Yaşasaydı, bu il 10 yaşını qeyd edəcəkdi. Onu sevənləri, böyüyüb vətənə faydalı övlad olma-sı üçün çalışanları gözüyaşlı qoyub getdi. Diri-diri torpağa basdırıldı. Bu 10 ildə başına hansı oyunlar gəlmədi ki?! Pulsuz da qaldı, aşağı da yuvarlandı, ölkəni Avropada təmsil edənlərin yanına qoşulmağa da imkan tapdı.
Ən çətin dönəmlərində belə nəfəs almağı bacarırdı. Ancaq “yaxşı insan həyatdan tez köçür” deyimi ondan yan keçmədi. Həyatın xırdalıqlarından, bicliklərindən, gözəlliyindən duyuq düşən vaxtlar indi-indi yetişirdi onun üçün. Yaşı az olmasına baxmayaraq, son 2 ildə məhlədə özündən yaşca böyüklərə, imkanlılara boy verirdi, hər imkanda qapazaltı olmadığını sübut etməyə çalışırdı. Adətdi, ölənin dalınca çox söz danışılır. Qaranlıq otaqda, yanında şahid olmadan öz əcəli ilə dünyasını dəyişdiyini deyirlər.
Buna da heç kim inanmır. Hamı onun bilərəkdən öldürüldüyü, daha doğrusu, qətlə yetirildiyi qənaətindədi. Şübhəli şəxslər varsa, ölümün səbəbləri gözlə görüləcək qədər üzdədisə, gizlətməyin nə mənası? Əslində “Simurq”un ölümü iki şəxsin – Cahangir Hacıyevlə Anar Bəkirovun boynundadı ki, onlar da mətbuatdan uzaq durur, cinayətin detallarını açıqlamağı özlərinə borc bilmirlər. “Elin gözü tərəzidi” deyiblər. Odu ki, biz ölümün səbəblərindən danışaq, siz də agah olun. Hacıyevlə Bəkirov gümanlarla razılaşmasa, adətimizə uyğun olaraq hər ikisinə tribuna verməyə hazırıq.
Zibili iylətmək olmazdı
Anar Bəkirov. Cahangir Hacıyevin adının yanında onun ismi bəlkə də dəfələrlə kiçik görünür. Ayrılan vəsaiti düzgün istiqamətə xərcləyib, komandanı ölkədə seçilənlərdən etmək üçün “yuxarıdan” tapşırıq alan rəhbər idi. Çalışdığı illər ərzində mətbuata o qədər də açıq olmadı. Yalnız özünə sərf edən vaxtlarda danışır, stadionlarda gözə dəyirdi. Onun fəallığı daha çox fasilə dönəmlərində, belə deyək, transferlər ediləndə artırdı. Menecerlərlə, hətta futbolçularla birbaşa əlaqəyə girər, hər xırda detalı özü götür-qoy edərdi. Ortada pul varsa, çatışmazlıq, problem, hətta yeyinti də qaçılmazdı. “Simurq”un süqutunun başlıca səbəblərindən biri kimi Bəkirovun ayıblarının ört-basdır etməsi göstərilir. Yəni klub yaşasaydı və ya başqa bir sponsor sinəsini irəli versəydi, bütün sənədlər, fakturalar üzə çıxacaqdı ki, bu da böyük həngamə qopara bilərdi. Maliyyə ayıran şəxslər müqavilələrə, ordakı bəndlərə, maaşlara nəzər salacaq, “çak-çuk”u aşkarlayacaqdı. Bu isə gənc prezidentə heç cür sərf edə bilməzdi. Odu ki, klubun tarixin yaddaşına qovuşması hamıdan çox Bəkirova sərf edirdi. Zibilin iy verməməsi üçün yandırılması ən asan çıxış yoludu, deyilmi?
