Bəhanələrə, həqiqəti təkzib etmələrə görə komandaların hesabına xal yazılsaydı, “Qəbələ” indi turnir cədvəlinin ilk pilləsində qərarlaşar, əsas izləyiciləri ilə də böyük xal fərqi yaradardı. Ancaq çox təəssüf ki, Premyer Liqamızın əsasnaməsinə belə bir bənd əlavə etmək yaddan çıxıb. Bunun əziyyətini isə Yuri Syomin çəkir. Rusiyalı mütəxəssis danışır, çabalayır, ancaq heç kim ona fikir vermir, xalının üstünə xal gəlməyəndə isə komandası yerində sayır, geriləyir.
Qəbələli azarkeşlər axırıncı dəfə nə vaxt komandalarının evdə qalib gəldiyini hətta xatırlamır. Çempionluğa oynayan, avrokuboklara düşməyi minimal vəzifə sayan və hamıdan çox pul xərcləyən komandadan danışırıq. İndi həmin komandaya çatan 3-4-nü vurub gedir. Azarkeşlər isə hirsini söyüşlə, təhqirlə, etirazla soyudur. Daha deyilənlərin komandadakı əcnəbilər üçün tərcümə olunub-olunmadığını bilmirəm.
“Qəbələ”nin prezidenti Tale Heydərov çox uğurlu layihələri olan bacarıqlı iş adamıdı. Gənc yaşında böyük uğurlar qazanması təkcə etibarlı dayağı olmasına görə deyil, öz təhsil səviyyəsi, dünyagörüşü də dadına çatıb. Sırf infrastruktura, klub modelinə, işə yanaşmasına görə onun “Qəbələ” layihəsini də qismən uğurlu saymaq olar. Amma sırf kadr seçimindəki yanlışlıqlar, bir də görülən işin icrasına nəzarət etmək və hesabat istəmək baxımından Heydərovun loyal davranışı acı nəticələrə səbəb olur.
Tale bəy “Qəbələ”nin futbol, hətta idman klubu kimi marka olması üçün hər şey edib. Amma yəqin ki, bütün iddialıların əsl gücünü göstərdiyi bir zamanda sevimli komandasının 5-ci pilləyə yuvarlanmasını, avrokuboklardan kənar qalma təhlükəsinin böyüdüyünü görəndən sonra ayılar. Axı, o, istənilən transfer üçün hər hansı məbləğə “yox” deməyib. Demək olar, məşqçinin və güvəndiyi klub idarəçilərinin heç birinin istəyini geri çevirmədi. Syominin sevimlisi olan Marat İzmayılovun, eləcə də Azərbaycan səviyyəsində fantastik maaş və mükafat alan digər legionerlərin gəlişinə heç bir problem yaratmadı. Elə yerli oyunçu bazarında da “Qəbələ” hamını kölgədə qoydu. Hansı adlı-sanlı futbolçu klubundan ayrıldısa, ilk seçimi hamıdan çox pul ödəyən “Qəbələ” oldu. Belədə Fariz Nəcəfov və ətrafı Heydərova doğrunu məsləhət bilmədi, boşda qalan istənilən yerli oyunçuya qucaq aşdılar. Bu zaman futbolçuları süzgəcdən keçirmədilər. Yeni gələnlərin içərisində pis vərdiş adətliləri də oldu, qalmaqalçılar da, yalnlız pulu düşünənlər də, xroniki zədəsi olanlar da.
Marat İzmaylovun transferi açıqlananda bu legionerin son bir ildə heç yanda oynamadığını, bununla belə layiq olmadığı pulu qazandığını nəzərə alaraq, onun komandadakı balansı pozacağını qeyd etmişdik. Kamran Ağayevin gəlişi isə barıt çəlləyinin işərisinə alov atmağa bənzədi. Ogündən bəri Qəbələdə üzlər gülmür. Qış fasiləsinə kimi qələbələri sıralayan komanda 3-cü dövrə başlayanı yalnız 2 autsayderi yenə bilib. Belədə haqlı sual yaranır: Hər şey qaydasında gedərkən niyə məhz bu 2 transfer hər şeyi alt-üst etdi. Bəlkə harınlayanlar və olanları görmək istəməyənlər var?
