Azərbaycan futbolu

Xəbərlər və təhlillər

İki alverçi tapıldı. Növbə kimindi?

Nizami Hacıyevlə Mirhüseyn Seyidov ətrafında yaşananlar, daha dəqiqi, bu iki futbolçunun birgünlüyə yoxa çıxması, ardından verdikləri etiraf açıqlamaları əslində məhz ötən ilin noyabrından davam edən böyük bir prosesin sonudu. Yadınızdadısa, ötən il noyabrın 22-də AFFA İntizam Komitəsi aralarında hətta inzibatçı və hakim olmaqla 24 nəfəri futboldan uzaqlaşdırdı. Bir müddət sonra “Şərurspor”la “Rəvan” da “radara düşdü” və hər nə qədər günahsız olduqlarını söyləsələr də, heç kim onların səmimiliyinə inanmadı. Təkcə bu məqamlara görə yox, ümumiyyətlə, son bir il ərzində ölkə futbolunda oyun alverinin getməsi, nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı zaman-zaman söz-söhbət gəzirdi. “Keşlə”nin “Neftçi”yə 1:3 uduzması isə bardağı daşıran son damla oldu.
Hələ alğı-satqı olayının detalları, təfərrüatı açıqlanmasa da yuxarıda vurğuladığım etiraf məqamı, eləcə də İntizam Komitəsinin dünənki qərarı acıdan acı mənzərəni ortaya qoydu; nə yazıq ki dünyanı bürüyən bukmeker qalmaqalları, nəticənin qumara qoyulması artıq Azərbaycan futbolunu da ağuşuna alıb. Təbii ki, indiki halda söhbət ilk növbədə Mirhüseynlə Nizaminin şəxsi faciəsindən, insanlıq dramından gedir. Adamları bütün şüurlu ömrünü həsr etdiyi peşədən bir neçə dəqiqənin içində atdılar, futboldan qovdular. Ona da əminəm ki, bu damğa, ləkə hələ uzun müddət onların üzərində qalacaq, bəlkə də bütün həyatın axarını müəyyənləşdirəcək. Amma nə etməli?! Futbola, yaşıl meydanın prinsiplərinə xəyanət edibsənsə, cəzanı çəkməlisən, əvəz ödəməlisən.
İntizam Komitəsinin üzvlərinin əldə hansısa dəlil-sübut olmadan belə sərt qərar verə biləcəyinə də inanmıram. Xüsusən də qərarda yer alan “…hüquq-mühafizə orqanlarının təqdim etdiyi məktuba” ifadəsi diqqətimi cəlb edib. Heç şübhəsiz, bu iki futbolçu cümə axşamı lazımi şəkildə (harda, necə – bunlar artıq texniki xarakter daşıyan formallıqlardı) dindirilib və onlardan hansısa ifşaedici etiraf alınıb. Təsadüfi deyil ki, artıq dünən mediaya suçlu futbolçuların toplam 400 min dolların güdazına getdiyi haqda bilgi sıçramışdı. Ölkənin aparıcı futbolçularından ikisinin, xüsusən də dünənə qədər milli forma geyməyin davasını aparan Nizaminin belə əməllərə qurşanması, peşə prinsiplərini varlanmaq ehtirasına qurban verməsi acı təəssüf doğurur.
Məsələnin başqa yönləri də var. Dünənə qədər ən azı ölkə çempionatının yüksək dəstəsində təmiz oyunların getdiyinə, qalibin əsl mübarizədə müəyyənləşdiyinə inanırdıqsa, artıq bu inanc da əldən getdi. Dolayısıyla həm də Azərbaycan futbolunun imicinə ciddi zərbə vuruldu. “Qarabağ”ın son uğurları sayəsində qitə futbolunun elitasına bir qədər yaxınlaşmışdıqsa, indi daha belə rahatlığımız yoxdu. Nə qədər acı olsa da, yaxın gələcəkdə Azərbaycanın adının hər cür futbol qalmaqallarının, oyun alğı-satqısının tüğyan etdiyi Şərqi Avropa ölkələri ilə eyni sırada çəkiləcəyi şübhə doğurmur. Odu ki, ölkə futboluna rəhbərlik edənlərin və hüquq-mühafizə orqanlarının ölkə futbolunu bazara çevirənlərin hər biri haqda ən sərt ölçü götürəcəyini, günahkarları lazımi şəkildə cəzalandıracağını gözləyirəm. Nədənsə mənə elə gəlir ki, onların dairəsi Mirhüseyn və Nizami ilə məhdudlaşmır. Maraqlıdı, növbəti saxtakar-qurbanlar kim olacaq…

Fikirlərini bizimlə bölüş!