Mən deyəndə, inanmırsınız. Bizim bu idman mətbuatındakı yazarların heç insafı-zadı yoxdur. Elə işləri-gücləri kimi gəldi, necə gəldi, tənqid eləməkdir. Bir əslini-astarını araşdırıb soruşmurlar ki, nədi, nə məsələdir? Qoyasan, bekara mövzulardan yazsınlar, kiminsə kölgəsini qılınclasınlar.
İndi də düşüblər AFFA rəhbərliyinin üstünə ki, bəs niyə milli komandanın yoldaşlıq oyununu Filippinlə təşkil eləyiblər? Heç gör, dəxli var? Qardaşlar, bacılar, gərək yazmamışdan öncə bir araşdırasınız, baxasınız, işin içini öyrənəsiniz, ondan sonra qələmə, bağışlayın, çaşdım, klaviaturaya sarılasınız.
Bəlkə, elə bu oyunun keçirilməsi humanist məqsəd daşıyır, bəlkə, futbol başbilənlərimiz xeyriyyəçiliklə məşğuldur, xəbərimiz yoxdur. Bəs necə, indi deyirsiniz, o boyda adamlar durub deyəcəklər ki, biz bu oyunu xeyriyyə məqsədi ilə təşkil eləmişik? Onda işin dadı-duzu qaçar axı. İslam dinində də var ki, gərək sağ əlin elədiyini, sol əl bilməsin. İndi bu yazıqlar açıb deyə bilmirlər, siz də düşmüsünüz onların üstünə ki, ay nə bilim bağ belə, bostan belə…
Xarici və daxili qara qüvvələrin AFFA haqqında məhz bu yoldaşlıq oyunu ilə bağlı yazdığı yazıları oxuduqdan sonra, qərar verdim ki, gərək bu işin içinə yetim. Görüm, bizim o yuxarıda oturan futbol bilicilərimizi nə vadar eləyib ki, uzaq şərqdə yerləşən, adı futbolun it dəftərində olan (burda bir haşiyə çıxaraq qeyd eləyim ki, Filippin yığmasının ləqəbi "Küçə itləri"dir.) bir yığma ilə yoldaşlıq oyunu salsın, bu boyda mətbuatın hay-küyünə də sinə gərmək zorunda qalsın.
Elə bütün günü beynimdə bu fikirlərlə dolaşırdım ki, birdən bir xəbər diqqətimi çəkdi. Deməli, əfsanəvi futbolçular, braziliyalı Ronaldo və fransalı Zidan özləri kimi veteranları başlarına yığaraq futbol şousu keçirmək istəyirlər. Şounun əsas məqsədi də Filippində baş vermiş zəlzələ zamanı zərər çəkənlərə yardım etməkdir.
Bu xəbəri eşidən kimi barmağımı dişlədim, az qala rəhmətlik Arximed kimi "EVRİKA" qışqıracaqdım ki, ətrafımdakılara bir nəzər salıb səsimi birtəhər içimdə boğdum. Artıq hər şey aydın idi. Mənim müşahidə və qənaətlərimdən belə bir fikir hasil oldu ki, Azərbaycan futbol yığması məhz müqəddəs amal uğrunda Filippinlə qarşılaşırmış.
Tapdığım fakt əvvəlcə məni çox duyğulandırdı, sonra bir az kövrəldim. Yenə ətrafımdakıları nəzərə alıb, birtəhər özümü ələ aldım.
Qürur duyuram mən öz yığmamızla! Onların bu xeyirxah, mesenant əməllərinin mükafatını bir gün mütləq alacaqlarını düşünürəm. Hətta mənə elə gəlir ki, məhz bu xeyir əmələ görə Allah da bizim yığmadan öz mərhəmətini əsirgəməyəcək və AVRO-2016 – nın seçmə mərhələsi üçün qrupumuza öz torbalarının ən ölüvay komandalarını göndərəcək.
Siz hələ AFFA rəhbərliyinin humanistliyinə, təvazökarlığına baxın ki, o qədər tənqidin, qarayaxmanın müqabilində bir dəfə də "mıqq" eləmədilər. Bir dəfə də olsun səslərini çıxarıb demədilər ki, bəs əslində, məsələ elə yox, beləymiş. Sizinlə də qürur duyuram, cənablar!
Və yazımın sonunda burdan Ronaldo və Zidana da öz qınaq dolu sözlərimi yollamaq istəyirəm. Ayıb deyil? Həm bizim federasiyanın ideyasını oğurlayırsınız. Həm də gördüyünüz bir iş deyil, elə-aləmə də car çəkirsiniz. Xeyir əməl, xeyirxah iş bax, belə olar. Bizim AFFA-nın elədiyi kimi. Nə deyirəm, Allah qəbul eləsin!
Zaur XUDİYEV




Fikirlərini bizimlə bölüş!