Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Heyvagülü

Allah Elçibəyə qəni-qəni rəhmət eləsin. Rəhmətlik deyirdi ki, “bizim kənddə kişilərdən biri toy mağarına girib bir qırmızı “onluq” atır musiqiçilərin masasına. Əllərini havaya qaldırıb oynamağa hazır vəziyyətdə durarkən, musiqiçilər soruşur “hansı havanı çalaq?” Kişi də qayıdır ki, “siz nə çalırsız çalın, mən “heyvagülü” oynayacağam”.

Əslində, heç zaman sütün yazımda lətifədən istifadə etməmişəm. Edənə də pis baxmıram. Sadəcə, bizim medianın “Azərbaycan derbisi” adını verdiyi “Qarabağ” – “Neftçi” oyununda Ramil Diniyevin idarəçiliyini görən gündən bəri rəhmətlikdən 21 il öncə eşitdiyim lətifəni unuda bilmirəm deyə, girişə bu əhvalatla başladım.

Oyun bitən kimi dostlar məni sosial şəbəkədə Diniyevə aid statuslarun bir çoxuna tağ etdilər. Çünki türkiyəlilər demiş “husumetimiz var”. Mən üç il öncə “Diniyev hakim olmayacaq, sifariş yerinə yetirir” deyəndə, bir az da ifadəmi Lənkəran ləhcəli qeyri-etik sözlərlə qatışdıranda AFFA İntizam Komitəsi məni 5000 manat cərimə etdi.

Diniyev üçün yazılan sütun yazıları, məqalələr, sosial şəbəkələrdə status və şərhlər bir yerə yığılsa, iri bir monaqrafiya alınar. Elə onun son idarəçiliyinə görə gənc jurnalistlər 5-6 videoçarx hazırlayıblar. Bunun üçün gənclər saatlarla zamanlarından ayırmayıb, geniş imkanlara malik montaj qurğularından istifadə etməyiblər. Ramil Diniyevin o qədər “quş”u var ki, sadəcə, “dən səpmək”, yəni 4-5 dəqiqə “youtube” şəbəkəsinə daxil olub zaman sərf etmək yetir.

Amma hər şeyə rəğmən, Diniyevi sevirlər. Bu qədər səhvə, yalnış idarəçiliyə, səs-küyə baxmayaraq, yenə də sevirlər. Sevgidən doğan hissdi ki, hələ də əlində fit meydanlarda ədaləti qoruyur.

Əslində, ədalət mülkün təməlidi və sevgidə də ədalət mütləq olmalıdı. Bəzən Ramin Musayev Xaqani Məmmədovla bağlı verilən suallara elə sevgi hissləriylə cavab verir ki… Mən yeniyetməliyimdə ölməz Salam Qədirzadənin məşhur “46 bənövşə”, “Ülkər Aytəkin” kimi romanlarını oxumuşam. Bu gün də şəxsi fikrim odu ki, bu romanları oxumayan ürəkdən sevməyin nə olduğunu hiss edə bilməz. Amma Ramin Musayevin Xaqani Məmmədov barədə danışarkən cümlələrində olan sevgi məhz adıçəkilən romanlarda olan əsl sevgidən uzaqdı. Saxtalıq dərhal hiss olunur. Obrazlardakı natamamlıq, süni aktyor manevri önə çıxır. Lənət olsun! Lap özümü 80-ci illərdə “Retro” verilişinin aparıcısı Ayaz Salayev kimi hiss etdim.

Vallah, utanır adam. İstəyirsən Azərbaycan futbolu haqqında romantika ilə danışasan, bir az mülayim yanaşasan, amma olmur. Ramil Diniyevi “Rəvan” – “Xəzər Lənkəran” oyununda çıxardığı hoqqaya görə iti qovan kimi qovmalı idilər. Qovmadılar! Həmin gün yaddaşı güclü olan həmkarlar xatırlar, “Bayıl Arena”da ətrafıma toplaşan insanlara dedim ki, “Diniyevə güldən ağır söz deyilməyəcək”. Belə də oldu, böyük bir camiənin tarixinə sonuncu pillə damğası vurdurub, növbəti mövsüm ilk turda təyinat aldı. Yenə səhv, yenə “quş”! Adam qapı arxasında topun qapı xəttini keçdiyini, yəni qapı arxası hakim olaraq 90 dəqiqə ərzində yeganə görməli olduğu üçün görəvləndirilən epizodu görə bilmədi. Amma nə xeyri? Xaqani Məmmədov həmin oyunda Şüvəlanda uçan quşları, başıpapaqlı mollaları, stadionun qarşısında yerləşən bağ evlərinin pərdələrini günahkar çıxardı, Diniyevi yox. Diniyev qorunur, himayə olunur.

Ən son məlum “Qarabağ” – “Neftçi” oyununda olan idarəçilik. Deyir ki, “siz nə istəyirsiz çalın, mən “heyvagülü” oynayacağam”. Ramin Musayevə deyirsən “Xaqani Məmmədov…”. Dərhal sözünü kəsir. Məhəbbət, romantika… Səsi olsa, Məmmədova sevgisini mahni ilə ifadə edər. Yəni uzun sözün qısası, “Xaqani Məmmədov işinin öhdəsindən gəlir”. Əslində, hər kəs bilir ki, Xaqani Məmmədov boş addı, əmrə tabe, göstərişə təzim edən biridi. “Nəticələr necə olmalıdı” qərarı onun yox, başqalarının otağında verilən qərardı.

Ramin Musayevin indiyə qədər iki böyük qərarı olub. Birinci, Aslan Şahgəldiyev kimi insanı mətbuat katibi qoyub və Musayev haqqında hər dəfə sərt cümlə, tənqid yazmaq istərkən barmağın durur, Aslanın xoş siması göz önünə gəlir. Bir də Aslanın müqayisəsindən uzaq, Xaqani Məmmədovla birgə çalışmaq istəyi. Çünki bu adam da 10 ildən çoxdu “əl topu tapdı, top əli tapdı” ifadəsiylə ictimaiyyətə nağıl danışır. Və… Ən pisi, artıq hamı nağıla inanır. Belə epizodda sual yaranır: Xaqani demiş, əl topu tapdı, ya top əli?

Ramin Musayev də, Elxan Məmmədov da bilir ki, Xaqani Məmmədov kimi sözünü yüz dəfə yeyən, çeynəyən, özü özünü təkzib edən, xüsusən, fövqəladə DİRƏNMƏK bacarığı olan birini tapmaq asan olmayacaq. Bunu biz də bilirik. Bu qədər hay-küyün, narazılığın, ajiotajın qabağında bilməyən Ramil Diniyevdi. Elə hey “heyvagülü” oynayır. Zalım balası elə bilir ki, belə qorunma ilə Azərbaycan hakimliyinə həqiqətən lazımdı. Amma bir az geriyə baxsa, çox yox, bir az… Anar Salmanovu, “min bir dərdin dərmanı” Elçin Məmmədovu xatırlasa… Sən də gedəcəksən, Diniyev… Səndən də istifadə edib, müddətin bitəndə atacaqlar. Bəlkə artıq sənin əvəzləyicin də yetişdirilib. Amma çalış, həyatında bir dəfə də olsa öz havanı oyna. Bu vicdanı, sevgisi, ədaləti olan insan üçün mütləqdi.

Fikirlərini bizimlə bölüş!