Ötən ilin yayında şəxsi işlərimlə bağlı Türkiyənin sənaye nəhəngi Bursadan yolum keçdi. Fürsət oldu, bu şəhərin ən tanınan toxucularından olan Ay ailəsini də tanıdım. Xüsusilə də “Bursaspor”un başqanı olan Əli Ay “ağ-yaşıl” klubun ən təlatümlü vaxtlarında sağ olsun ki, bizə vaxt ayırdı. Mən bu adamların qonaqpərvərliyini heç vaxt unutmayacağam.
Həmin dövr bildiyiniz kimi, həm də Robert Prosineçkinin adının Bursa klubu ilə hallandığı zaman kəsiyinə təsadüf edirdi. Azərbaycan idman mediasında məlum mövzuda çıxan xəbərlər ürək bulandırırdı. İşin Türkiyə tərəfindən hali olduğumdan, AFFA-nı hadiəsələrin axarında haqlı çıxaran yazılar gülüş doğururdu. Elxan Məmmədov və qrupunun peşəkarlığından dəm vuranlar Bursa – Prosineçki məsələsinin əslindən çox uzaq idilər və mövzu qapanana qədər də fil qulağında yatdılar.
…Başqan Əli Ay çox üst səviyyə ticarət adamıdı. Namaz-niyazında, inanclı bir insandı. Lakin bütün müsbət cəhətlərinin fonunda Əli bəyin açıq-aşkar futbolun incəliklərindən uzaq birisi olduğunu deyə bilərik. Bunu onun özü də çəkinmədən etiraf edir, futbol idarəçiliyində ətrafındakı menecerlərə güvəndiyini, daha çox fabriklərini idarə edən qrupun potensialına arxalandığını deyirdi. Prosineçki işində daim tərəddüdləri var idi. Məndən də mövqeyimi soruşdu və açığı, xorvatın heç də uğurlu variant olmadığını öz subyektiv izahımla bildirmişdim. Deyə bilmərəm ki, həmin şərhim “Bursaspor”un başqa baş məşqçi seçməsinə səbəb olub. Sadəcə, bu toplantının iştirakçısı olmuş çoxsaylı insanlar bilir ki, Le Quen variantını “Bursaspor”un klub binasında ilk dəfə səsləndirən adam mən olmuşam. Fransız mütəxəssis “Bursaspor” üçün faydalı saydığım üç variantdan biri idi.
Dediyim kimi, Əli Ay çox dinləyib, uzun-uzun ölçüb-biçib iş görməyi sevən bir iş adamıdı. Futbolu dərindən bilmir və ona görə də verdiyi qərarlarda səhv etmək ehtimalı həmişə var. Onun başqanlığı dövründə “timsahlar” birinci dəfə Prosineçki üçün Azərbaycana boylanmışdılar. Səhv seçimdən dönsələr də, tale onları ikinci dəfə Ricad Almeydanı istəmək qəflətinə qapılmaqdan xilas etmədi. Bu dəfə “Bursaspor”u “Qarabağ” xilas etdi…
Bəli, məncə, Bursa klubu öz imkanları ilə Almeydadan qat-qat səviyyəli futbolçu transfer edə bilər. Ancaq Le Quen Almeydanı istəyib. Məncə, səhv olan bu variant üçün “Bursaspor” 500 min avro ödəməyə hazır idi. Üstəlik Riçardın növbəti transfer opsionundan “Qarabağ”a 50 faiz təklif olunurdu. Gəl ki, Ağdam klubu 6 ay sonra müqavilə müddəti bitəcək və həmin vaxt 29 yaşını qeyd edəcək braziliyalını buraxmadı, məsələ qapanıb getdi.
Mən bu transfer baş tutmadığına görə Əli Ay başqanın tərəfindən sevindim, “Qarabağ”, həm də Azərbaycan yığması adına isə üzüldüm.
Məsələni “feysbuk” səhifəmdə paylaşdım, millət yazdı ki, 500 min avro Almeyda üçün azdı, o bizə hələ lazımdı, düz edib satmayıblar. Açığı, “Qarabağ” azarkeşləri ilə rəhbərliyi arasında peşəkarlıq baxımından fərqi tapa bilmədim həmin şərhlərdən sonra.
Bəylər, birincisi, Azərbaycan premyer-liqası klubunun futbolçusunun zirvə qiyməti 500 min avrodu. Bu futbolçu istəyir braziliyalı olsun, istəyir mozambikli. Çempionlar Liqasının qrupunda çıxış etmək futbolçulara təkliflərin artmasına şərait yarada bilər. Ancaq həmin futbolçunun 29 yaşı varsa, o, bu yaşında sıravi bir şərq ölkəsinin 8 klublu çempionatında top qovursa, xəyalları şişirməyin mənası yoxdu, mizan var, tərəzi var!
Almeyda satılmalydı!
Coşqun Diniyev və ya adını hələ bilmədiyimiz başqa gənclər “Qarabağ”ın o mövqeyində futbol oynasın, təcrübə toplasın, yığmada rəqabət yaradacaq vəziyyətə gəlsin deyə.
Almeyda satılmalıydı!
Yığmamızın bir futbolçusu superliqa kimi bir turnirdə iştirak etsin, o səviyyədə vitrində görünsün, sabah daha böyük klublara transfer olunsun və həmin transferdən böyük pulların 50 faizi qazanılsın deyə.
Almeyda satılmalıydı!
“Qarabağ” klubunun və “Qarabağ” idarəçilərinin Çempionlar Liqası kimi bir mərhələni keçərək böyüdüklərinə inanaq deyə.
Daha onlarla səbəb saya bilərəm. Ricardı satmamaqla Ağdam klubunun hansı mesajlar verdiyini isə sadalamaq istəmirəm. Qışın bu vaxtında “Qarabağ” futbolsevərlərini öz klubları ilə bağlı görməyə davam etdikləri şirin yuxudan oyatmayaq, hələ ki…
Təkcə bu proqnozu təəssüf hiss ilə verməliyəm: Riçard 6 ay sonra ya ağdamlılara bir qəpik xeyir vermədən hansısa kluba keçəcək, ya da heç kimə lazım olmadığından daha bahalı şərtlərlə Bakıda davam etməyə razılaşacaq. İkinci halda isə, indi göründüyü kimi, Almeydanın çıxışındakı geriləməni oyundan-oyuna hiss edəcəksiz…
Uzun sözün qısası, layiqli kiçik qardaş missiyamızı davam etdiririk tükiyəli soydaşlarımıza münasibətdə. “Bursaspor” Azərbaycanla bağlı iki səhv etdi, ikisindən də yararlanmaqdan imtina etdik.
Rəsul ŞÜKÜRSOY
İkinci səhv




Fikirlərini bizimlə bölüş!