Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Hakimbaşının 2 ili…

Azərbaycandakı hakimliyi düzəltmək üçün 2 il vaxt lazımdı. Çox yox, cəmi 2 il. Bu müddəti Xaqani Məmmədov istəyib. Deyib ki, 2 il də hakimbaşı olsam, ta heç bir problem yaranmayacaq. Döyülən olmayacaq. Qoşatəpik yeyən olmayacaq. Sillə vuran olmayacaq. «Can-cana» olacaq. «Maral» olacaq. «Ay canı yanmış» olacaq. Əlqərəz, bülbüllə hacıleylək yanaşı addımlayacaq. Bundan da Ramin Musayev udacaq. Day uduzan komandanın prezidenti final fiti verilib-verilməz zəng vurub dişinin dibini qurdalamayacaq. Yanına adamlarını göndərib, kabinetini dağıtmayacaq.

Bunları boş verin. Bir qara yuxu-filandı. Yaradan bizi o gündən saxlasın ki, Xaqani Məmmədov daha 2 il hakimbaşı vəzifəsində qalsın. Vallah, bu müddətdə nələrin baş verəcəyini proqnozlaşdırmaq mənlik olmaz. Sizlik də olmaz. Onluq olar. Həm də Ramin Musayevlik. Axı bu iki şəxsdə şeytanın da həsəd aparacağı əməllər üstünlük təşkil edir. Mən bu qənaətə indi gəlməmişəm. Çoxdankı fikrimdi.

Xaqani Məmmədov hər ay 5 min dollar «paket» alır. Rəsmi maaşından əlavə. Qazancı tək bu iki yerdən gəlmir. 10 klub var, Allah onlardan 4-5-nin canını cappacaq eləsin. Sağ olsunlar ki, bir əlləri ürəklərinin başında, bir əlləri ciblərindədi. 20 ilə yaxındı bu sahədə külüng çapan Xaqani bəy hələ neçə-neçə pullu kişilər görüb, neçəsini yola salıb, neçəsinin yolunu gözləyir. Mərhum Şahbaz Süleymanovun onunla bağlı elə mübhəm, isti və bəlağətli xatirələri var ki! rəhmətlik qəbirdən qalxsa, bizi də, bilməyənləri də yaxın keçmişin olub-keçənlərindən hali edərdi. Təəssüf, aramızdən erkən ayrıldı.

Bıy, Adil Nadirov var da! «Qarabağ»ın həmtəsisçisi kalan olduğu vaxtlar hakimbaşıyla oyunlar yaşayıb e! Bir dəfə deyil, on, yüz kərə! Xaqani Məmmədovun dünənini vərəqləsin, sən də gözlərini yum, qulaqlarını qapa. İnanmayacaqsız, sinədəftərdi. Nadirov komitə sədrini körpələyindən bələdləyib. Üstün cəh0ətlərini də yaxşı bilir, zəif cəhətlərini də. «Qarabağ» Nadirovdan lazımınca yararlanmır. Buna görədi də, 50 ildi çempion olmurlar, arada da böyük pullar gedir. Adil bəyə görəv versəydiilər ha, hakimbaşını Nuh əyyamından üzü bəri «Qarabağ»lı eləmişdi.

Aldanıblar Ramin Musayevə, düşünürlər ki, sanki PFL prezidenti həmişə «Qarabağ»ın yanında qalacaq. Day demirlər ki, Qurban Qurbanov getdi ya, Musayev də gedəcək. Kəndirlə qapıya bərkitsələr də, dinc oturmayacaq, bir günü ipi də qırıb qaçacaq. Sədaqətlisi yenə hakimbaşıdı. Həm ucuz, həm də keyfiyyətli. İki ilə nə dəyişəcək? Xaqani Məmmədov Rövşən Əhmədovun, Nemət Mahmudovun, Anar Salmanovun, Əfqan Həmzəyevin və daha kimlərin, kimlərin yerini dolduracaq. Onlara rəhmət oxutduracaq yeni baram qurdları yetişdirəcək. Nəsillərarası islahat yeni mərhələyə qədəm basacaq. Gənclərin vasitəsilə klublara papış tikmək çox asanddı axı. Səhvi edir, deyir ki, uşaqdı, bilməyib, qərəzsizdi. Qocalarla kəf gəlmək olmur da, bilirsiz.|Sport Favorit

Fikirlərini bizimlə bölüş!