Avroliqadakı komandalarımızın oyunlarından əvvəl və sonra yazmaq adətimdi. Ölkə futbolu tarixində ilk dəfə AL-in qrup mərhələsində iki klubla təmsil olunuruq və azı gələn ilədək böyük futbolun qatı, xoş qoxusunu ciyərlərimizə çəkəcəyik. "Borussiya" – "Qəbələ" matçı haqda deyiləcək sözlərim çoxdu. Hətta o qədər çoxdu ki, bu yazıda "Qəbələ" ilə bağlı fikirlərimi "Qarabağ" düşüncələrinin gözünə qatmamaqda qəti qərarlıyam. Bəlkə də o boyda fikri dar köşəyə sığdıra bilməyəcəyimdən ehtiyatlanıram. "Qəbələ" gələn dəfəyə qalsın…
Fransada sərgilədiyi inamlı futbol fonunda evə minimalhesablı məğlubiyyətlə dönən ağdamlıların mərkəzi arenada keçirdiyi son matç ətrafında əməlli-başlı ajiotaj yaranmışdı. Təbii qarşılayıram, ölkənin ən sevilən klubundan uğur umanların sayı çoxdusa, deməli, "köhlən atlar"ı yeni inkişaf mərhələsinə çatdıran Qurban Qurbanov işlədiyi müddətdə heç də papağı günə yandırmayıb. İstər dövri mətbuatda, istərsə də sosial şəbəkələrdə səsləndirilən nikbin hayqırtıların arxasından da məhz inam boy verirdi. "Futbol+"in ötən sayında "Qarabağ"ın uğurunu arzulayan toplumun mütləq qələbə istəyinin mümkün fəsadlarına toxunduğumdan, təkrarçılığa yol verməyəcəm. Həqiqətin üfüqlərdə görünən ulu kölgəsiylə lazımsız pafos arasındakı məsafəni ölçməyə çalışacam, vəssalam.
Hə, ağdamlılar ölkənin ən sevilən, ən bacarıqlı komandasıdı. Heç şübhəsiz, xalqa aydan-aya, gündən-günə yadlaşan "Neftçi" "xalq komandası" adını çoxdan "köhlən atlar"a bağışlayıb. 22 ildi yurd həsrətiylə qovrulan gözüyaşlıların, başıdaşlıların təsəlli mənbəyi "Qarabağ" qaçqın və məcburi köçkünlərlə yanaşı, ruhən didərgin düşənlərin də ümid sığınacağıdı. Qurbanovun formalaşdırdığı kollektivdəki intizamla döyüş bacarığı bir aradadı. Bu iki əsas amil üzərində atılan özülün xalq sevgisiylə möhkəmlənməsi klubu himayəsinə götürən sponsorların ayırdığı sabit maliyyə qədər önəmlidi.
Azarkeşləri qınamıram. Fərasətli kollektivin tərəfdarı olmaqdan məmnundular, tələbkardılar, zəfər acıdılar. "Qarabağ" "Monako"nu mütləq udmalıdı" fikrini dilə gətirmək peşəkarlığa sığan məntiq deyildi. Fransa təmsilçisini ehtiyac olmadan kiçildənlər, sadəcə, axına düşüb axanlar idi. 90 dəqiqəlik zaman yuxarıda qeyd etdiyim kimi, həqiqətin kölgəsiylə pafosun xoşqılıq parıltısı arasında var-gəl edənlər üçün kompas rolunu oynadı. "Qarabağ" – Azərbaycan çempionu – bizim əsl futbolun sirlərini yeni-yeni öyrənən qəhramanımız cəsarətli və ləyaqətlidi. Ancaq yer aldığı qrupdakı bütün komandalardan zəifdi. Düzdü, hakim "Monako"nun qapısına penalti təyin etməklə Qurbanovun komandasının hesabına 3 xal yazmasına yardımçı ola bilərdi… Şehiç tordan çıxardığı topa 1 saniyə tez çıxsaydı, rəqib hesabı bərabərləşdirməzdi… Əfran iki epizodda quruyub qalmasaydı, oyunu yüksək səviyyədə keçirən kapitan Rəşad o baxımlı reydini yaxşı zərbəylə yekunlaşdırsaydı, qələbə bizim idi… Oxşar cümlələrin sayını artırmağa nə var ki.
Mənim matç haqda öz düşüncəm var: bəzi futbolçular Qurbanovun ümidlərini meydanda doğrultmasa belə, növbəti uğur reallaşdı. Bəli, bərabərliyi deyirəm. Çempionumuzun qrupdan çıxmaq şansı azaldı? Şans püşk atılandan çox deyildi. Gəlin bir az realist olaq.




Fikirlərini bizimlə bölüş!