Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Rövnəq Abdullayevin başını “yedilər” – “İK-İK” oyunu

Dekabrın 3-də AFFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan millisinin yeni baş məşqçisi təsdiqlənəcək. Yeni baş məşqçinin xorvatiyalı mütəxəssis Robert Prosineçki olacağı da dəqiqdi.

Baş katib məsuliyyəti üzərindən atdı…

Prosineçkini mütəxəssis kimi AFFA-nın baş katibi Elxan Məmmədov tapıb, onunla danışıqlar aparıb. AFFA İcraiyyə Komitəsinin üzvləri mətbuata verdikləri açıqlamada Prosineçki adlı mütəxəssisi tanımadıqlarını, onun namizədliyini irəli sürmədiklərini, danışıqlarla bağlı məsələlərdən xəbərsiz olduqlarını deyiblər.

Baş katib indidən bütün məsuliyyəti öz üzərindən atır. Görünür, Elxan Məmmədov Berti Foqts məsələsində bütün ittihamların onun üzərinə yüklənməsindən nəticə çıxarıb və indi millinin baş məşqçi məsələsiylə bağlı “oyun”u daha peşəkar səviyyədə oynamaq ustəyir. Elə ona görə də İcraiyyə Komitəsinin iclasına qədər mətbuatda “İK-İK” oyununa başlayıb.
Məmmədovun “Prosineçkinin milli təcrübəsi yoxdu” sualına verdiyi “yaxşı olardı ki, bu sualı İcraiyyə Komitəsinin üzvlərinə verəsiniz” cavabı əslində hər şeyi çılpaqlığı ilə ortaya qoyur. Elxan Məmmədov bu cavabla demək istəyir ki, Prosineçkiylə bağlı bütün məsuliyyət İcraiyyə Komitəsinin üzərində qalacaq. Millinin baş məşqçisini Elxan Məmmədov tapsa da, təsdiqi İK üzvləri edir. Baş katib çox gözəl bilir ki, İK üzvləri öz sözü olamayan, ancaq barmaq qaldırmağı bacaran “müqəvva” yığnağıdı. Təbii ki, o “müqəvvalar” Prosineçkinin namizədliyinə qarşı çıxa bilməyəcək, onu baş məşqi postuna təsdiq edəcəklər. Bu da Elxan Məmmədovu gələcək məsuliyyətlərdən tamamilə azad edir.

Onları “baqaj”a qoydu

Elxan Məmmədov bildirib ki, xorvatiyalı mütəxəssislə üç illik müqavilə bağlanacaq. Niyə üç illik? Seçmə mərhələnin bu vaxtında baş məşqçiylə ya 1 illik, ya da 1+2 illik müqavilə bağlanmlıdı. Bir ildən sonra, seçmə mərhələnin sonunda Prosineçkinin işinə qiymət verib, onunla müqavilənin artırılıb-artırılmaması müzakirə olunmalıdı. Bəkə xorvatın bir illik fəaliyyəti tamamilə uğursuz olacaq, onunla niyə üç illik müqavilə bağlansın ki? Artıq bu məqamda xoruzun quyruğu görünür. Elşad Nəsirov-Elxan Məmmədov cütlüyü öz maraqlarını nəzərə alaraq, Azərbaycanın maraqlarını qurban verirlər.

Maraqlıdı ki, bir müddət əvvəl AFFA prezidenti Rövnəq Abdullayev mətbuata verdiyi açıqlamada millinin baş məşqçisinin əcnəbi olacağını, onunla bir illik müqavilə bağlanacağını bildirmişdi. O da maraqlıdı ki, Elxan Məmmədov “yerli-əcnəbi” məşqçi məsələsinə toxunarkən, “Rövnəq Abdullayev də millinin baş məşqçisinin əcnəbi olacağını deyib” fikrini qabartmaqla, AFFA prezidentini də məsuliyyət yükünün altına salıb. Amma baş katib Rövnəq Abdullayevin dediyi “onunla bir illik müqavilə bağlanacaq” fikrinin üstündən adlayıb.

Görünür, AFFA prezidentinin başını “yeyiblər”. Bu fakt onu göstərir ki, Rövnəq Abdullayev Elşad Nəsirov-Elxan Məmmədov cütlüyünün qarşısında acizdi.
Prosineçkiylə bir illik müqavilə bağlansa, uğusuzluq olacağı təqdirdə, ictimaiyyət onun göndərilməsini tələb edəcək. Amma üç illik müqavilə bağlansa, “göndərsək, külli miqdrada kompensasiya ödəməliyik, müqavilənin sonuna qədər işləməsi daha yaxşıdı” alibisi olacaq. Berti Foqtsun istefası zaman-zaman gündəmə gələrkən, baş katib bu tip bəhanələrdən daim yararlanıb.

Dekabrın 3-də Elxan Məmmədovun “baqaj”a qoyduğu İcraiyyə Komitəsində Azərbaycanın maraqları Elşad Nəsirovla Elxan Məmmədovun maraqlarına qurban veriləcək. AFFA prezidentini və onun komandasını bundan da alçaldıcı duruma salmaq mümkün deyildi. Elşad Nəsirov-Elxan Məmmədov qruplaşması qalib gəldi. Həm Rövnəq Abdullayevə, həm də Azərbaycana! /кomanda.az

Fikirlərini bizimlə bölüş!