"İmişli”nin son 5 turdakı çıxışı komandanın dəyişməyən problemini bir daha gündəmə gətirir. Hələ də nəticələrdə sabitlik çatışmır. İki qələbə, iki məğlubiyyət və bir heç-heçə…
“Turan Tovuz” və “Şamaxı” üzərində qazanılan qələbələrdən sonra “Kəpəz”ə məğlubiyyət, ardınca “Sumqayıt”la heç-heçə. “İmişli” hələ də ardıcıl nəticələr qazana bilmir. Komanda bir oyunda xarakter göstərir, növbəti qarşılaşmada isə həmin mübarizənin davamı gəlmir.
Ən böyük problem isə hücum xəttindədir. 11 turdan sonra cəmi 9 qol. “İmişli”nin hücumda kifayət qədər ideyası, rəqib müdafiəsini çaşdıracaq həll yolları görünmür.
Ervins Perkonsun gəlişindən sonra müəyyən müsbət məqamlar olsa da, hələlik ciddi dəyişiklikdən danışa bilmərik. Baş məşqçinin işi yalnız komandanı ayrı-ayrı oyunlara hazırlamaq deyil, eyni zamanda futbolçulara sabit oyun vərdişi qazandırmaqdır. “İmişli”nin indiki çıxışında isə bu sabitlik hiss olunmur.
Maraqlıdır ki, “İmişli” artıq güclü rəqibləri büdrədə biləcəyini də göstərib. Böyük komandalara çətin anlar yaşadan Aran təmsilçisinin əsas problemi bunu hər tur təkrarlaya bilməməsidir. Bir tur ümidverici oyun sərgiləyən komanda növbəti turda gözləntilərin altında qalır. Əsas məsələ nəticələrdə və oyunlarda stabilliyi qorumaqdır ki, "İmişli" də bu mərhələyə çata bilmir.
Akif ƏHMƏDOV




Fikirlərini bizimlə bölüş!