AFFA İcraiyyə Komitəsinin (İK) növbəti, amma mediadan gizlədilən və guya önəmli qərarların verildiyi iclası tarixə qovuşdu. Şəxsən mən belə hesab edirəm ki, Milli Məclis buraxılandan sonra günün tələblərinə cavab verməyən, indiki halda futbol ictimaiyyəti ilə ona rəhbərlik edənlər arasında körpü rolunu oynaya bilməyən İcraiyyə Komitəsinin də dövranı keçib. Bitmiş bir qurumdu, məntiqlə bu adamlar da özünü buraxmalıydı, çünki yalnız işgüzar mühitin hökm sürdüyü, normal polemikaların yaşandığı qurum ölkə futbolunun çoxsaylı problemlərini həll edə, bu prosesdə lokomotiv rolunu oynaya bilər. Çox təəssüf ki, indiki İK-ya şəxsi fikri olmayan, istənilən mənasız təklifə heç düşünmədən “hə” deməyə razı adamlar toplaşıb. Bu adamları qayğılandıran əsas məqam şəxsi maraqları, mənfəətləri, daha doğrusu, hər təqvim ilini daha böyük qazancla başa vurmaq istəyidi. Belə olmasaydı, müxtəlif yerlərdən gəlirləri olan Səməd Qurbanovla İsgəndər Cavadova yox, pulsuzluqdan əziyyət çəkən onlarla başqa veterana təqaüd ayırardılar.
İK-nın son qərarlarından bəziləri (“klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər qəbul olunsun”, “AFFA-nın “feyr-pley” mükafatı təsis olunsun və Əsasnaməsinin hazırlanması Baş katibliyə həvalə olunsun”, “Azərbaycan futbolunun Etik Kodeksi"nin hazırlanması Baş katibliyə həvalə olunsun”, “AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunsun”) ciddi ictimai maraq kəsb etmədiyinə görə bunların üzərində xüsusi dayanmağa dəyməz. Amma elə məqamlar da var ki, müzakirəyə açıqdı, adamı münasibət bildirməyə məcbur edir. Rövnəq Abdullayevlə Elxan Məmmədovun kefi istəsəydi, jurnalistlər üçün brifinq təşkil olunar və tutaq ki, cəmi 26 gün sonraya növbədənkənar konfransın çağırılmasını zəruri edən səbəbləri öyrənərdik. Axı konfrans, adətən, martda keçirilərdi. Görəsən, İK üzvlərini tələsdirən səbəb nədi? Könül istərdi ki, yeni seçki təyin olunsun və indikilər şələ-şüləsini yığışdırıb, üzüsulu getsinlər. Amma harda idi onlarda belə abır-həya?!
“Qəbələ”nin taleyi ilə bağlı məsələyə nöqtə qoyulmaması ən müxtəlif şübhələrə və fərziyələrə yol açır. Güman etmək olar ki, burda dartışma nöqtəsi mülkiyyət hüquqlarıdı. Yəni AFFA ARDNŞ vasitəsi ilə klubun maliyyələşməsini boynuna götürərsə, heç şübhəsiz, aktivlərdən pay ummaqda haqlıdı. Heç bilmirəm şərtləri razılaşdıra bilmirlər, yoxsa “Qəbələ”nin arxasında duran şəxsin siyasi perspektivinin müəyyənləşməsini gözləyirlər – istənilən halda meydanda əvvəlki iddialı komandanın olmayacağına əminəm.
Danışılmış oyunlarla bağlı məsələyə, cəzalananların kimliyinə başqa yazıda toxunulduğundan üstündən yüngülcə keçəcəm. Amma nədənsə mənə elə gəlir ki, belə çirkin işlərə bulaşanlara daha yuxarı səviyyədə – məsələn, klub rəhbərləri, hakimlər və s. – dəstək olmasa, məqsədlərinə asanlıqla çata bilməzlər. Bu başqa məsələ ki, ölkə qanunvericiliyi ilə praktiki həyat bir-birini tamamlamır. Azərbaycanda mərc oyunlarının təşkili qanuni şəkildə “Topaz”a tapşırılsa da, əcnəbi bukmeker kontorlarının reklamı mediada geniş vüsət alıb. Adı çəkilən şirkət isə çıxış yolunu ya Mətbuat Şurasına şikayət etməkdə görür, ya da sadəcə, futboldan dəstəyini çəkir. Bax, ölkədə leqal və qeyri-leqal mərc oyunları ilə bağlı belə əcaib durum yaranıb.
Nəhayət, gəlib çıxdıq əsas müzakirə mövzularından birinə. Gözlənildiyi kimi, Vüqar Məmmədlə Nikola Yurçeviçin müqaviləsinə xitam verildi. Düz 10 ay əvvəl – fevralın 11-də Elxan Məmmədovun rəhbərlik etdiyi katibliyin namizədlər arasından sevib-seçdiyi, İK-nın isə xeyir-dua verdiyi xorvat mütəxəssis yola salındı. Rövnəq bəyin ona həvəslə geyindirdiyi, arxasında 2020 yazılan milli formanı qaytarıb-qaytarmayacağını bilmirəm, bildiyim isə odu ki, baş katib yenə də sudan quru çıxdı. Yüzdəyüz əminəm ki, İK üzvlərindən kimsə ona “bəs 10 ay əvvəl bu adamın qabiliyyətini, ölkə futbolunun potensialını bilmirdinmi” sualını ünvanlamayıb. Ünvanlasaydılar, nə olacaqdı? Qırmızı-qırmızı deyəcəkdi ki, zato, “Baxreyn” üzərində qələbəmiz var. Amma gerçəklik budu ki, 10 ay sürən Yurçeviç dönəmindən geriyə 1 xal və …futbolçuları paltardəyişmə otağında bir-birinin üzərinə yeriyən, oyunu ilə gələcək adına heç bir ümid verməyən yığma qaldı. Bəs günahkar kimdi? Nə mən, nə də Yurçeviç, balığı başdan iyləndirən Elxan Məmmədov!
Dünənki iclasdan çəkilən şəkillərə baxanda bir məqam da diqqətimi cəlb etdi. Son illərdə ilk dəfə gülən, hırıldayan, qəşş edən simalar görmədim. Görünür, adamlar, nəhayət, Azərbaycan futbolunu hansı miskin duruma saldıqlarının fərqinə varıblar. Düşünürlər-daşınırlar, vəziyyətdən çıxmağa çalışırlar, amma tunelin sonunda işıq görünmür. Görünə də bilməz! Nə tərkib o tərkibdi, nə də intellekt o intellekt! Bu İK özünü çoxdan futbol ictimaiyyətindən, futbolun durumuna görə ürəyi və hər yanı ağrıyan adamlardan uzaq salıb. Nə qədər gec deyil, paklanın, təmizlənin, günahlarınızın bağışlanılmasını xahiş edin. Elə dərin çirkaba batıbsız ki, sizi ordan çıxarmaq üçün fövqəltəbii qüvvə lazımdı. Resept istəyirsizsə, vallah, hazıram!
Mahir RÜSTƏMLİ
Ən yaxşı qərar: özünüzü buraxın!




Fikirlərini bizimlə bölüş!