Bu gün “Qəbələ”ni idarə edənlər Heydərovun işi ilə qazandığı müsbət imici korlamaqla məşğuldu. Komandada vətəndaş müharibəsi gedir, yerli və legioner futbolçular arasında münasibətlər o qədər pisdi ki, heç “Neftçi” və “Xəzər Lənkəran” azarkeşləri bir-birinə o qədər nifrət etmir. Belə məqamda adətən günahkarların, araqarışdıranların qulağı şəkilməlidi, amma vitse-prezident Fariz Nəcəfov onların başını sığallayır, mətbuatda yazılan həqiqətləri yalnız təkzib etməklə kifayətlənir. Hər dəfə də tənqidləri klubun sahibindən gizlədir, “bizdən reklam almaq üçün qərəzli yazılar yazırlar” deyə pərdələyir. O zaman sən vurmadın, mən yıxılmadım, bəs, “Qəbələ”yə nə oldu? Axı, ötən yay bütün liderlərini ələ keçirdiyiniz həmin “İnter” sizə tək ayaqla 4 qol vurub getdi.
Bizdə olan bilgiyə görə, “Qəbələ”nin uğursuzluğu daxildə bir-birinin ayağının altını qazan bəzi idarəçilərin də işinə yarayır. Heydərovdan başqa heç kim Syominin komandada qalmasında maraqlı deyil və onun “bacarmadı” damğasıyla yola salınmasını istəyirlər. Rusiyalının transferlərə birbaşa nəzarət etməsi kimlərinsə çörəyini əlindən alıb. Heydərovun pullarını dağıdanlara Ramiz Məmmədov, Faiq Cabbarov kimi sözəbaxan məşqçilər lazımdı ki, Kelhar, Valentiç, Kalabane kimi yararsızlar transfer olunsun, onlar isə 55-ə qol çəkib 15-ə oynamağa razılıq versinlər. Kəsəsi, “Qəbələ”nin böyüməsi Heydərovdan balaca olan böyüklərə sərf etmədiyindən onlar da komandada özbaşınalığın davam etməsində maraqlıdılar.
“Qəbələ”də problem təkcə əsas komanda ilə bağlı deyil. Klubun akademiyasının fəaliyyəti də gözə dəymir. Burada yerli gəncləri yetişdirmək əvəzinə Bakı, Sumqayıt klublarına lazım olmayan, maaş almaq üçün bölgəyə getməyə razılıq verənlər məskunlaşıb. Eləcə də Tovuzdan gələn istedadlar qəbələli adı ilə yetişdirilir. Bunun nəticəsidi ki, aşağı yaşlı komandalardan əsas heyətə az-çox yalnız gəlmə uşaqlar ayaq açır, daha qəbələlilər yox.
Vaxtilə Şəmkirdə, Yevlaxda, İmişlidə, Lənkəranda yaranan futbol bumu necə süquta uğradısa, eyni ssenari Qəbələdə də təkrarlanır. Buradakı böhranın isə səbəbi pulun tükənməsi, qüvvənin yetməməsi və ya hansısa digər səbəblərdən deyil, Tale bəyin komandasında idarəçilər işi düzgün təşkil edə bilmir. Bu isə sonda Heydərovun ilk uğursuz layihəsinin reallaşması ilə nəticələnə bilər. Hələ ki, işlərin gedişi ona aparır. Bizdən xəbərdarlıq etməkdi, siz bəhanə gətirməkdə, problemləri təkzib etməkdə olun. Ancaq bütün bunlar “Qəbələ”nin xalını artırıb avrokuboka getməsi üçün yetərli olmayacaq.|futbolinfo




Fikirlərini bizimlə bölüş!