“Qarabağ” “Karvan” oyununun nəticəsinə istinadən yazmıram.
Futboldu bu. 7:0-da uduzmaq olar, 10:0-da. Dərd başqadı…
AFFA prezidenti son hesabat komfransında çıxışı zamanı premyer-liqada klub sayının artırılması ilə bağlı suala cavab verərkən deyib ki, “klubların infrastrukturuna” baxacağıq.
İllərdi zatən infrastruktur deyə-deyə idman nəticələri ilə liqaya yüksələn klubların önü kəsilirdi. Sonra gün gəldi, infrastrukturda 1 nömrə “Qəbələ” aşağı liqaya düşdü. İnfrastrukturda yaxşılardan biri “Kəpəz” illərdi premyer-liqanın “arxa bufer”indən yapışıb. “Karvan” da infrastrukturunu aşağı-yuxarı qaydaya sala bilənlərdən biridir.
İdarəçilik, müəllimlər, idarəçilik!!!
Peşəkar idarəçilik olmayandan sonra infrastruktur heç nə ifadə eləmir. Mənim gözümün önündə, Türkiyədə, Ukraynada infrastrukturu möhtəşəm klublar yox ediliblər. Ən son Moldovada işlədiyim “Dinamo-Avto”nu biabırçı idarəçilik elə vəziyyətə salmışdı ki, yaşatmaq mümkün olmadı.
Bəli, bəzən sonrakı bütün müdaxilələr yetmir. Düzgün idarəçilik də, maliyyə də, yuxusuz gecələr rejimində iş də mənasız olur.
Əmin olun, “Karvan”da çalışanlar boş dayanmayıblar. Əminəm ki, liqada qalmaq üçün hamıdan çox çalışılar. Hər gün işləyirlər, nə isə edirlər. Lakin qeyri-peşəkar addımlar, səhvlər o qədər çox olub ki, bundan sonra mümkün deyil.
Ona görə də, bu AFFA rəhbərliyi üçün bir dərs olmalıdır. Yaxşı idarəçiləri olan klublar sıfırdan infrastruktur yaradar, ancaq, qeyri-peşəkarların əlində infrastrukturu olan klub batmağa məhkumdur.
P.S. Futbol idarəçiliyi ilə bağlı iştirak elədiyim son treninqdə bosniyalı bir funksionerə yaxşı sual verilmişdi. Ona 15 dəqiqə vaxt verdilər və tapşırdılar ki, 1 milyon avro büdcə ilə klub marketinqi çərçivəsində elə bir demo biznes plan qur ki, illik planın sonunda gəlir 100 min avro olsun. Adam rahat yazdı, 10 dəqiqə ərzində 3 variantda təkliflər verdi. Növbəti tapşırıq verildi: indi 100 min avro büdcən var və illik nəticə 1 milyon avro gəlir olmalıdır. 1 gün də vaxt verdilər. Növbəti günə təqdimat hazırlayıb gətirməliydi. Bosniyalı növbəti gün gəlmədi. Soyuqlamışdı. Təbii ki, heç kim buna inanmadı və bosniyalının öhdəsindən gələ bilmədiyi tapşırığı elə terninqin ilk saatı ərzində Belçikadan olan Çin əslli iştirakçı həll elədi.
P.P.S. Düşünürəm ki, Azərbaycan klublarında işləyən funksionerlərin hansından soruşsaq, 1 milyon avro ilə 100 min avro qazandıran yüzlərlə plan danışarlar…


Fikirlərini bizimlə bölüş!