Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Saxtakarların …saxtakarlığa ehtiyac duymadığı seçki

Beləliklə, çərşənbə axşamı AFFA-nın növbəti konfransı keçiriləcək. Həmin gün həm AFFA prezidenti, həm də İcraiyyə Komitəsinin (İK) yeni tərkibi seçiləcək. Təbii ki, yeni təsis olunan icraçı vitse-prezident postunun sahibi, yeni vitse-prezidentlər də bilinəcək. Seçki nə deməkdi? O deməkdi ki, müəyyən vəzifələrə seçilmək istəyən adamlar platformasını açıqlayır, bununla da niyə məhz onlara səs verməli olduğumuzu əsaslandırırlar. Gördüyünüz kimi, fevralın 9-da keçiriləcək Milli Məclisə seçki ətrafında ölkədə əməlli-başlı həyəcan yaşanır. Parlamentdəki 125 yerə bundan təxminən 10 dəfə artıq vətəndaşımız iddialıdı. Hər yerdə – avtobusda, metroda, qəzetdə, saytda, sosial şəbəkələrdə ancaq və ancaq seçki müzakirəsi gedir, hətta etiraf etmək lazımdı ki, bəzən bu müzakirələrdən bezirik də. Amma söhbət demokratiya yolunda irəliləməkdən, alternativli seçkidən gedirsə, bu durumla barışmalı, platformaları dinləməli, oxumalı, ürəyimizə yatan adamlara səs verməliyik. Kəsəsi, demokratiyanın əlifbası budu.
Bəs AFFA nə edir? Konfransa hələ 4 gün qalsa da, artıq İcraiyyə Komitəsinin tərkibi də bəllidi, köhnə-yeni prezident də. Qəzetimizin ötən saylarında az-çox müstəqil klubların İK-dan kənarda qalması, AFFA-ya üzv olan qurumlardan İK üzvlüyünə namizədlərin göstərilməsi ilə bağlı iclasların əslində şərti xarakter daşıması, heç bir iclas keçirilməməsi, seçilməsi gözlənilən yeni tərkibin ölkə futbolunu irəli aparmasının mümkünsüzlüyü ilə bağlı müxtəlif yazılar dərc olunub. Belə fikirlərin davamı kimi onu da etiraf etmək lazımdı ki, mahiyyətcə saxtakarlığa meyilli adamların “məharəti” sayəsində yanvarın 28-də məhz saxtakarlığa ehtiyac duyulmayan, alternativsiz seçki baş tutacaq. İcraiyyə Komitəsindəki 13 yerə elə bu qədər namizəd varsa, təbii ki, nə seçkiyə ehtuyac var, nə də hansısa saxtakarlığa. Elə məhz bu məqamı nəzərə alıb, konfransla bağlı yanaşmamızı haqlı olaraq, belə müəyyənləşdirmişik: seçki yox, təyinat!
Saxtakarların …saxtakarlığa ehtiyac duymadığı seçkinin Azərbaycan futbolunun gələcəyi baxımından heç nəyə yaramayacağına, İK-nın yeni tərkibinin iclaslarında da ciddi müzakirə ovqatının yaşanmayacağına əminəm. Toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi, Elxan Məmmədovun ömrünün bundan sonrakı hissəsini baş katib yox, icraçı vitse-prezident kimi keçirməsi də heç bir önəmli dəyişikliyə səbəb olmayacaq. Çox adi struktur dəyişikliyidi ki, bunu da həm AFFA divarları arasında, həm də medianın gerçəkçi kəsimində anlayanların sayı çoxdu.
Bütün bu proseslərdə diqqətimi cəlb edən daha bir məqam Rövnəq Abdullayevin nədənsə müqavimətsiz-zadsız müqəvva roluna girməyə, bu obrazın bütün tələblərinə sonuna qədər əməl etməyə razılaşmasıdı. Aylardı mediadan uzaq qaçır, sonuncu dəfə futbol mövzusunda verdiyi hansısa açıqlamanı xatırlayan yoxdu. Belə görünür ki, adam zorən prezident statusu ilə barışıb, sadəcə, bu vəzifədən gedişini dövlətə rəhbərlik edənlərlə razılaşdırmaq üçün münasib zaman və mühit gözləyir. Hər nə isə, ölkə kimi, AFFA da seçkiyə hazırlaşır. Prezident İlham Əliyev cənabları Davosda verdiyi açıqlamada parlamentdə əhalinin etibar etdiyi adamların təmsil olunmasının vacibliyini dedi. Təbii ki, bu ifadəni AFFA-da keçiriləcək seçkiyə qətiyyən aid etmək olmaz. Elxan Məmmədov başının dəstəsi ilə elə hörümçək toru yaradıb, futbolu elə inhisara alıb ki, hansısa yad adamın, demokratik düşüncəli ziyalının ora düşməsi mümkün deyil. Hərəyə üç-dörd vəzifə götürüblər, bala-bala, xımır-xımır futbolu fırladırlar da özləri üçün. Xeyirli olmasın!

Fikirlərini bizimlə bölüş!