Son bir həftə aktiv yazmağa başladım və proses burnuma fərqli qoxular gətirdi… Sən demə, keçən zaman ərzində Azərbaycan futbolunda müəyyən tendensiyalar kök salıb. Ya da buna, "axmaq ənənələr" deyək.
Deməli, futbolun problemlərindən yazırsan, detallara toxunur, təhlil apararırsan və yazıda konkret ad çəkmirsən. Belə mövzular reaksiya almır.
Əslində mən əsas bu mövzularda reaksiya gözləyirəm, ictimai rəy ilə maraqlanıram. Ötəri şərhlər olur.
Nə vaxt ki, hansısa məşqçinin və ya futbol adamının adı ilə onun fəaliyyətinə münasibət bildirirsən, ortalıq dağılır.
Məlum olur ki, Azərbaycanın natamam klublarında çörəklənən bu yarımməşqçilər, yarımidarəçilər troll dəstəsi formalaşdırıb, işi bu nöqtələrə aparıblar.
Əksəri çayxana mədəniyyətindən çıxan və hələ də bunu tərk etməyən köhnə futbolçular, hazırki məşqçi və ya futbol adamları indi bu tip məkanların sahibkarlarıdır. "Çay evi", "Lunch cafe", "Hamam" və.s.
Futboldankənar biznes kimi baxanda, normaldı. Əlbəttə, hər kəs əsas peşəsindən əlavə biznes sahələrinə yönələ bilər. Gəl ki, məsələ başqadı…
Görünən odu ki, bu məkanlarda toplananlar zamanla ağalarının, paşalarının müridi olurlar.
Nəticə etibarı ilə, sənin misal üçün, Əli haqda yazdığın yazı tənqid xarakterlidirsə, bu beyni samanlaşmışlar o yazını birinci tənqidi cümləyə qədər oxuyurlar. Tələsik şərh bölməsinə enirlər və təhqir yazırlar. Ən yaxşı halda da, yazırlar ki, "sən kimsən və nə ixtiyarla Əli müəllim haqda bu yazını yazırsan?". Ya da belə: "Sən özün Əli müəllimin etdiklərinin 1 faizini etmisənmi?".
Bu tipləri başqa müəlliflərin yazılarının şərh bölümündə də görürəm.
Yəqin ki, siz də rast gəlmisiniz.
Sözlərindən belə çıxır ki, "mən, Əli müəllimin hamamında çimən adam kimi deyirəm ki, bu şəxsin başı futboldan çıxmır".
Mən bu "hamam trolları"na gülürəm, əylənirəm və blok edirəm. Sonra da üzülürəm. "Belə insan olarmı və ya insan niyə belə olsun" sualları yaranır.




Fikirlərini bizimlə bölüş!