasova nə deyəsən? Hədəf sapması, Millətlər Liqasındakı reqlamenti öyrənməməsi bir yana, Abbasov epizodlardan birində ehtiyat hakimdən komandasının xeyrinə künc zərbəsi təyin etməsi üçün VAR-a baxmasını tələb edirdi. Yəni elementar qaydaları da bilmirmiş…

İndi çıxıb yalandan açıqlama vermək ki, demişdik, Şahruddin düzgün anlamayıb, sadəcə gülüncdü və ən azı qeyri-səmimilikdi!

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.