Belimdə yoxdu qılıncım,
Müxənnətə çatmır gücüm,
Nə yorğan var, nə də cecim,
Zülüm, ay mədət, ay mədət!…
(“Koroğlu” dastanının “Bolu bəy” qolundan)
On il bundan əvvəli yada salanda, sonra bugünkü duruma baxanda adam az qalır havalansın. Hardan hara gəldik? Ölkə başçısı 2005-də futbolun inkişafına dair 10 ili əhatə edən Dövlət Proqramını təsdiqləmişdi. Adama elə gəlirdi ki, bu sərəncam artıqdı. Çünki Azərbaycan futbolunda böyük pullar fırlanırdı. Klublar üçün geniş imkanlar açılmışdı. Hətta imkansızı da legioner dəvət edir, onlara ətək-ətək vəsait sərf edirdi. İnsafən, bir qədər uzaqgörənlik edib infrastruktura diqqət ayıranlar da oldu. “Bakı” paytaxtın girişində özünə böyük baza saldı, “Xəzər Lənkəran” 15 minlik stadion tikdirdi. Məhz bu iki klubun adını çəkməyim səbəbsiz deyil. Çünki 10 illik Dövlət Proqramının ən “acı meyvə”sini onlar daddı. Biri ötən ildən diviziondadı, o biri də iflasın astanasındadı və bu gün-sabahlıqdı.
“Bakı” ilə “Xəzər Lənkəran”ı şöhrətpərəstlik yıxdı. Sanki bir-biriylə rəqabət üçün yaradılmışdılar: bazaya, stadiona xərclədiklərinin iki-üç qatını mükafatlara, o bundan, bu ondan futbolçu oğurlamağa xərcləyirdi. Hafiz Məmmədov legionerlərindən birinin dünyaya təzə gəlmiş uşağının arabasını dollar “paçka”sıyla dolduranda Mübariz Mənsimov çempionluğa görə hər futbolçusuna “Leksus” bağışlayırdı.
Hər kəs də onları “qaz” yerinə qoyub yolurdu. Yadınızdadısa, Mustafa Dənizli “Xəzər Lənkəran”a yeni gələndə Mənsimovdan klub üçün təyyarə ayırmağı tələb etmişdi. Lənkərandan ayda iki-üç dəfə Bakıya, Zaqatalaya, Qəbələyə avtobusla getməyə canı çıxırdı. Adama deyərlər, ay qoca, Türkiyənin bu başından o başına kimi iki Azərbaycan qədər yoldu, niyə indi Dursun Özbəyə təyyarə aldırmırsan? Nədi-nədi, o vaxt Mənsimovun tankerlərindən dollar aşıb-daşırdı. O da iş adamının şöhrətpərəstliyinə arxalanıb işini yüngülləşdirmək istəyirdi.
Yeri gəlmişkən, məndə olan bilgiyə görə, Dənizlinin belində yırtıq var, o vaxt çempionat oyunları ilə bağlı səfərə çıxanda klub avtobusunun arxa oturacaqlarını açıb uzanırmış. Çox oturanda onurğasındakı ağrılardan əziyyət çəkirmiş.
Devalvasiyadan təkcə “Xəzər Lənkəran”la “Bakı” yox, “Qəbələ” və “Qarabağ” istisna olmaqla, bütün klublar, hətta AFFA özü əziyyət çəkir. Ancaq sirr deyil ki, Məmmədovla Mənsimovun problemi daha əvvəl başlayıb. “Bakı”nın prezidentini yuxarı dairələrdəki şərikləri küncə sıxışdırıb bankını əlindən aldılar, müflislik həddinə çatdırdılar.
Mənsimov isə Rusiya – Türkiyə gərginliyinin qurbanıdı. Bir vaxt şimal qonşularımız üçün önəmli tərəfdaş olan iş adamını sonradan elə ruslar İŞİD-in qaçaqmal nefti Türkiyənin Ceyhan limanından “Palmali Shippinq and Agency JSC” şirkətinə məxsus tankerlə daşınır”, – deyə ittiham etdilər. Bundan başqa, sabiq MTN şefi Eldar Mahmudovun atasının adına gəmi düzəltdirən Mənsimov məlum olaylardan sonra Azərbaycanın hökumət dairələrindəki nüfuzunu da zədələdi. Başı öz biznesini qorumağa qarışan Mübariz bəy üçün “Xəzər Lənkəran” kim bilir, neçənci dərəcəli məsələdi, bəlkə də çoxdan aktuallığını itirib.
Deməyim odu ki, çayın qarşısını kəsməsən, o da bir gün quruyar. Zamanında qara günlərinə ağlasaydılar, indi bu proses belə ağrılı keçməzdi.
P.S. Mənsimova səslənirəm: o boyda bazanı boşuna saxlamaqdansa, “eşşək ferması”na çevirmək faydalı olmazmı? Nə də olsa, “Xəzər Lənkəran”ın fəxri prezidentinin çoxdankı “arzusudu”.




Fikirlərini bizimlə bölüş!