Küsmüşəm, danışmıram sizinlə
Vəziyyətin bu həddə çatmasında klub prezidenti qədər sponsor da günahkardı. Atıb-tutan vaxtları keçmişdə qalan Cahangir Hacıyevin indi hansı durumda olduğunu dünyadan xəbərsiz azərbaycanlı da bilir. Beynəlxalq Bankın İdarə Heyətinin sədri postu əlindən alındı, bu azmış kimi, ölkə rəhbərliyi verdiyi borclara görə onu apar-gətir edir. Qısası, canını asanlıqla qurtara bilməyəcəyi bəlaya düşüb. Bütün bu yaşananlar Hacıyevə təsir etməyə bilməz. Adam fikirləşir ki, 10 il dağ boyda iki klub saxladım, o qədər pul xərclədim, “qardaşlığa” gö-rə tənqid də eşitdim, təhqir də. Ancaq məni elə yerdən, elə şəkildə “vururlar” ki, sanki vətən xainiyəm. Belə deyək, Hacıyev təkcə rəhbərlik etdiyi sahəyə yox, həm də futbola tüpürmək qə-rarına gəldi. Bu yolla həm də kimlərəsə “futbolda yoxam, indi görüm nə edəcəksiz” mesajını göndərmiş oldu. Bəlkə Prezident Adminstrasiyasında oturanlardan kimsə məsələdən duyuq düşüb onu yanına çağırar, bölgə futbolunu yaşatması üçün ona stimul verər. Dünənə kimi gözlə-məsinin səbəblərindən biri də bu idi. Sırf şəxsi mənafe.
Hiyləgər addım
Hə, keçək əsas, həm də həlledici məqama. Zaqatalanın gözəgəlimli yerində – Qaladüzündə yerləşən Olimpiya Kompleksi və balansındakı stadiona. Bəli, Cahangir bəyin ölkə başçısının gözündə ucalmaq üçün illər öncə tikdirdiyi həmin kompleksi nəzərdə tuturam. Başıbəlalı, çoxlarının göz dikdiyi kompleks. İdman qurğusunun dövlətdən gələn gəlirin hesabına inşa olunmasına baxmayaraq, Zaqatala camaatı onu Hacıyevin şəxsi əmlakı kimi qəbul edir. Dərinə getsək, elədi ki var. Komplekslə stadion 30-50 milyon manat civarında dəyərləndirilir. Yetərincə yüksək məbləğdi. Bu pulla Hacıyev və onun nəvə-nəticələri işləməsələr belə, 30 il firavan yaşaya bilərlər. Bax, dərd bunun dərdidi. Sabiq bank rəhbəri müflisləşəndən sonra “Si-murq”un yad əllərə verilməsi ehtimalı yaranmışdı.
Hətta buna görə AFFA əməli fəaliyyətə başlamışdı da. Klubun yad əllərə verilməsi həm də qurğunun əldən çıxması anlamına gələcəkdi. Yeni sponsorun ilk sualı “komanda harda oynayacaq, futbolçular harda qidalanacaq, məskunlşacaq” olacaqdı ki, bu da böyük təhlükəyə yol açacaqdı. Cahangir bəy öz əli ilə 30 milyonluq əmlakı yad ələ verməliydi. Öz xoşu ilə verməsəydi belə, “yuxarıdan” gələn zəngdən sonra olan-qalanını də itirə bilərdi. Milyonları qorumaq üçün ən yaxşı çıxış yolu “Simurq”u dəfn etmək və bu yolla Zaqatala futbolunu unutdurmaq idi. Klubun dağılmasının rəsmiləşməsi xəbərinin bu günlərə təsadüf etməsi də əbəs deyil. Çempionatın başlamasına az qalıb, klubun futbolçu və məşqçilərə borcları ödənilməyib. İndiki vəziyyətdə ən axmaq adama da “al, “Simurq”u yaşat” desən, heç kim işə qol qoymaz.
Öz aramızdı, guya Cahangir Hacıyev vəziyyətin düzəlməyəcəyini, kluba pul ayıra bilməyəcəyini bir ay öncə bilmirdi? Bilirdi, həm də lap yaxşı. Elədisə, niyə iş bu günə kimi yubandı? Niyə öncədən klubun elitada mübarizə aparmayacağı açıqlanmırdı? Dediyim kimi, kompleks əldən çıxmasın deyə. Bir-iki il keçəcək, hay-küy səngiyəcək. “Simurq” qəbirdə əriyəcək, heç kimin yadına düşməyəcək. Ancaq Zaqatala Olimpiya Kompleksi, yəni Hacıyevin milyonları yaşayacaq. Bəlkə də o vaxta kimi “obyekti” satar, bəlkə də başqa bir iş qurar. Bilmək olmaz, bəlkə də Allahın qəzəbinə tuş gəlsə, əlindən alarlar.




Fikirlərini bizimlə bölüş!