Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Heç kimə lazım olmayan toplanış

Azərbaycan yığması ilə qazandığı əcaib nəticələr üzündən ürək ağrısına tutulan Berti Foqtsun dövründə planlaşdırılan və Robert Prosineçkinin də ləğv etmədiyi toplanışdan xəbərdarsız. Deyilənə görə, yığma üzvləri fevralın sonunda (23-cü turun oyunlarının fevralın 19-da, 24-cü turun oyunlarının isə 28-də keçiriləcəyini nəzərə alsaq, çox güman, 20-25-i aralığında) Antalyada bir araya gələcək. Şəxsən mən bu yersiz toplanışın yığmaya heç bir fayda verməyəcəyinə əminəm. Dəlillərimi desəm, siz də mənə qoşulacaqsız.

İlk növbədə ona görə ki, həmin zaman kəsiyində FİFA-nın yoldaşlıq oyunları üçün “pəncərə”si yoxdu və deməli, hansısa yığma bizimkilər üçün sınaqçı-rəqib olmayacaq. Baxın, latviyalılar AFFA-nın təklifini geri çevirdi, Allahın Yəməni səfər xərclərini boynumuza qoymaq istədi, indi də əlacsızlıqdan yığmanın “Kuban”la oynayacağı deyilir. Özünə hörmət edən yığma isə klubla yoldaşlıq oyunu keçirməz, daha doğrusu, bizim üçün bu artıq çoxdan keçilmiş yoldu.

İkincisi, fevralın 24-də AZAL-la 3-cü turdan təxirə salınan oyuna çıxacaq “Neftçi”nin oyunçuları və legionerlər Antalyada olmayacaqsa, bu toplanış kimə lazımdı? Yəni Prosineçki müəyyən taktiki sxemləri yoxlamaq, xətlərarası əlaqəni sazlamaq istəyirsə, həmin sxemlər də “Neftçi”nin oyunçularının və legionerlərin iştirakına hesablanıbsa, onda Türkiyəyə boşuna yollanmağa dəyərmi?

Üçüncüsü, Prosineçkinin ixtiyarında yalnız 6 gün varsa və həmin günlərdən ikisi Antalyaya gediş-gəliş üçün nəzərdə tutulubsa, onda yerdə nə qalır? Deməyim odu ki, yeni baş məşqçi komanda ilə tanış olmaq istəyirsə, elə burda da tanış ola bilər. Onsuz da Foqtsun hakimiyyəti dövründə yığma bu millət üçün yadlaşıb, çoxdan etimadı və sevgini itirib. Qoy vətəndə yığışsınlar, publika və azarkeşlər üçün açıq məşq günü olsun, bəlkə yavaş-yavaş bu komandanı sevə bildik…

Dördüncüsü, Prosineçki onsuz da yığma üzvlərinin hər biri ilə şəxsən tanış olubsa, hətta təkbətək söhbət də edibsə, növbəti tanışlıq mərasiminə nə ehtiyac? Bildiyiniz kimi, baş məşqçi yanvarın 11-dən Antalyadadı və yığma üzvlərini dəfələrlə yaşıl meydanda izləyib, deməli, futbolçuların potensialına da bələddi. Yığma üçün ciddi sınaqçı-rəqib yoxdusa, ilin-günün bu vaxtında, ölkə çempionatında mübarizənin yenidən qızışacağı məqamda futbolçuları təyyarəyə doldurub artıq bezdikləri Antalyaya qaytarmağın mənası nədi?

Nəhayət, onu da xatırladıram ki, martın 28-də yığmanın rəqibi İtaliya, Bolqarıstan, Xorvatiya və Norveç yox, sadəcə, Malta olacaq. Onsuz da PFL təqvimi elə qurub ki, martın 18-dən, yəni ölkə çempionatında 26-cı turun oyunları keçirildikdən sonra Prosineçki seçmə oyunun hazırlığına başlaya biləcək. Yəni ixtiyarında nə az, nə çox – düz 10 gün var.

Kəsəsi, ağıllı adamlar, ağıllı baş məşqçi, başında ağıllı adamların durduğu qurumlar boşuna pul və vaxt xərcləməz. Antalya toplanışı klubların planlarını, çempionatın axarını pozmaqdan başqa heç nəyə yaramayacaq. Nə yığmaya düz-əməlli rəqib tapılacaq, nə də mükəmməl oyun sxemi yaratmaq mümkün olacaq. Yox, türk qardaşlarımıza xeyir vermək lazımdısa, bu başqa məsələ. Qardaşa xeyir verməyin nəyi pisdi?! Guya yeddi il ərzində ərəblərlə almanların cibinə axan pula görə hesabat verən oldu ki?..

Fikirlərini bizimlə bölüş!