Hanı 10, 15, 20, 25 milyonluq büdcəyə sahib klublar?
Hanı o məddahlar ki, nəfəs dərmədən Rövnəq Abdullayevin şəninə tərif yağdırırdılar? Hardadı Rövnəq Abdullayevi Azərbaycan futbolunun xilaskarı, ağ atlı oğlanı, dəmir dəbilqəli cəngavəri sayan yaltaq sürüsü? Hardasız?
Hanı Hafiz Məmmədov?
Hanı Cahangir Hacıyev?
Hardadı Georgi Nikolov?
Hansı məzarlıqda dəfn olunub “Simurq”?
Hanı “Qafqazın “Celsi”si” ləqəbini üzərində təzə bəyin kostyumu kimi daşıyan “Xəzər Lənkəran”?
Harda keçirilir baş-ayaq olmuş Azərbaycan futbolunun baş katibinin – Elxan Məmmədovun topçiləmə festivalları?
Hara yoxa çıxıb Avropa oyunlarının Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını iddia edən boşboğazlar? Boğazlarını “yaşlamağa” bir şey tapa bilirlərmi heç olmasa?
Hansı köşklərdə satılır illik büdcəsi 223 min manat olan AFFA-nın “Futbol dünyası” qəzeti? Görəniniz, alıb oxuyanınız varmı?
Hardadı təlim-məşq toplanışı üçün Avstriyaya, İspaniyaya, Sloveniyaya gedən klublar? Biləcəridən o tərəfə keçmək üçün pul tapa bilirlərmi görəsən?
Hara yoxa çıxıb “Neftçi”nin yeni baş məşqçisinin əcnəbi olacağını deyib, köhnə fikirli, köhnə azərbaycanlı Əsgər Abdullayevin əlini sıxan Çingiz Abdullayev?
Hardadı Azərbaycan Premyer Liqasının Türkiyə, Rusiya çempionatlarından üstün olduğu haqda məzə çırtdadan Ramin Musayev? Dayan, dayan, orda biri var, “Qarabağ”dan başqa bütün klubların PFL-ə borclu olduğunu deyir, borclarını ödəsinlər deyə, onları hədələyir. Ramin Musayev deyilmi o? Odu, özüdü ki var!
Hardadı pullu “Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə “çıxaran”, pulsuz “Neftçi”dən vaxtında aradan çıxan Sadıq Sadıqov? Rövnəq Abdullayevə bərk-bərk sarılan o deyilmi? Odu, özüdü ki, var!
…Yeni il gəlir, bayramdı. Hardadı o köhnə bayramlar? Biləniniz varmı?




Fikirlərini bizimlə bölüş!